Ana səhifə Gündəm |
Xaçmazda yerləşən “Starıy Dvor” restoranında polis əməkdaşının qanuni tələblərinə tabe olmayan və ona ağır fiziki xəsarət yetirən deputat Eldəniz Səlimovla bağlı ötən gün Milli Məclisin İltizam Komissiyasının rəyinin açıqlanması bəzi müzakirələrə səbəb olub.
Axar.az xəbər verir ki, rəydə komissiya üzvlərinin hamısının (11 nəfər) Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimatın lehinə səs verdiyi bildirilib. Eyni zamanda vurğulanıb ki, Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanılıb.
Bu isə cəmiyyətdə anlaşılmazlıq yaradıb. Belə ki, E.Səlimova qarşı yalnız CM-nin 309.2-ci maddəsi ilə artıq ittiham elan edildiyi haqda təsəvvür yaranıb.
Sosial şəbəkələrdə yayılan bu müzakirələrlə bağlı saytımıza açıqlama verən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib ki, E.Səlimovun deputat toxunulmazlığının ləğvinə hələ bu gün Milli Məclisin plenar iclasında baxılacaq. Ona görə də Baş Prokurorluq CM-nin 309.2-ci maddəsi ilə, fakt üzrə cinayət işi açıb və bu, ittiham irəli sürmək deyil:
“Baş Prokurorluq deputatın əməlində cinayət tərkibinin yarandığına dair tutarlı dəlillərə sahib olduğu üçün Baş prokuror Milli Məclisə təqdimat göndərib və onun deputat toxunulmazlığının ləğvini istəyib. Yalnız E.Səlimovun deputat toxunulmazlığı ləğv edildikdən sonra ona qarşı cinayət işi açıla və ittiham elan oluna bilər”.
Professorun sözlərinə görə, E.Səlimovun əməli CM-nin yalnız bir maddəsi ilə əhatələnmir:
“E.Səlimovun törətdiyi əməl CM-nin 221-ci (xuliqanlıq), 309.2 (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda və bu əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), həmçinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və s. maddələrə tövsif olunur. Burda digər ağırlaşdırıcı amillər – pandemiya qaydalarının pozulması və s. də var, eyni zamanda polis əməkdaşının ağır xəsarət alması da nəzərə alınır.
Bütövlükdə CM-nin bu 3 maddəsi öz arasında ideal cəm yaradır. Ona görə də E.Səlimova bu maddələrin ən ağırı – 309.2 ilə məhkəmədə cəza verilə bilər”.
F.Mehdiyev deyib ki, bu maddələrin hər biri həbs nəzərdə tutur:
“315-ci maddə - iki ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya 5 ilədək həbs, 309.2-ci maddə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə, 221-ci maddə - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırmanı nəzərdə tutur. Yəni E.Səlimov barəsində Baş Prokurorluq istintaq müddətində həbs qətimkan tədbiri seçə də bilər”.
Tarix
2021.08.03 / 09:00
|
Müəllif
Axar.az
|