Martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda
Trans-Anadolu qaz boru kəməri – TANAP-ın təməlinin qoyulması
münasibətilə təntənəli mərasim keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili
mərasimdə iştirak ediblər.
Əvvəlcə TANAP layihəsinə həsr olunmuş film nümayiş etdirildi.
Filmdə qeyd olunur ki, TANAP Türkiyə və Azərbaycan qardaşlığının
Anadoluya atılan imzasıdır. Azərbaycanın və Türkiyənin birgə
səylərinin məhsulu olan bu layihə üzrə saziş 2012-ci ildə
İstanbulda imzalanıb. Layihə Azərbaycandan başlayan genişlənmiş
Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə
əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə
bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə
başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16
milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard
kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16
milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6
milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə
tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində
təhvil veriləcək.
Mərasimdə Türkiyə, Azərbaycan və Gürcüstanın dövlət himnləri
səsləndi.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq
Abdullayev TANAP-ın həyata vəsiqə qazanmasının Azərbaycan və
Türkiyə dövlət başçılarının səyləri nəticəsində mümkün olduğunu
bildirdi, bu layihənin ölkələrimizin inkişafına və xalqlarımızın
rifahına xidmət etdiyini diqqətə çatdırdı.
"Bu gün burada ABŞ Prezidenti Barak Obamanı və dövlət katibi Con
Kerrini təmsil etmək mənim üçün şərəfdir", - deyən Dövlət
Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və
əlaqələndiricisi Amos Hoxstayn bildirdi ki, ABŞ "Cənub" qaz
dəhlizini 20 il bundan əvvəl başlayan Bakı-Tbilisi-Ceyhan boru
xətti prosesinin tamamlanması kimi görür. TANAP layihəsinin həyata
keçirilməsinin ABŞ hökuməti üçün çox önəmli olduğunu deyən
A.Hoxstayn "Cənub" qaz dəhlizi layihəsinin icrası ilə bağlı
Birləşmiş Ştatların dəstəyini ifadə etdi.
Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti
Maroş Şevçoviç 2014-cü ildə Bakıda "Cənub" qaz dəhlizinin, 6 ay
sonra isə TANAP layihəsinin təməlinin qoyulmasını mühüm hadisə kimi
dəyərləndirdi. "Cənub" qaz dəhlizinin əsas hissələrindən olan
TANAP-ın reallaşmasına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə
minnətdarlığını bildirən M.Şevçoviç dedi ki, layihəyə böyük
əhəmiyyət verən Avropa İttifaqı işlərin yüksək səviyyədə həyata
keçirilməsi üçün bundan sonra da əlindən gələni edəcək.
Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Avropa
İttifaqı ölkələrinin təbii qaza ehtiyacının ödənilməsi
istiqamətində mühüm layihə olan TANAP-ı "Cənub" qaz dəhlizinin əsas
həlqəsi adlandırdı. O, böyük siyasi əhəmiyyətə malik bu layihənin
ölkələrimizdəki iqtisadi inkişafın təminatçısı olacağını dedi.
Gürcüstan Prezidenti Giorgi Marqeraşvili "Cənub" qaz dəhlizinin
ölkəsi üçün də çox önəmli olduğunu qeyd edərək, bu layihənin
regionun inkişafında mühüm rol oynayacağını bildirdi. Gürcüstan
dövlətinin başçısı TANAP layihəsinin Asiya ilə Avropa arasında
enerji dəhlizi rolunu oynadığını, ticarət, turizm və digər
layihələrin inkişafına xidmət edəcəyini, ölkələrimizin enerji
təhlükəsizliyinin təmin olunmasına güclü dəstək verdiyini diqqətə
çatdırdı.
Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha
Türkiyədə olmaqdan məmnunluğunu bildirdi, gələn ay Çanaqqala
zəfərinin 100 illik yubileyində qardaş ölkəyə yenidən səfər
edəcəyini söylədi. "Bu gün tarixi gündür və bu layihə ilk növbədə
Türkiyə-Azərbaycan birliyinin layihəsidir", - deyən dövlətimizin
başçısı ölkələrimizin bir-birinin uğurlarına hər zaman sevindiyini
diqqətə çatdırdı. Bildirdi ki, 1994-cü ildə ulu öndər Heydər
Əliyevin siyasi müdrikliyi və cəsarəti sayəsində reallaşan "Əsrin
müqaviləsi" ilə başlanan enerji siyasəti nəticəsində ilk dəfə Xəzər
dənizinə xarici neft şirkətləri gəldi. Xəzər neftinin ixrac
olunması üçün inşa edilən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
istifadəyə verilməsi bölgənin və qitənin enerji təhlükəsizliyində
əvəzsiz rol oynadı. TANAP qaz kəmərinin də bu enerji dəhlizi üzrə
inşa edildiyini deyən Prezident İlham Əliyev dünya miqyasında böyük
qaz yataqlarından olan "Şahdəniz"in "Cənub" qaz dəhlizi üçün yeganə
resurs mənbəyi olduğunu vurğuladı. Qısa vaxtda dünyada böyük dəstək
qazanan TANAP, 2013-cü ildə "Cənub" qaz dəhlizinin tərkib hissəsi
kimi seçilən TAP layihələri üzrə işlərin cədvəl üzrə gedəcəyinə
əminliyini ifadə edən dövlətimizin başçısı "Cənub" qaz dəhlizini
Avropanın ən böyük infrastruktur layihəsi kimi dəyərləndirdi.
Bildirdi ki, Azərbaycanın malik olduğu nəhəng qaz ehtiyatları
"Cənub" qaz dəhlizini təmin edəcək, bu layihə ölkələr arasında yeni
əməkdaşlıq formatlarının yaranmasına səbəb olacaq.
Türkiyə, Azərbaycan və Gürcüstanın birgə təşəbbüsü ilə həyata
keçirilən layihələrin hər zaman uğur qazandığını vurğulayan, bu
layihənin də eyni taleyi yaşayacağına əminliyini bildirən Prezident
İlham Əliyev Avropanın qaza olan tələbatının ödənilməsində
Azərbaycanın mühüm rolunu vurğuladı, TANAP layihəsinin təməlinin
Novruz bayramı ərəfəsində, ilaxır çərşənbə günündə qoyulmasının
rəmzi məna daşıdığını dedi və layihəyə uğurlar arzuladı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu layihənin sülhə və
rifaha xidmət etməsini arzuladı. Dövlət başçısı "Şahdəniz" qazını
Avropaya çatdıracaq bu kəmərin əhəmiyyətindən danışdı, onun ilk
növbədə ölkələrimizin və bölgə xalqlarının rifahına xidmət
edəcəyini bildirdi. Nəzərdə tutduğu hədəflərin özəlliyi baxımından
TANAP-ın alternativinin olmadığını deyən Rəcəb Tayyib Ərdoğan onun
Avropa ilə Xəzər bölgəsi arasında güclü əlaqə yaradacağını,
layihənin nəzərdə tutulduğu vaxtda istismara veriləcəyinə əmin
olduğunu dedi.