Yuxarı

ABŞ-ın Qarabağ mövqeyi: Yeni səfir nələri xatırlatdı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Senatda dinləmələr zamanı ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə namizəd Lin Treysi deyib ki, bizim Ermənistana qarşı siyasətimiz – qonşuları ilə sülh şəraitində yaşayacaq demokratik, çiçəklənən və müstəqil Ermənistanın gücləndirilməsi – dəyişməzdir. Lin Treysinin belə diplomatik açıqlaması Con Boltonun bir müddət öncə Ermənistana səfəri zamanı verdiyi bəyanatı xatırladır. Bolton da dolayısı yolla bildirmişdi ki, Qarabağ münaqişəsinin həllində Azərbaycanın xeyrinə irəliləyiş əldə olunmalıdır. Üstəlik Treysi Ermənistanın öz tərəfdaşlarını seçməli olduğunu da qeyd edib. Boltonun da açıqlamalarında bu məqama diqqət edilmişdi.

Məsələ ilə bağlı analitik Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Lin Treysinin indiki məqamda bu açıqlaması nədən qaynaqlanır?

- Ermənistanda keçirilən seçkidən dərhal sonra bu ölkəyə səfir təyin edilməsi faktı da, düşünürəm ki, diqqətdən yayınmamalıdır. Yeni səfirin fikirlərindən öncə ABŞ-ın Ermənistandakı keçmiş səfirinin öz postunda verdiyi sonuncu müsahibəsini də xatırlamaq lazımdır.

Riçard Mills “EVN Report”a müsahibəsində bildirmişdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycan qarşısında kompromisə getməli olacaq. Sitat: “Mən ilk dəfə bura gələndə ermənilərin böyük əksəriyyətinin danışıqlar prosesinin bir hissəsi kimi işğal olunan ərazilərin qaytarılmasına qəti olaraq qarşı olduğunu görəndə təəccübləndim. Ermənistanda mümkün güzəştlər barədə müzakirələrin aparılmaması məni təəccübləndirir. Lakin reallıq bundan ibarətdir ki, istənilən nizamlanma işğal olunan torpaqların müəyyən hissəsinin geri qaytarılmasını tələb edəcək”.

Yeni səfirin – Lin Treysinin fikirləri də əslində Riçard Millsin bəyanatının davamıdır. Şübhəsiz ki, bu fikirlər diplomatların subyektiv yanaşmaları deyil, ABŞ Dövlət Departamentinin rəsmi mövqeyidir. Onlar da bu rəsmi mövqeyi ifadə edir. Xanım Lin Treysinin ABŞ-ın Ermənistanla bağlı siyasətində “qonşuları ilə sülh şəraitində yaşayacaq” sözlərini bütün digər prioritet istiqamətlərdən öndə səsləndirməsi də Vaşinqtonun İrəvanla bağlı münasibətlərində məhz bu amilin əsas götürüləcəyini sübuta yetirir.

Eyni zamanda Lin Treysi Rusiya və keçmiş SSRİ üzrə mütəxəssisdir. Sonuncu iş yeri Dövlət Departamentində Rusiya üzrə baş məsləhətçi vəzifəsi olub. Bundan öncə isə qeyd etdiyim ardıcıllıqla ABŞ-ın Moskva, Aşqabad və Astanadakı səfirlərinin müavini vəzifəsini daşıyıb. Keçmiş SSRİ məkanını çox yaxşı tanıyır, rus dilini, mədəniyyətini mükəmməl bilir. Şübhəsiz ki, bütün bunlar yeni səfirin təyinatı ilə bağlı çox şeyi ifadə edir.

- Bundan sonra ABŞ-ın Ermənistan siyasətində dəyişikliklər olması gözlənilirmi?

- ABŞ-ın Ermənistan siyasətində baş verən dəyişikliklərin konturlarını bundan öncə də keçmiş səfir Riçard Millsin açıqlamasında, Con Boltonun regiona səfəri zamanı Azərbaycanda və Ermənistanda verdiyi bəyanatlarda görmək mümkün idi. Bir neçə gün öncə ABŞ-ın Ermənistandakı səfirliyinin öz ölkələrinin vətəndaşlarına müraciətini və bu müraciətdə Ermənistanda çox ciddi təhlükəsizlik problemlərinin olması barədə xəbərdarlığın yer almasını da diqqətdən qaçırmaq lazım deyil.

- Paşinyan qərbyönlü siyasəti davam etdirəcəyi halda gələcəkdə ABŞ-ın təsiri ilə Qarabağda yeni həll formulu irəli sürülə və gerçəkləşdirilə bilərmi?

- Rusiyanın iştirakı olmadan ABŞ bölgədə heç bir problemin həllinə nail ola bilməz. Bu, sadəcə, mümkün deyil. Paşinyanın açıq şəkildə qərbyönümlü siyasət yürütməsi də həmçinin... Ermənistanın Qərbə inteqrasiyası yalnız işğal faktına son qoyulmasından sonra baş tuta bilər. Şübhəsiz ki, bu da çox mübahisəli bir ehtimaldır. İndiki şəraitdə Ermənistan ya Rusiyanın iştirakı ilə müəyyən əlverişli güzəştlər nəticəsində işğala son qoymalı, ya da heç bir əlverişli iqtisadi və s. güzəştlər əldə etmədən geriyə çəkilməli və üzünü Qərbə tutmalıdır. Regionda çox ciddi proseslər gedir. Bölgənin taleyini yalnız buranın köklü və böyük xalqları həll edə bilər. Ermənistan bir tərəfdən Türkiyənin, digər tərəfdən Azərbaycan Respublikası, İran və Gürcüstan istiqamətindən Azərbaycan türklərinin əhatəsindədir. Az qala 130 milyon insanı əhatə edən bu etnosiyasi amili dəyişdirmək heç bir güc mərkəzinin imkanı daxilində deyil. Məhz bu səbəbdən də güc mərkəzləri bu və digər faktorlarla barışmaq məcburiyyətindədirlər. Ermənistan da həmçinin…

Tarix
2018.12.15 / 09:16
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla