"Rusiyada bunu çox yaxşı başa düşürlər və hazırda
çalışırlar ki, müxtəlif vasitələrlə İranla əlaqələri
genişləndirsinlər".
Bu barədə Axar.az-a Rusiyanın İrana qarşı silah yasağını aradan
qaldırmasına münasibət bildirərkən Ərəstun Oruclu deyib. Politoloq
bildirib ki, hazırda Qərblə Rusiya arasında İran uğrunda savaş
gedir:
"Əslində, bu söhbət bir neçə ay bundan əvvəldən var.
İsrail-Rusiya münasibətlərində gərginlik yaşanan zaman Moskva açıq
şəkildə bildirmişdi ki, C-300-lərin satışına qoyduğu qadağanı
aradan qaldıracaq. Vaxtilə Rusiya satışdan imtina etdikdə İran onu
beynəlxalq məhkəmə ilə hədələmişdi. Yəni İsrail-Rusiya arasındakı
söz savaşı əslində bu qadağanı aradan götürmək üçün bəhanə kimi
istifadə olundu. Rusiyanın bu qərarı İsrailə görə deyil, Qərb-İran
yaxınlaşmasından itirməməyə köklənib. Yəni Rusiya ilə İran
arasındakı münasibətlərin qorunub-saxlanılmasına yönəlib. Təbii ki,
burada silah bazarı da əsas rol oynayır. Qərblə-Rusiya arasında
İran uğrunda bir növ savaş gedir. İran bu silahları Çindən də ala
bilərdi. Necə ki, NATO ölkəsi olmasına baxmayaraq, Türkiyə raket
əleyhinə sistemləri Çindən alır. Ona görə də bunu Qərbə qarşı
deyil, silah bazarı uğrunda mübarizə kimi də qiymətləndirmək olar.
Moskvanın bu işdə öz maraqları var".
O, supergüclərin rəqabət savaşı fonunda bütövlükdə bölgəyə ola
biləcək təsir barədə fikir yürütməyin çətin olduğunu
vurğulayıb:
"Ola bilsin ki, Qərb buna imkan verməsin. Bu, tamamilə
mümkündür. Çünki vaxtilə belə zenit raket kompleksləri Suriyaya da
satılıb. İsrail-Rusiya gərginliyi məhz ona görə yaşandı ki, İsrail
aviasiyası həmin zenit raket komplekslərinin saxlandığı hərbi
bazaya aviazərbələr endirərək onları məhv etdi. Çünki İsrail bunu
özünə təhdid kimi qəbul edirdi".
Politoloqun sözlərinə görə, əslində Rusiya İranın bölgədəki
rəqiblərinə qarşı savaş açıb:
"Hərbi strateji baxımdan Rusiyanın bölgədə bu raketləri
yerləşdirməsi Qərbin maraqlarına zidd deyil. Çünki bu, ilk növbədə
İranın bölgədəki rəqiblərinə təhdid yaradır. Bu, az da olsa
Türkiyə, İsrail və Səudiyyə Ərəbistanıdır. Belə olan halda təbii
ki, Qərb silah bazarında inkişaf edəcək. Ola bilsin Türkiyə yox,
amma İsrail və Səudiyyə Ərəbistanı silahı dəqiq Qərbdən alacaq.
İranın bu cür silahlanması fonunda həmin ölkələr də məcburdur ki,
öz silah potensialını gücləndirsinlər və onlardan heç biri Rusiya
ilə hərbi tərəfdaş deyil. Belə olan halda da təbii ki, silahı
Qərbdən alacaqlar. Buna görə də indi hələ dəqiq məlum deyil ki, bu,
Qərbin xeyrinədir, yoxsa ziyanına".