Ana səhifə Gündəm |
Rusiya tərəfi Ermənistana, Ermənistanın indiki hakimiyyəti də Rusiyaya etibar etmir. Bu ziddiyyətlər də məhz bu amildən qaynaqlanır.
Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun bu bəyanatı havadan götürdüyünü demək mümkün deyil:
“Yuri Uşakov Rusiya Prezidentinin köməkçisi kimi kifayət qədər yüksək vəzifə daşıyıcısıdır. Yəni o, birbaşa xarici siyasətə cavab verən şəxsdir. Prezidentin köməkçisi kimi də şübhəsiz ki, onun açıqlamaları Rusiya prezidentinin mövqeyini ifadə edir. Əgər Paşinyan tərəfindən belə bir zəng olmasaydı, bu cür açıqlama da ortaya çıxmayacaqdı. Bu halda Paşinyanın da, onun mətbuat katibinin də yalan danışdığı ortadadır. Onu da bununla əsaslandırıram ki, Paşinyan hazırda bu məsələni öz mövqelərinə təhlükə hesab edir”.
Analitik vurğulayıb ki, Zaxarovanın bu məsələ ilə bağlı açıqlaması da bu baxımdan diqqət çəkir:
“Bəlli olur ki, Paşinyan həqiqətən də belə bir xahiş edib və Rusiyanın Xarici İşlər Nazirliyinin təmsilçisi də məhz onun xahişini ictimai rəyə çatdırdı. Paşinyanın və onun mətbuat katibinin belə bir xahiş etmədiyini bildirməsi ondan xəbər verir ki, bu bəyanat onun seçkiöncəsi apardığı təbliğat üçün faydalı deyil. Özünün etdiyi xahiş barədə açıqlamanın gündəmə gəlməsinin ona ziyan vuracağını düşünür. Çünki bu o anlama gəlir ki, Ermənistan KTMT-dəki mövqelərini tamamilə itirib. Onun digər məsələ ətrafında müzakirə aparmaq imkanı yoxdur. Bu məsələyə də yenidən qayıdılmayacaq. İnidki şəraitdə Paşinyan sadəcə seçkiləri, yəni, özünün hakimiyyət maraqlarını əsas götürərək, bu məsələnin gündəmə gəlməməsini istəyir. Ola bilsin ki, bu xahişin ictimaiyyətə açıqlanması Rusiya tərəfindən məqsədyönlü şəkildə edilib. Düşünmürəm ki, bu təsadüfi şəkildə verilən açıqlamadır”.
Analitik qeyd edib ki, Paşinyanın belə bir xahiş etməsi, sonradan da bunu təkzib etməsi tamamilə mümkündür:
“Çünki onun bu günə qədər olan davranışlarında da oxşar elementlər nəzərə çarpıb. Şübhəsiz ki, bu qarşılıqlı etmadsızlığın nümunəsidir”.
Qeyd edək ki, Ermənistanın baş nazir əvəzi N.Paşinyan seçkiqabağa təbliğat mitinqində Rusiya Prezidenti Putinin ona KTMT-nin 6 dekabr Sankt-Peterburq zirvəsini təxirə salmaq təklifi etdiyini bildirmişdi. Bunun ardınca isə Rusiya liderinin köməkçisi Y.Uşakov Ermənistanda 9 dekabrda keçiriləcək parlament seçkiləri səbəbindən məhz İrəvanın xahişi ilə KTMT liderlərinin sözügedən sammitinin təxirə salındığını açıqladı.
N.Paşinyanın mətbuat katibi A.Yeqoyanın Paşinyanın KTMT toplantısının təxirə salınması üçün xahiş etmədiyini bildirməsinin ardınca isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova sərt reaksiya verdi. Zaxarova bildirdi ki, Rusiya Prezidentinin köməkçisinin sözlərini təsdiq etməyə ehtiyac yoxdur, ancaq Paşinyanın mətbuat katibinin sözlərinin forma və məzmunu narahatlıq yaradır.
Tarix
2018.12.07 / 08:30
|
Müəllif
Firuzə Vahidqızı
|