"Azərbaycanda broyler toyuqları birmənalı şəkildə
genetik modifikasiya olunmuş (GMO) yemlərlə
qidalandırılır".
Bu sözləri Axar.az-a açıqlamasında Azad
İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov broyler toyuqlarının
insan sağlamlığına zərər verməsi məsələsinə aydınlıq gətirərkən
deyib. O, broyler toyuqlarının insan sağlamlığına ciddi zərər
vurduğunu bildirib:
"Broyler toyuqları zərurətdən yaranıb və arzuolunmaz toyuqlar
hesab olunur. Onları yetişdirmək üçün təbii ki, dərmanlardan və
antibiotiklərdən istifadə edilir. Bunlar da öz növbəsində
insanların sağlamlığına mənfi təsirini göstərir. Lakin bunu sübut
etmək elə də asan iş deyil. Biz Azərbaycanda broyler şirkətlərinin
sadəcə toyuq yemlərinin monitorinqini aparmışıq. Araşdırmalarımız
zamanı məlum olub ki, broyler toyuqlarının qidalandırılmasında
genetik modifikasiya olunmuş yemlərdən istifadə olunur. Lakin
Azərbaycanda bu istiqamətdə laboratoriya olmadığı üçün broyler
toyuqlarına vurulan antibiotiklərin miqdarını müəyyənləşdirmək
hələlik mümkün deyil. Buna görə də insanlar sağlamlıqları üçün
narahat olurlar. Broyler toyuqları birmənalı şəkildə əhalinin
sağlamlığına ciddi zərbə vurur".
Araşdırmalara başlanılıb
"Məsələdən xəbərdarıq, saytlarda yayılan videonu görmüşük.
Bununla bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi yanında Texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət
nəzarəti xidmətində araşdırmalara başlanılıb".
Bu sözləri isə "Modern.az" saytına Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Fazil
Talıblı bildirib.
O qeyd edib ki, hər şeyin aydınlığa qovuşması üçün vaxt və əlavə
informasiya lazımdır: "Hesab edirik ki, məsələyə hüquqi müstəvidə
baxılmalıdır. Bu çəkilişi həyata keçirən və onu Yutubda
yerləşdirənin kimliyi müəyyən olunmalıdır. Bunun vasitəsilə də
ünvan dəqiqləşməlidir".
Komitə rəsmisi deyib ki, yayılan videonun təxribat xarakterli
olması istisna deyil:
"Bu video real da ola bilər, təxribat da, provokasiya xarakteri
də daşıya bilər, yerli məhsulların keyfiyyətinə şübhə yaratmaq
istəyi də ola bilər. Bu, təkcə bizim komitədə yox, müvafiq
instansiyalarda da araşdırılmalıdır. Araşdırma başlayıb və
nəticələr barədə mütləq ictimaiyyətə açıqlama verəcəyik".
Qeyd edək ki, Axar.az-ın elektron ünvanına toyuqlara iynə
vurmaqla onun necə şişirdilməsini əks etdirən
görüntülər göndərilib. Görüntülərdən aydın olur ki, gündəlik
istifadə olunan toyuq məhsullarının tərkibinə onun çəkisini
artırmaq üçün zərərli maddələr vurulur. Elə bu səbəbdəndir ki,
əhali arasında kökəlmə və digər xəstəliklər çoxalır. İmmun
zəifləməsi müşahidə edilir ki, bu da xəstəliklərə yol açır. Hətta
bu toyuqların xərçəng xəstəliyi də yaratdığı iddia olunur.