Ana səhifə Gündəm |
Ermənistanın Azərbaycana qarşı apardığı müharibənin total xarakter daşıdığını, insanlara qarşı amansız münasibəti, soyqırımları, etnik təmizlənmə, 1 milyona yaxın insanı öz dədə-baba yurdundan qovmasını nəzərə alsaq, işğalçının təbiətimizə qarşı bu cür münasibəti təəccüblü deyil. Bu cür yanaşma təkcə Oxçuçaya qarşı münasibətdə öz əksini tapmayıb.
Bu sözləri Axar.az-a açıqlamasında keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov mənbəyini Ermənistan ərazisindən götürən və Azərbaycan ərazisindən də axan Oxçuçayın sənaye tullantıları ilə çirkləndirilməsi haqda danışarkən deyib.
H.Bağırov qeyd edib ki, işğala qədər təbiət abidəsi kimi qoruduğumuz Zəngilanın Çinar meşələri bu gün təəssüf ki, yoxdur:
“Əraziləri boşaldarkən ermənilərin davranışlarını videokadrlarda hər birimiz gördük: erməni başını götürüb qaçır, lakin bu vəziyyətdə də maşını saxlayıb ağacları qırır və yaxud od vururdu. Şəxsi qənaətim odur ki, bu cür davranış təsadüfi deyil, onları bu cür tərbiyə ediblər. O ki qaldı xarici şirkətlərin hazırkı ekoloji çirkləndirmədə iştirakına, bu, təbii ki, təəssüf doğurur. Düzü, alman şirkətinin orada çalışması mənim üçün yeni məlumat oldu. Baxmayaraq ki, biz dəfələrlə molibden kombinatı, filiz yataqları, Oxçuçay, Arazın çirkləndirilməsi ilə bağlı məsələ qaldırmışdıq. Məhz buna görə Araz və Kür çaylarının Azərbaycana daxil olan yerində xüsusi laboratoriya quruldu. Və hər gün suyun keyfiyyəti ilə bağlı məlumat “Azərsu”ya, Meliorasiya və Su Təsərrüfatına, müvafiq icra hakimiyyətlərinə və digər təşkilatlara təqdim olunurdu. Hətta həftəlik bülletenlər buraxılırdı və bu bülletenlərdə suyun tərkibi ilə bağlı detallı məlumatlar əks olunurdu. Yəqin ki, bu iş indi də davam edir. Ümumiyyətlə, sərhəd boyu çoxlu tədbirlər görülmüşdü. Məsələn, hava axınları ilə gələ biləcək radioaktiv maddələrə nəzarət etmək üçün ölkənin şimal və cənub qapısında laboratoriyaların quraşdırılması və s.”
Sabiq nazir bildirib ki, ölkəmizin ehtiyaclarının cəmi 25-30 faizi daxili su ehtiyatları hesabına ödənilir:
“Əsasən, ölkə sərhədlərindən kənarda yerləşən su mənbələrindən asılıyıq. Buna görə də bu strateji sahəni nəzarət altında saxlamaq üçün həmin laboratoriyalar quraşdırılmışdı. Əlimizdə olan faktlardan istifadə edərək, Almaniyanın özündə belə sözügedən şirkəti məhkəməyə verə bilərik. İndi daha bir məlumat var idi ki, guya alman şirkəti mədəndəki payını 2019-cu ildə yerli investorlara satıb. Ancaq bu da onu məsuliyyətdən azad etmir. Bu ölkədə Yaşıllar Hərəkatı olduqca güclüdür və dəfələrlə hökumətin idarəçiliyində təmsil olunub, ətraf mühitlə bağlı mühüm vəzifələr həmin partiyanın təmsilçilərinə tapşırılıb. İkili standartlara söykənən mənəvi-siyasi baxışlar hökmranlıq etsə də, təbiətlə bağlı elan etdikləri yanaşmaya zidd mövqeyi yəqin ki, nümayişkaranə şəkildə ifadə etmək cürətində olmazlar. Alman mətbuatı Afrikada, dünyanın başqa yerlərində ekoloji problemlərə xüsusi diqqət ayırırsa, özünün sivil olduğunu, beynəlxalq standartlara sadiqliyini göstərməyə çalışırsa, bu davranış orda qətiyyən dəstəklənməməlidir”.
Qeyd edək ki, Zəngəzur mis-molibden kombinatının səhmdarı olan Almaniya şirkəti “Cronimet Holding” Oxçuçayı sənaye tullantıları ilə çirkləndirib.
Tarix
2021.07.02 / 08:45
|
Müəllif
Turan Rzayev
|