Şəmkirin keçmiş icra başçısı Aslan Aslanov "Lamiyə
işi"ndə çırmanıb. Sabiq başçı mediada öz mövqeyini işıqlandırmaq və
bu prosesdə daha üstün görünmək üçün hərəkətə keçib.
Əvvəlcə, A.Aslanov ANS-ə verdiyi açıqlama ilə ona aid ittihamlara
son qoyulacağını, yaxasını kənara çəkə biləcəyini hesablamışdı.
Lakin tam tərsinə - suallar, ittihamlar ona ünvanlanmaqdadır.
Aslanov isə cavab olaraq mediada öz mövqeyini gücləndirmək üçün
əks-hücuma keçib.
***
Axar.az-a mötəbər qaynaqdan verilən xəbərə görə, əks-hücumun ilk
həmləsi də oğlunun qatili Lamiyə Quliyevanın anasının adından
müsahibə yaydırmasıdır. Əgər Lamiyənin anası Kifayət Quliyeva
musavat.com-a
açıqlama verməsəydi, hələ də azvision.az-da dərc olunmuş "müsahib"
- Ulduz Quliyeva onun valideyni olaraq qəbul ediləcək, həmin
müsahibədəki fikirlər də olduğu kimi təqdim olunacaqdı.
Aslanovun yaydırdığı müsahibədən isə məlum olur ki, hətta Lamiyənin
anasının adını belə düzgün yazmayıblar. Mənbənin verdiyi məlumata
görə, Aslanov yaxın çevrəsinə Quliyevanın anası adından müsahibə
yazmağı və çapını tapşırıb. Keçmiş başçının adamları isə göstərişi
üz-gözünə bulaşdırıb və müsahibin adını da doğru qeyd
etməyiblər.
***
Aslanovun müdafiəsinə Mərkəzi Univermağın (MUM) rəhbəri, deputat
Ərəstun Cavadov da qalxıb. O, bizimxeber.az-a deyib ki, Aslanov
gənc oğlunu itirib: "Mən hələ vaxtilə onun oğlunun yas mərasimində
iştirak edəndə Şəmkirdə hamı danışırdı ki, Lamiyə Quliyeva öz
xalası oğlu tərəfindən zorlanıb. Bütün bunlar bir daha onu göstərir
ki, Aslan müəllimə qarşı qarayaxma kampaniyası aparılır. İndi
Lamiyə Quliyeva cinayət işi ilə bağlı düşüblər Aslan Aslanovun
üzərinə. Məgər Aslan müəllim günahsız yerə adam tutdurandır? Niyə
deyən yoxdur ki, məhbus Lamiyə Quliyeva həbsxanada haradan doğub?
Bunu da Aslan Aslanovun üzərinə atırlar. Ümumiyyətlə, Zahid Orucun
məqsədi və ideyası bəlli deyil. Külək hara əsirsə, o da o yana
əsir. Zahid Orucun dostu ilə düşməninin kim olduğu bilinmir".
Qeyd edək ki, deputat Zahid Orucun L.Quliyevanın azadlığa
buraxılması tələbi artıq ciddi mətləblərdən xəbər verir.
A.Aslanovun təşvişi də məhz burda qaynaqlanır. Onun azad olunacağı
təqdirdə yenidən medianın diqqətində olacağı və danışacağı,
nəticədə isə bir çox mətləblərin üstünü açacağı güman olunur.
Xüsusi olaraq vurğulayaq ki, Aslan Aslanovun oğul itkisi doğrudan
da böyük faciədir və qətli törədənlər layiqli cəzalarını alıblar –
Lamiyə 10 il, onun nişanlısı olmuş Vüqar Əliyev isə ömürlük həbs
olunub. Bu cəzadan sonra belə A.Aslanovun qatillərdən əl
götürməməsi və onları taleyin ixtiyarına buraxmaması oğul dağının
psixoloji təsiri kimi qarşılanır və mənəvi baxımdan ona haqq
qazandırsa da, qanunlara ziddir.