Rusiya Prezidenti Vladimir Putin bu il sentyabrın
ortalarında Nyu-Yorka yola düşmək və BMT-nin Baş Məclisinin yubiley
sessiyasında çıxış etmək niyyətindədir.
ANS-in məlumatına görə, sessiya tarixi hadisələrlə yadda
qalacaq. Çox ehtimal ki, ABŞ ilə münasibətləri qaydaya salmağa
başlayan İran prezidenti Həsən Ruhani, Kuba lideri Raul Kastro və
bir sıra ölkələrin başçıları da Nyu-Yorka gedəcəklər.
Rusiyanın və ABŞ-ın siyasi təhlilçiləri Prezident Vladimir
Putinin Nyu-Yorka səfərini ABŞ ilə Rusiya arasında növbəti yeni
mərhələnin başlanğıcı kimi qiymətləndirirlər. Düzdür, Putin yeni
əməkdaşlıq mərhələsinə sanksiyalardan və neftin qiymətinin
düşməsindən sonra daha zəif vəziyyətdə gedəcək.
ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
üçün yaradılan ATƏT-in Minsk qrupu həmsədrləri çərçivəsində ümumi
rəsmi əməkdaşlq formatına malikdir. Onlar Azərbaycan və Ermənistan
prezidentləri İlham Əliyevi və Serj Sarkisyanı təsadüfən Nyu-Yorka
dəvət etmirlər və dövlət başçılarına orada görüşməyi və razılaşmağı
təklif edirlər. Bu səfər baş tutacaqmı, bunu demək çətindir,
hərçənd ki, Putin ABŞ-da olacaq, demək, Dağlıq Qarabağ problemi
üzrə görüşün və hansısa razılığın əldə edilməsi ehtimalı
yüksəkdir.
Qarabağ problemində iki əsas məsələ var, hansı ki, indiyədək nə
tərəflər, nə də vasitəçilər razılaşa bilmirlər. Bu, neytral zonaya
yerləşdiriləcək sülhməramlı qüvvələrin tərkibi və sərhəd
məsələsidir. Görünən odur ki, Rusiya neytral zonaya öz qoşunlarını
yerləşdirməyi, Qarabağ və Azərbaycan arasında yeni sərhədləri özü
müəyyənləşdirməyi təkid edir.
Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib ki, ABŞ
Dağlıq Qarabağ üzrə beynəlxalq sülhməramlıların yaradılması
haqqında BMT-nin yeni qətnaməsinin qəbulunda maraqlıdır.
Erməni mətbuatı yazır: "Çox ehtimal ki, Ermənistanın müdafiə
nazirinin birinci müavini David Tonoyan ABŞ-a səfəri məhz bununla
bağlıdır. O, Nyu-Yorkda BMT-nin sülhməramlı missiyalar üzrə
nümayəndəsi ilə görüşüb. Onların Qarabağda BMT sülhməramlılarının
ehtimal edilən yerləşdirməsi haqqında danışıb-danışmamaları barədə
rəsmi informasiya yoxdur. Amma hadisələrin gedişatı və məntiq onu
göstərir ki, görüşdə bu mövzu əsas idi.
Göründüyü kimi, Qarabağ probleminin nizama salınması Rusiya və
ABŞ arasında yeni əməkdaşlıq mərhələsinin nişanəsi kimi BMT Baş
Assambleyasının iclasında imperativ olacaq. Ehtimal var ki,
Azərbaycanın ərazi bütövlüyü əsasında, müəyyən sərhədlər
çərçivəsində Dağlıq Qarabağa hansısa status verilsin. Belə olan
təqdirdə Ermənistanın Rusiya, yaxud beynəlxalq sülhməramlılar
arasında seçim üçün manevr etməyə imkanı qalmayacaq".
Rusiyanın və ABŞ-ın sülhməramlıların hansı sərhədlərdə
yerləşdirmək barədə Ermənistana verəcəkləri təklifdən çox şey asılı
olacaq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş
katibi Nikolay Bordyuja və Rusiya Silahlı Qüvvələri Baş
Qərərgahının rəisinin müavini, general-polkovnik İqor Serqun iyun
və iyul aylarında İrəvana səfərləri zamanı yeni sərhədin xəritəsini
təqdim ediblər, hansı ki, bu, Ermənistanın maraqlarına tamamilə
uyğun deyil. Ona görə də David Tonoyan ABŞ-a gedib. ABŞ-ın sərhədlə
bağlı nə təklif etdiyi isə hələlik bəlli deyil. Bir sözlə, indiki
status-kvonun saxlanılması İrəvan üçün çətinləşir. Ermənistan isə
hazırda ABŞ-da Rusiya planından müdafiə yollarını axtarır.
Erməni ordusu 20 ildən çoxdur işğal etdiyi Azərbaycan ərazisində
özü üçün yaratdığı sərhədin keşiyində durur. Ancaq indiki
sərhədlərin dəyişikliyi haqqında beynəlxalq siyasi qərar verildiyi
halında rəsmi İrəvan ya silahlı müqaviməti bütün beynəlxalq
cəmiyyətə göstərməyə, yaxud da sülh missiyasını üzərinə götürməyə
məcbur olacaq. Maraqlıdır, Ermənistan bu dəfə status-kvonu
saxlamağı bacaracaqmı?!
Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik
(ABŞ), İqor Popov (Rusiya), Jak For (Fransa) və ATƏT-in hazırkı
sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik iyulun 18-23-də bölgədə
səfərdə olub Ermənistan və Azərbaycan prezidentləri ilə
görüşüblər.