Ana səhifə Gündəm |
Avrasiya İqtisadi İttifaqının zirvə toplantısının İrəvanda keçirilməsinə və Ermənistan Baş naziri Nikol Paşinyanın sammitdən öncə apardığı təbliğat kampaniyasına, hətta BMT Baş Assambleyasının kürsüsündən Rusiya-Ermənistan münasibətləri ilə bağlı səsləndirdiyi mübaliğəli fikirlərə baxmayaraq, gözlənilən nəticə əldə olunmadı.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. O bildirib ki, sammitdən əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Putinin İrəvana səfərinin rəsmi xarakter daşımadığını və yalnız zirvə toplantısında iştirak etmək üçün gedəcəyini söyləməsini, əslində, Nikol Paşinyanın ümidlənməməsi üçün verilən xəbərdarlıq xarakterli bəyanat kimi də dəyərləndirmək olar:
“İrəvan ənənəvi olaraq bu xəbərdarlığı da dəyərləndirə bilmədiyi üçün xəyal qırıqlığına uğradı və zirvə toplantısının ölkəsində keçirilməsi nəticə etibarilə Nikol Paşinyanın bacardığı ən yaxşı işlə - selfi çəkilişləri ilə yadda qaldı. Bundan öncə də Ermənistanın baş nazirinin ABŞ Prezidenti Donald Trampla görüşmək üçün göstərdiyi səylərin necə boşa çıxdığı, erməni diasporunun və lobbisinin apardığı genişmiqyaslı kampaniyanın da puça çıxdığı müşahidə olundu. Bütün bunlar hakimiyyətə küçədən gəlişi zamanı ətrafında ajiotaj yaradılan Nikol Paşinyanın beynəlxalq səviyyədə bir lider kimi qəbul olunmadığının, onun qondarma “demokrat” imicinin də iflasa uğradığının göstəricisidir.
Paşinyanın hakimiyyətdə olduğu qısa müddət ərzində istər ölkə daxilində atdığı addımlar, istər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı verdiyi ziddiyyətli bəyanatlar onun öhdəliklərinə sadiq qalmağı bacarmayan siyasətçi obrazını tam çılpaqlığı ilə ortalığa qoydu. Şübhəsiz ki, qlobal güc mərkəzlərinin liderlərinin belə bir şəxslə görüşmək istəməməsi təbii qəbul olunmalıdır. Paşinyanın dünyada qəbul olunmamasının səbəbi onun yürütdüyü qeyri-konstruktiv siyasət, bölgədə və dünyada mövcud olan reallıqları bilməməsi və ya nəzərə almamasıdır”.
E.Mirzəbəyli bildirib ki, Prezident İlham Əliyevin şəxsi nüfuzu və liderlik keyfiyyətləri nəticəsində Azərbaycan qlobal proseslərin müzakirə olunduğu ölkə statusunu qazanıb:
“Dünyanın aparıcı siyasi və hərbi güc mərkəzlərinin yüksək statuslu təmsilçilərinin Bakıda keçirilən görüşləri, Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən üçtərəfli və çoxtərəfli regional və subregional əməkdaşlıq platformaları da bunu sübuta yetirir. Prezident İlham Əliyevin dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasına dəvət olunması, habelə keçirilməsi nəzərdə tutulan çoxsaylı yüksək səviyyəli görüşlər də dövlətimizin başçısına dünyada olan böyük hörmətin göstəricisidir”.
Politoloqun sözlərinə görə, indiyədək Klubun işinə 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə heyəti qatılıb:
“O cümlədən Harvard, Kolumbiya, Corctaun, Stenford, Karlton, Sarbonna, London, Qahirə, Tehran, Tokio, Təl-Əviv və digər universitetlərin tanınmış professorları qatılıb. Finlandiya, Çexiya, Avstriya, Fransa, İtaliya, İran, CAR və digər ölkələrin prezidentləri və baş nazirləri “Valday” Klubunun qonağı olublar.
Həmçinin, Rusiya Prezidenti Vladimir Putin klub yarandığı vaxtdan hər il diskussiyaların iştirakçıları ilə görüşür və ətraflı fikir mübadiləsi aparır. Digər ölkələrin rəhbərləri bu tədbirlərə məhdud sayda dəvət olunurlar. Hazırda keçirilən tədbirdə də bir neçə ölkənin rəhbəri iştirak edir. “Valday” Klubu 2018-ci ildə bütün dünyanın diqqət mərkəzində olan Rusiya-Çin konfransının və Rusiya-İran dialoqunun təşkilatçısı olub. Ötən ilin iyun ayında klubun diskussiya meydanında məhz bu məqsədlə Rusiyaya səfər edən BMT-nin Baş katibi Antonio Quterreşlə görüş keçirilib”.
Tarix
2019.10.03 / 17:26
|
Müəllif
Mahir Ələkbərov
|