21:04
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 17-də Daşkəsən rayonuna səfərə gəlib.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Dövlətimizin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva
əvvəlcə ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin
mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi
qoydular.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev
Azərbaycan Prezidentinə burada görülən abadlıq işləri barədə
məlumat verdi.
***
21:59
Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva Daşkəsəndə Heydər Əliyev
Mərkəzinin açılışında iştirak ediblər.
Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında,
respublikanın hərtərəfli inkişafında müstəsna xidmətləri olan
ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi
məqsədilə respublikamızda çox mühüm tədbirlər görülür. Bu tədbirlər
sırasında dahi şəxsiyyətin adını daşıyan, onun siyasi irsinin
öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən mərkəzlərin rolu
böyükdür. İndi bu cür mərkəzlər paytaxtla yanaşı, bölgələrdə də
inşa olunur. Bu mərkəzlərdən biri də Daşkəsən rayonunda
tikilib.
Bu Mərkəz Daşkəsənin görkəminə xüsusi gözəllik verir. Mərkəzdəki
foto və eksponatlar bir daha sübut edir ki, Azərbaycanın tənəzzül
dövründən yüksəliş mərhələsinə qədəm qoyması və hazırkı hərtərəfli
inkişafı, beynəlxalq nüfuzunun artması məhz ulu öndər Heydər
Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə
bağlıdır. Bu cür mərkəzlər Azərbaycanın Heydər Əliyev irsinə
əsaslanan davamlı inkişaf konsepsiyasının mahiyyətinin aydın
şəkildə öyrənilməsinə real zəmin yaradır.
Mərkəzin birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin
büstü qoyulub. Buradakı ekspozisiya zalında Ulu Öndərin həyat və
fəaliyyəti ilə bağlı sənədlər böyük maraq doğurur. Fotostendlərdə
Ümummilli Liderin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət
Təhlükəsizlik Komitəsində işlədiyi dövr, hakimiyyətdə olduğu
illərdə bölgələrə etdiyi səfərlər əks olunub. Bu fotolardan da
görünür ki, Ümummilli Lider hər zaman əhalinin rifahını diqqət
mərkəzində saxlayıb, onun regionlara səfərlərinin də əsas məqsədi
ölkəmizdəki inkişafı hər bir soydaşımızın həyatına daxil etmək idi.
Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin tarixinin
intensiv inkişaf mərhələsi olub. Respublikamızda mükəmməl
idarəçilik məktəbini yaradan Heydər Əliyevin görkəmli
ictimai-siyasi xadim kimi tanınmasında onun Azərbaycana, ölkəmizin
timsalında regiona, nəticə etibarilə dünyaya sülh, sabitlik,
davamlı inkişaf və harmoniya gətirməklə gördüyü böyük işlər mühüm
rol oynayıb.
Məlumat verildi ki, Mərkəzdə gənclərin müasir texnoloji
yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və
bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil
ediləcək. Bunun üçün internet sinfi, elektron kitabxana və
kompyuter mərkəzi qurulub. Məktəblilərin Azərbaycanın zəngin
tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər də mövcuddur.
Burada, həmçinin rəsm studiyası və xalçaçılıq kursları da fəaliyyət
göstərəcək.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva oktyabrın 17-də Daşkəsən Rayon İcra
Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış
olublar.
Son illərdə Azərbaycanın bütün bölgələri sürətli inkişaf dövrünü
yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində
rayonların iqtisadiyyatı daha da möhkəmlənir, əhalinin yaşayış
səviyyəsi yaxşılaşır. Bölgələrdə geniş abadlıq və quruculuq işləri
aparılır. Prezident İlham Əliyevin sərəncam və göstərişləri
əsasında regionlarda həyata keçirilən quruculuq işləri hər bir
bölgənin inkişaf strategiyasına uyğun aparılır. İndi bütün
regionlarda səngiməyən abadlıq-quruculuq işləri ölkəmizin kompleks
inkişafını təmin edir. Bu sırada son illərdə Daşkəsən rayonunda
görülən işlər də diqqəti cəlb edir.
Rayonda icra hakimiyyəti üçün yeni tikilən inzibati binada
yaradılan şərait bir məqamı təsdiqləyir ki, ölkədə dövlət
idarəçiliyi sisteminin təkmilləşdirilməsi daim diqqət
mərkəzindədir. Bundan başqa, müasir memarlıq üslubunda inşa olunan
həmin bina Daşkəsənin görkəminə də xüsusi gözəllik verir. Üç
mərtəbədən ibarət bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz
edilib. Binadakı otaqların hamısı müasir tələblər səviyyəsində
qurulub.
Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Binada ulu
öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin
tərəqqisi naminə çoxşaxəli fəaliyyətlərini əks etdirən fotoguşələr
yaradılıb. Fotoguşələrdə ümummilli lider Heydər Əliyevin və
Prezident İlham Əliyevin Daşkəsən rayonunda müxtəlif tədbirlərdə
iştirakını əks etdirən şəkillər də böyük maraq doğurur.
Dövlətimizin başçısı otaqlarda yaradılan şəraitlə tanış
oldu.
Məlumat verildi ki, otaqların hamısı müasir tələblər
səviyyəsində qurulub, burada bütün texniki imkanlar yaradılıb. Bu
da icra strukturunun işinin daha mükəmməl qurulmasına, rayon icra
hakimiyyəti əməkdaşlarının səmərəli fəaliyyətinə geniş imkan
yaradır.
Akt zalında tədbirləri yüksək səviyyədə keçirmək üçün hər cür
şərait yaradılıb. Binada kitabxana, iclas və konfrans zalları var.
Operativ idarəetmə otağı vasitəsilə sakinlər inzibati binaya
gəlmədən onları narahat edən problemlərlə əlaqədar icra
hakimiyyətinin məsul şəxsləri ilə birbaşa videoəlaqə yarada
biləcəklər. Artıq rayonun bütün icra nümayəndəlikləri şəbəkəyə
qoşulub. İcra hakimiyyətinin binası, eyni zamanda, şəhərin simasına
yeni görkəm verir. Binanın yerləşdiyi ərazidə geniş yaşıllaşdırma
işləri aparılıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva oktyabrın 17-də Daşkəsəndə yeni avtovağzal
kompleksinin açılışında iştirak ediblər.
Azərbaycan Prezidentinin yürütdüyü siyasətin mühüm hədəflərindən
biri də ölkəmizin hər yerində yol-nəqliyyat sisteminin
müasirləşdirilməsidir. Bu sırada yeni yaradılan avtovağzalların da
xüsusi rolu var. Yeni və müasir səviyyədə inşa edilən bu nəqliyyat
obyektlərinin sırasına daha biri əlavə olunub. Daşkəsəndə tikilən
yeni avtovağzal ən müasir tələblər səviyyəsindədir.
Prezident İlham Əliyev avtovağzalın rəmzi açılışını bildirən
lenti kəsdi.
Dövlətimizin başçısına məlumat verildi ki, müasir memarlıq
üslubunda inşa olunan avtovağzalın tikinti sahəsi 500
kvadratmetrdir. Ərazisi bir hektara yaxın olan avtovağzal
kompleksinin tikintisinə 2013-cü ilin martında başlanılıb və bu
ilin oktyabrında başa çatdırılıb.
Qeyd olundu ki, binada sərnişinlərin istirahəti üçün lazımi
şərait yaradılıb. Burada ulu öndər Heydər Əliyevin və Prezident
İlham Əliyevin ölkəmizdə nəqliyyat sisteminin inkişafı naminə
çoxşaxəli fəaliyyətlərini əks etdirən fotoguşələr yaradılıb.
Avtovağzalın gözləmə salonunda hər cür imkanlar mövcuddur.
Burada ana və uşaq otağı da var. Kompleksdə sərnişinlərin
əşyalarının saxlanması üçün kameralar yaradılıb. Dispetçer otağı da
yüksək səviyyədə xidmət üçün müvafiq şəraitə malikdir.
Daşkəsəndə son illər görülən işlər buraya turistlərin axınını
sürətləndirib. Yeni avtovağzalın inşası isə rayona gələn
turistlərin də rahatlığını təmin edəcək.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva oktyabrın 17-də Daşkəsəndə Gənclərin Təlim
və İstirahət Mərkəzinin açılışında iştirak ediblər.
Ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində
çoxşaxəli tədbirlər görülür. Ümummilli lider Heydər Əliyevin adı
ilə bağlı olan dövlət gənclər siyasəti uğurlu nəticələrlə yadda
qalıb. 2005-2009-cu illəri əhatə edən Azərbaycan Gəncliyi Dövlət
Proqramı bu proseslərdə çox mühüm rol oynayıb. Hazırda həyata
keçirilən "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət
Proqramı bu tədbirlərin məntiqi davamıdır.
Ölkəmizdə artıq gənclər siyasəti ilə bağlı müxtəlif beynəlxalq
tədbirlər də keçirilir. Oktyabrın 28-30-da Bakıda keçiriləcək
Gənclər Siyasəti üzrə birinci Qlobal Forum bunun əyani sübutudur.
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi
çərçivəsində baş tutacaq tədbirdə dünyanın 160 ölkəsindən parlament
nümayəndələrinin, gənclər siyasətinə məsul şəxslərin, gənclər
təşkilatları rəhbərlərinin və digər rəsmilərin iştirakı gözlənilir.
Forumun 5 əsas tərəfdaşı Avropa Şurası, UNESCO, BMT-nin İnkişaf
Proqramı, BMT-nin gənclər siyasəti üzrə elçisi və Azərbaycan
hökumətidir. Qeyd edək ki, BMT-nin baş katibi Pan Gi Mun ikinci
dəfə bu vəzifəyə seçilərkən təqdim etdiyi 5 əsas istiqamətdən
birinin gənclər siyasəti olduğunu vurğulamışdı.
Azərbaycan gənclər siyasətini dəstəkləyən və müxtəlif layihələri
təqdim edən ölkələrdən biri olub. Bu gün, həmçinin ölkəmizdə
gənclərin vətənpərvərlik, dövlətçilik prinsiplərinə, həmçinin
tarixi-mədəni keçmişimizə, milli mənəvi dəyərlərə rəğbət ruhunda
tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd təbii
ki, onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni
həyatında yaxından iştirakına stimul verməkdir. Prezident İlham
Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq gənclərin
intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə
regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində
məqsədyönlü layihə və proqramlar həyata keçirilir. Ölkəmizin
bölgələrində müasir tələblərə cavab verən sosial infrastruktur
obyektləri və gənclər mərkəzləri, o cümlədən Daşkəsəndə Gənclərin
Təlim və İstirahət Mərkəzinin yaradılması da bu məqsədə xidmət
edir.
Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti
kəsdi.
Məlumat verildi ki, ərazisi 2250 kvadratmetr olan mərkəz
respublikada ən böyük gənclər mərkəzlərindən biridir. Mərkəzin
foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin
ictimai-siyasi fəaliyyətlərinin müxtəlif məqamlarını, həmçinin
gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr
yaradılıb. Binanın birinci mərtəbəsində stolüstü oyunlar zalı və
kafe bütün lazımi avadanlıqla təchiz olunub. Video-studiyada ən son
texnologiyalar quraşdırılıb. Burada gənclərin müxtəlif növ
verilişlər hazırlamaq imkanı olacaq.
Bildirildi ki, Mərkəzin yaradılmasında əsas məqsəd yeniyetmələr
arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı
təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə
çıxarılmasıdır.
Prezident İlham Əliyevə məlumat verildi ki, binanın ikinci
mərtəbəsində mehmanxana fəaliyyət göstərəcək. Burada həm təlim
keçən gənclərin, həm də idmançıların rahat istirahəti üçün hər cür
şərait yaradılıb. Mərkəzdə kompyuter bilikləri və xarici dil üzrə
xüsusi kursların təşkili də planlaşdırılır.
Konfrans zalı müasir üslubda yaradılıb. Burada müxtəlif
mövzularda "dəyirmi masa"lar keçirmək mümkün olacaq. Yaradıcılıq
mərkəzində gənclər həm sənət öyrənəcəklər, həm də onların əl işləri
sərgilənəcək.
Prezident İlham Əliyev açıq havada quraşdırılan idman qurğuları ilə
də tanış oldu. Burada futbol, basketbol və voleybol meydançaları
var.
Dövlətimizin başçısına məlumat verildi ki, kompleksdə 6 kottec
inşa olunub. Burada da istirahət üçün hər cür şərait yaradılıb.
Dövlətimizin başçısı görülən işlərdən razılığını bildirdi,
tapşırıq və tövsiyələrini verdi.