Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının yardımı ilə ABŞ-ın Los Anceles şəhərində
Loyola Marymount Universitetində Ermənistan - Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə həsr edilən elmi konfrans
keçirilib.
Axar.az xəbər verir ki, bu haqda "Musavat.com"a şuradan məlumat
verilib.
Konfrans ABŞ-ın bir sıra mötəbər beyin mərkəzləri və
universitetləri, o cümlədən Atlantik Şura, Los Anceles Beynəlxalq
Məsələlər Şurası, Cənubi Kaliforniya Universiteti və Çapman
Universiteti tərəfindən təşkil olunub. Tədbirdə beyin mərkəzlərinin
tanınmış ekspertləri, Almaniya Bundestaqının üzvü və ATƏT-in
Parlament Assambleyasının sədr müavini Doris Barnet, sabiq ABŞ və
Avstraliya diplomatları, Cənubi Kaliforniya, Börkli, Çapman və
Stanford universitetlərinin professorları və digər nüfuzlu şəxslər
iştirak edib. Azərbaycanın münaqişə üzrə mövqeyini konfransda Milli
Məclisinin üzvü Asim Mollazadə təqdim edib.
Mədəniyyətlərarası və qlobal kommunikasiya sahəsində tanınmış
mütəxəssis Venşan Cianın moderatorluğu ilə keçirilən Qarabağ
panelində ilk çıxışı millət vəkili Asim Mollazadə edib. Azərbaycan
torpaqlarının Ermənistan tərəfindən işğalına diqqət çəkən millət
vəkili bu işğal faktının dondurululmuş münaqişəyə çevrilməsində
əsas məsuliyyətin beynəlxalq təşkilatların üzərinə düşdüyünü
bildiririb. O, qeyd edib ki, BMT, ATƏT kimi beynəlxalq
təşkilatların Ermənistana hər hansı konkret təzyiq etməməsi,
Ermənistan tərəfindən işğalçı siyasətin davam etdirilməsinə rəvac
verir. Millət vəkili, həmçinin vurğulayıb ki, bu durumdan sadəcə
azərbaycanlı qaçqın və məcburi köçkünlər əziyyət çəkmir, eyni
zamanda, ciddi sosial-iqtisadi böhranla üzləşən Ermənistan
cəmiyyəti də mövcud işğalçı siyasətin qurbanına çevriliblər.
Çıxışında Xocalı soyqırımı zamanı törədilən vəhşiliklərdən də bəhs
edən millət vəkili, Ermənistan tərəfindən azərbaycanlılara qarşı
sistemli etnik təmizləmə siyasətinin aparıldığını vurğulayıb. O,
qeyd edib ki, bu gün bu münaqişədə real sülhə nail olmaq üçün ilk
növbədə Ermənistan öz həqiqi müstəqilliyinə qovuşmalı, öz suveren
iradəsini nümayiş etdirməyi bacarmalıdır. "Əks təqdirdə,
Ermənistan-Azərbaycan münaqişəsinin yaxın perspektivdə həlli
qeyri-mümkündür" – deyə millət vəkili bildirib.
A.Mollazadə, həmçinin qeyd edib ki, Azərbaycan qədim dövrlərdən
bəri multikulturalizm diyarıdır, burada bütün dini etiqadlar, eləcə
də müsəlmanlar, yəhudilər və xristianlar qardaşlıq və qarşılıqlı
hörmət şəraitində yaşayırlar.
Azərbaycanın apardığı xarici siyasət kursuna da toxunan millət
vəkili vurğulayıb ki, bölgə iqtisadiyyatının 80%-ni əhatə edən
Azərbaycan öz müstəqil siyasətini inkişaf etdirir, regional və
beynəlxalq səviyyədə çoxsaylı uğurlu layihələr həyata keçirir. "Bu
səpkidə Azərbaycan bir çox ölkələrin, o cümlədən ABŞ, Avropa və
İsrailin enerji təhlükəsizliyinə ciddi töhfələr verir"- deyə millət
vəkili vurğulayıb.
Çapman Universitetinin əməkdaşı Dr. Ceyms Koyl isə çıxışında
ATƏT-in Minsk Qrupunun fəaliyyətini kəskin şəkildə tənqid edərək,
bu qurum tərəfindən indiyə qədər görülən işlərin, irəliyə sürülən
təkliflərin heç bir nəticə vermədiyini, fəaliyyətinin real sülhün
təmin edilməsi baxımından yarıtmaz olduğunu qeyd edib. C.Koyl
ATƏT-in Minsk qrupunun həmsədrlərindən ibarət hazırkı formatın uzun
illər keçməsinə baxmayaraq özünü doğrultmadığını vurğulayaraq, bu
Qrupa Türkiyə və Almaniyanın da həmsədr kimi daxil edilməsinin
vacibliyini bildirib.
Çıxışlardan sonra natiqlər iştirakçıların çoxsaylı suallarını
cavablandırıblar.
Tədbirdə iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu
Nəsimi Ağayev konfransın təşkilatçılarına belə bir önəmli və aktual
mövzuya yetirdikləri diqqətə görə təşəkkürünü bildirib.