Vətəndaş Həmrəyliyi Partiyasının sədri, İstiqlalçı deputat,
millət vəkili Sabir Rüstəmxanlı Müstəqilliyin Bərpası Günü ilə
bağlı Azərbaycan xalqını təbrik edib.
VHP mətbuat xidmətindən "Axar.az"a daxil olan mətndə millət
vəkili bildirir:
"Əziz soydaşlarım!
Sizləri 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü
münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
1991-ci ilin 18 oktyabr günü xalqımızın həyatında müstəsna
əhəmiyyətə malik bir gün kimi tarixləşdi. Məhz həmin gün illər öncə
başlayan Milli Azadlıq hərəkatı öz hədəfinə çatdı və dövlətimizin
müstəqilliyi bərpa olundu.
Müstəqilliyin bərpası uğrunda xalq hərəkatı geniş mənada 1988-ci
ildən açıq müstəviyə keçsə də, bu böyük yolu yalnız 3 illə
məhdudlaşdırmaq olmaz. 1920-ci il aprel işğalından sonra Xalq
Cümhuriyyətinin müstəqillik ideyasını xalqın yaddaşında yaşadan və
bu yolda həyatını itirən minlərlə ziyalımızın, fikir adamının
mübarizəsinin nəticəsidir ki, milli şüur daim yaşadı və 80-ci
illərdə böyük bir axına çevrildi. Bu mənada "İstiqlalçı deputatlar"
adı ilə ümumiləşdirilən 43 ziyalı bu yolda canından keçmiş
sələflərinin, ümumilikdə xalqın imzasını öz imzalarında
tarixləşdirdilər. Ona görə də imzalarımızın görünməyən, amma daha
dərin kökündə həm də Almaz İldırımın, Hüseyn Cavidin, Mikayıl
Müşfiqin, Bəkir Çobanzadənin… və əlbəttə ki, ömrünün sonuna qədər
azadlıq mübarizəsini davam etdirən və üçrəngli bayrağımızın bir
daha enməyəcəyinə hər zaman inanan Məhəmməd Əmin bəyin və
silahdaşlarının dərkənarı simvollaşıb.
Ömrünü dövlətin azadlığı və müstəqilliyinə həsr etmiş, bu yolda
bütün təzyiqlərə, çətinliklərə, ölüm hədələrinə sinə gərmiş bizlər
və rus işğalı nəticəsində tarixdə görünməmiş repressiyalar,
sürgünlər, saxtakarlıqlar yaşamış Azərbaycan xalqı üçün müstəqillik
xoşbəxtliyini sözlə ifadə etmək mümkün deyil.
Heç də hər ziyalıya, ömrünü xalqının yolunda əridən
ictimai-siyasi xadimə dövlətinin müstəqilliyini görmək nəsib olmur.
Xoşbəxtəm ki, Tanrı dövlətimizin müstəqilliyinin bərpasına imza
atanlardan biri olmağı mənim taleyimə yazmışdır.
Müstəqilliyin Bərpası Günü Azərbaycan üçün, yeni nəsil üçün
önəmli və şanlı bir tarixi gündür; ancaq o günün şahidləri və
iştirakçıları üçün bütün hiss və həyəcanları, sevinci-kədəri,
ağrı-acısı, xoşbəxtliyi ilə ürəyimizdə yaşayan, heç vaxt Dünənə
çevrilməyəcək Canlı və Diri Gündür. Ömrünü o günü görmək arzusu ilə
yaşayanlar hər məsələyə məhz O Günün ucalığından baxırlar.
Əziz soydaşlarım!
Bir daha sizlərin hər birinizi Müstəqilliyin Bərpası Günü
münasibətilə təbrik edir, müstəqilliyimizin, azadlığımızın əbədi
olmasını arzulayıram".