"Fransa Şotland variantını təklif edib".
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli
prezidentlərin Paris görüşünü şərh edərkən dedi. Onun sözlərinə
görə, Fransa Böyük Sülh Sazişi fonunda Şotland variantını təklif
edib:
"Sazişin şərtlərinə əsasən, birinci növbədə Böyük Sülh Sazişinin
içi doldurulana, yəni bütün müddəalar razılaşdırılana qədər
müharibə variantı istisna edilməlidir. Yəqin ki, burada 7 rayonun
Azərbaycana qaytarılması əsas şərtlərə daxil edilə bilər. Ən
mübahisəli məsələ isə Dağlıq Qarabağın statusunun müəyyən
olunmasıdır. Status mövzusunda Fransa "Şotland variantını" təklif
edib. Bu varianta görə, referendum yolu ilə Qarabağa yüksək
muxtariyyət verilməlidir. Bu təklif Azərbaycanın tərkibində yüksək
muxtariyyət verilməsini nəzərdə tutur. Hər halda, bu baş verərsə,
Azərbaycanın ərazi bütövlüyü həll oluna bilər. Amma ermənilərin
bunu qəbul edəcəyini və ya Azərbaycanın məsələni yalnız sülh yolu
ilə həlli variantını qəbul edəcəyini demək bir qədər tezdir".
Politoloqun sözlərinə görə, Ermənistanın referendum adı ilə
Qarabağın müstəqilliyini elan etmək təhlükəsi də var:
"Daha sonra referendum variantı da var. Ermənistan şərtlərə
Dağlıq Qarabağın referendum keçirmək hüququna malik olması
müddəasının salınmasını istəyir. Bu çox təhlükəli tendensiyalardan
biridir. Belə olacağı təqdirdə ermənilər bu fürsətdən istifadə
edərək seçkiləri "Şotland variantı" adlandıraraq referendum keçirib
Dağlıq Qarabağı müstəqil elan edə bilər. Düzdür, qaçqınların öz
yurduna qaytarılması, bölgəyə sülhməramlı qüvvələrin yeridilməsi və
bir sıra başqa müddəalarin gerçəkləşməsi realdır. Amma Azərbaycanın
istəyi problemin ərazi bütövlüyü çərçivəsində həll olunmasıdır. Hər
halda, Böyük Sülh Sazişinin imzalanması müharibənin birdəfəlik
aradan qaldırılmasını, tərəflərin razılığa gəlməsini özündə ehtiva
edir".
Uzun müddət Rusiyanın problemin açar rolu oynadığını deyən
politoloq şimal qonşumuzun problemin həllində dəfələrlə vədlər
verdiyini, lakin bu vədlərin problemin həlli yolunda heç vaxt
gerçəkləşmədiyini dedi:
"Hazırda Qərblə Rusiya arasında bu məsələnin həlli istiqamətində
ciddi yarış gedir. Uzun müddət bu məsələnin inhisarı, yəni açar
rolu Rusiyaya məxsus idi. Rusiya daha çox vədlər versə də,
təəssüflər olsun ki, sonda verdiyi vədlərin heç birini yerinə
yetirmədi və üstəlik problemi daha da mürəkkəbləşdirən addımlar
atdı. Məsələn, avqust hadisələrinin təhrikçisinin Rusiya olduğu
deyilir. Belə olan şəraitdə hansı tərəfin yaxşı olmasını demək çox
çətindir. Amma hər halda Azərbaycan hər iki tərəfin mövqeyindən
istifadə etməlidir. Çünki Rusiya da həmsədr dövlətdir. Yəni
bunlardan birinin təcrid edilməsi işin xeyrinə olmazdı. Azərbaycan
Minsk Qrupunun həmsədr dövlətləri arasında manevr etməyi və onların
hər üçünün rəğbətini qazanmağı bacarmalıdır. Yoxsa bir və ya iki
dövlətin inhisarı ilə bu məsələni həll etmək mümkün olmayacaq".