AŞPA sədrliyinə hazırlaşan Azərbaycan problem saxlamaq
istəmir
2014-cü ilin iyun ayından Azərbaycan Avropa Şurası Parlament
Assambleyasının sədrlik mandatını Avstriyadan təhvil alacaq.
"Axar.az"ın məlumatına görə, həmin müddətə qədər Azərbaycan, adı
müxtəlif səbəblərdən "siyasi məhbus" siyahılarında yer alan
şəxsləri azadlığa buraxa bilər. Çünki AŞPA sədri olan ölkələrə hər
hansı tənqidlə üzləşməmək üçün daxili problemləri həll etməklə
sədrlik dönəmlərində uğur əldə etməyə çalışırlar.
Azərbaycanda siyasi məhbus yoxdur
AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Asim
Mollazadə "Axar.az"a açıqlamasında siyasi məhbuslara dair məsələnin
yenidən gündəmə gələcəyini istisna etməyib və bu məsələdə Avropanı
ikili standartlarda ittiham edib:
"Güman edirəm ki, Azərbaycanın sədrliyi müddətində bu məsələ
gündəmə gətirilib, yenidən müzakirə oluna bilər. Siyasi məhbus
məsələsinin gündəmə gətirilməsində daha çox erməni diasporuna yaxın
beynəlxalq təşkilatların canfəşanlğı hiss olunur. Maraqlıdır ki,
bəzi Avropa təşkilatlarında bu məsələlərə ikili yanaşma müşahidə
edilir. Hamı bilir ki, Ermənistan insan haqlarının kobud şəkildə
pozulduğu ölkədir. Amma nədənsə Ermənistanın AŞPA-da sədrlik
müddətində bu məsələlər qabardılmadı. Onu da bildirim ki,
Azərbaycanda siyasi məhbus yoxdur!"
Türkiyə nümunəsi göstərdi ki...
İnsan Haqları Klubunun rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərov
da ölkəmizə qarşı sanksiyaları istisna etməyib və AŞPA-da belə bir
praktikanın müşahidə olduğunu bildirib:
"Siyasi məhbus məsələsinin müzakirəsi hər an gündəmə gələ bilər.
AŞPA-da belə bir praktika müşahidə olunub. Yəni quruma sədrlik edən
ölkələrdə insan haqları kobud şəkildə pozulubsa, o zaman ya həmin
ölkənin sədrliyi dayandırılır, ya da başqasına ötürülür. Buna
Türkiyə nümunəsini göstərə bilərik. Güman edirəm ki, Azərbaycana
qarşı da bu təcrübədən istifadə edə bilərlər. Azərbaycan sədrlik
müddəti ərəfəsində məhbusları azad etsə, bu, ölkənin gələcəyi üçün
çox yaxşı olar. Ən azı 6-8 ay vaxt var və bu müddət ərzində nəsə
etmək olar".
Xatırladaq ki, bu il yanvar ayının 23-də almaniyalı məruzəçi
Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslara dair
hazırladığı qətnamə layihəsi Avropa Şurasının Parlament
Assambleyasında qəbul olunmamışdı.
Buna baxmayaraq, Avropa Parlamentinin Azərbaycanla bağlı bu gün
qəbul etdiyi qətnamədə Müsavat başqanının müavini, jurnalist Tofiq
Yaqublu və REAL hərəkatının lideri İlqar Məmmədov başda olmaqla 14
siyasi məhbusun olduğu bildirilir və onların qeyd-şərtsiz və dərhal
azadlığa buraxılması da tələb edilir.