Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
rəhbəri, akademik Ramiz Mehdiyevin "Şərq-Qərb" nəşriyyat evində
yenicə çapdan çıxmış "Ermənilərin mif yaradıcılığı tarixdə ilk
xristian dövləti kontekstində" kitabı ümummilli lider Heydər
Əliyevin "Tarix həmişə hər şeyi öz yerinə qoyur" sözləri ilə
açılır.
AzərTac xəbər verir ki, kitabın əvvəlində müəllif "mif"
anlayışını, miflərin sosial mahiyyətini ətraflı izah edir, bu
mövzuya həsr olunmuş fundamental fəlsəfi əsərlərin A.Losev və
D.Çijevski kimi müəlliflərinin fikirlərindən sitatlar gətirir.
Akademik Ramiz Mehdiyev yazır: "Miflər aləmi praktiki təcrübə
məntiqinə tabe olmur. Məhz bu səbəbdən miflərə çox vaxt etnosun
mənşəyini izah etmək üçün müraciət olunur. Bu, mifoloji təfəkkürün
tarixi ümumiləşdirmələrə gəlişinin nəticəsidir. Ümumiləşdirici
təfəkkürün sonrakı inkişafı ilə əlaqədar olaraq mifoloji şüurun
artıq başqa pilləsi yaranır. Çox vaxt o, etnosu yaratmış "vahid
ata" deyilən varlıq haqqında təsəvvürlər dərəcəsinə çatır".
Müəllif qeyd edir ki, miflərin müxtəlif aspektlərini, o cümlədən
onun fəlsəfəsini öyrənən ciddi bir elm - mifologiya elmi mövcuddur,
lakin mifologiya ilə yanaşı, "mifolojiləşdirmə" də vardır.
Mifolojiləşdirməni, yəni xalqın yaratdığı mifləri siyasi
texnoloqların və siyasətbazların effektiv aləti olan süni
mifolojiləşdirmədən fərqləndirmək lazımdır.
Ermənin Apostol kilsəsi, erməni diasporu, siyasi elita, ideoloqlar
və "tarixçilər" birlikdə dünya ermənilərini miflər aləmində
saxlamaqda davam edir. Akademik bunları nəzərə alaraq, mötəbər
mənbələrdən, o cümlədən erkən xristianlığın tarixindən, habelə
erməni mənbələrindən gətirilən təkzibedilməz tarixi dəlillər
əsasında sübut edir ki, ermənilərin xristianlığı dövlət
səviyyəsində birinci olaraq qəbul etmələri barədə dedikləri
uydurmadan başqa bir şey deyildir.
Tarixçilər çoxdan eyni fikrə gəliblər ki, xristianlığa üz tutan
ilk monarx aramidilli Osroyenanın hökmdarı, eramızdan əvvəl 4-cü
ildən bizim eranın 7-ci ilinə qədər, sonra isə bizim eranın
13-50-ci illərində hakimiyyətdə olmuş Edessa çarı V Abqardır.
Kitabda bu çarlığın bütün hökmdarlarının siyahısı xronoloji
ardıcıllıqla verilib. Osroyenanın xristianlığı birinci olaraq qəbul
etməsini S.Moffet, U.Smit, Artur MakQiffert, Samuel Çetham, Ceyms
Hastinq və bir çox başqaları təsdiq edirlər. Akademik Ramiz
Mehdiyevin kitabında bu tarixçi və ilahiyyatçıların fikirlərindən
iqtibaslar gətirilir. Məsələn, kitabda alman tarixçisi və
ilahiyyatçısı Adolf fon Harnakın aşağıdakı sözləri sitat gətirilir:
"...Şübhə yoxdur ki, xristianlıq hələ 190-cı ilə qədər bütün
Edessada (Osroyenanın paytaxtı) və ona bitişik vilayətlərdə fəal
yayılırdı və kilsəni (yəni, xristianlığı) çar sarayı da (201-ci
ildən az sonra və bəlkə daha əvvəl) qəbul etmişdi".
Kitabda tarixçi C.Seqalın bu fikrinə də istinad edilir: "III
əsrin əvvəlində Edessanın əsas məhəlləsində kilsə vardı, hərçənd,
ola bilsin ki, əhalinin əksəriyyəti hələ bütpərəst olaraq qalırdı.
Lakin bir əsrdən sonra xristianlıq bu şəhərdə nəinki hakim etiqada
çevrildi, hətta İncilin yayılması tarixi xristian dünyasında çox
populyar oldu. Edessa xristianlığı rəsmi din kimi qəbul etmiş ilk
çarlıq sayılır".
Akademik Ramiz Mehdiyev onu da sübut edir ki, ermənilər
tərəfindən "özəlləşdirilmiş" Sanatruk və I Tiridat əslində mənşə
etibarı ilə sözün müasir anlamında erməni olmayıblar. Üstəlik,
Sanatruk tarixə xristianlığın qatı düşməni kimi düşüb.
Müəllifin fikrincə, erməni təbliğatçıların bu sahədə məlumatı
olmayan insanları qismən çaşdırmağa nail olmaları bununla bağlıdır
ki, aramidilli edessallılar assimilyasiyaya uğrayaraq tarix
səhnəsini tərk ediblər. Sonda akademik Ramiz Mehdiyev bu qənaətə
gəlir ki, vicdanlı tarixçilər ermənilərin xristianlığı birinci
qəbul etmiş xalq şöhrətini öz adlarına çıxmalarına imkan
verməzlər.