Yuxarı

Ev ölçüsünün fərqi yoxdur, sığorta pulu eynidir - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bildiyiniz kimi, gələn il yanvarın birindən etibarən daşınmaz əmlakını icbari sığorta etməyən şəxslərə cərimələr tətbiq olunacaq. Bu cərimələr isə ölkə ərazisindən asılı olaraq dəyişən sığorta haqqı ilə eynidir. Yəni Bakı şəhərində yaşayış evləri və mənzilləri olanlar 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yaşayan vətəndaşlar 40 manat, digər rayonlarda yaşayan vətəndaşlar isə 30 manat sığorta haqqı ödəməsələr, elə sığorta məbləği qədər cərimə ödəməli olacaqlar.

Məsələ ilə bağlı sığorta eksperti Xəyal Məmmədxanlının Axar.az-a müsahibəsini təqdim edirik:

- Daşınmaz əmlakın sığorta haqqı əmlakın ölçüsündən asılı olaraq dəyişə bilərmi?

- Əvvəlcə onu qeyd edim ki, daşınmaz əmlakın icbari sığortası çox əhəmiyyətlidir. Dünyanın heç bir ölkəsində bu qədər az sığorta haqqının qarşılığında vətəndaşa 25 min, 20 min və 15 min manat ödəmirlər. Evlərin ölçüsünə gəlincə isə sığorta haqqının miqdarında heç bir dəyişiklik olmayacaq. Yəni evlərin kvadrat metrindən və otaqlarının sayından asılı olmayaraq, sığorta haqqı Bakıda 50, Gəncə, Sumqayıt və Naxçıvan 40 və digər rayonlarda 30 manat olacaq. Vətəndaşlar bu sığorta haqqını əvvəlcədən, tam şəkildə ödənməlidir.

- Sizcə, hansısa bir hadisə zamanı 50 min manatlıq evi olan şəxslə yarım milyonluq evi olan şəxsə eyni sığorta məbləğinin ödənilməsi nə dərəcədə doğrudur?

- Düzdür, bu məsələdə vətəndaşlar arasında narazılıq ola bilər. Düşünə bilərlər ki, əmlakı 1 milyondur və 25 min manat onun üçün kifayət deyil. Bu zaman vətəndaş 1 milyonluq və ya daha bahalı evi varsa, icbari sığorta ilə yanaşı, könüllü qaydada sığorta etdirə bilər. Yəni vətəndaşın istəyindən asılı olaraq, əmlakını daha yüksək məbləğ üçün sığortalaya bilər. Təbii ki, 1 milyonluq ev üçün 25 min manat kifayət deyil. Amma vətəndaş da yüksək məbləğ istəyirsə, o zaman bunun müqabilində ən az 2000 manat sığorta haqqı ödəməlidir. Daşınmaz əmlakın icbari sığortası üçün ödənilən məbləğ ilk növbədə əmlaka dəyə biləcək ilkin zərərləri əhatə etməyə kifayət edir. Çünki nadir hallarda ola bilər ki, vətəndaşın daşınmaz əmlakı tamamilə yararsız vəziyyətə düşsün. Əksər hallarda evləri ya su basır və yaxud da müəyyən kiçik hadisələr olur. Onu da icbari sığortanın məbləği ödəməyə imkan verəcək.

- Bəs daşınmaz əmlakın icbari sığortası ilə bağlı hansısa şərtlərin dəyişməsinə ehtiyac varmı?

- Qərarda müəyyən problemlər var, daha sadədir. Onu təkmilləşdirmək də olar. Lakin sığorta eksperti kimi hesab edirəm ki, sadədən mürəkkəbə doğru getmək lazımdır. Öncə bunu bir neçə il tətbiq etmək və vətəndaşlarda sığorta təcrübəsi formalaşdırmaq lazımdır. Zamanla bu sahədə hansısa problemlər ortaya çıxarsa, dəyişikliklər təklif edilə bilər. Necə ki, avtomobillərin sığortası ilə bağlı tez-tez dəyişiklər edilir, eləcə də daşınmaz əmlakın icbari sığortasında da dəyişikliklər ola bilər.

- Bu gün istər avtomobil, istərsə də digər sığorta məsələləri ilə bağlı vətəndaşlarla sığorta şirkətləri arasında müəyyən problemlərə rast gəlirik. Necə düşünürsünüz, ölkədə fəaliyyət göstərən sığorta şirkətləri bu gün daşınmaz əmlakın sığortası ilə bağlı məsələləri həll etmək gücündədirmi?

- Bu qərar hələlik tam tətbiq olunmadığı üçün problem də müşahidə edilmir. Məsələn, 1 il sonra ola bilər ki, qərara digər risklər də əlavə edilsin və ya yaxud da sığorta haqqı sığorta ödənişləri üçün kifayət etməsin və sığorta haqqı qaldırılsın və ya əksinə. Elə bir sahə yoxdur ki, orada hansısa məsələ ilə bağlı işlər görülsün və problemlər ortaya çıxmasın. Təbii ki, problemlər olacaq və onların həlli üçün tənzimləmələr də tətbiq ediləcək. Amma əvvəlcə qərarın tətbiqinə başlanılmalıdır və hesab edirəm ki, bu prosesin tamamlaması da ən azı 1 il çəkəcək. Bu gün İcbari Sığorta Bürosunun iştirakçısı olan 12 sığorta şirkətinin bu sığorta növü üzrə müqavilə yazmaq ixtiyarı var. Vətəndaşlar bu şirkətlər arasından istədikləri sığorta şirkətini seçməkdə sərbəstdirlər. Onu da qeyd edim ki, bu gün mənzillərə xəbərdarlıq göndərilir ki, sığorta etməyənlər cərimə olunacaq. Bunu hansısa dövlət orqanları və ya qurumlar etməyib. Sadəcə sığorta şirkətləri özləri qərardan çıxarış edərək, binalarda vətəndaşlara xatırlatma edirlər. Bu, o demək deyil ki, yanvarın 1-dən hamı cərimələnəcək. Çünki təkcə Bakı və Abşeronda yarım milyondan çox sənədsiz tikili var. Onların nə sığortalanmasından, nə də cərimələnməsindən söhbət gedə bilər. Hazırda sistemin elektronlaşdırılması ilə bağlı aidiyyəti qurumlarda işlər görülür. Yalnız bütün baza elektronlaşdırılandan sonra rahatlıqla bilinəcək ki, filan vətəndaşın mənzili var, amma sığortası yoxdur. Dərhal o vətəndaşa onlayn olaraq cərimə yazıla bilər. Bu səbəbdən vətəndaşlar cərimələnmələrini gözləmədən əmlaklarını sığortalamalıdırlar.

Tarix
2019.12.06 / 08:45
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İshaq Hersoq Bakıya 3 nazir, 100 nümayəndə ilə gəlir

Şuşa şəhərinin işğaldan azad olunmasından 4 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

XİN-dən Zəfər Günü paylaşımı: Bunu arzulayırıq!

Qafarova ilə görüş barədə xəbəri gözləyirəm - Simonyan

Bakı ilə sazişi oxumamışam, amma dəstəkləyirəm - Qalyan

Tramp əmr verdi: Türk ordusunun önündən çıxın! - Video

Azərbaycana qarşı təxribat hazırlanır - Video

Şarl Mişel Bakıya gəlir

Türk fermer Qarabağ zəfərini belə təbrik etdi - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla