Polis dinindən, irqindən asılı olmayaraq hər bir
vətəndaşın hüququnu qorumalıdır. Seçkilərin şəffaf şəkildə
keçirilməsi üçün Daxili İşlər Nazirliyi xüsusi tədbirlər planı
hazırlayıb. Burada seçkinin gedişinə əsassız müdaxilələrin
qarşısının alınması, səsvermə hüququ olan vətəndaşların
hüquqlarının təmin edilməsi nəzərdə tutulub.
APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki
Komissiyasının (MSK) təşkilatçılığı ilə dairə seçki
komissiyalarının sədrləri üçün keçirilən müşavirədə daxili işlər
nazirinin müavini Oruc Zalov söyləyib.
O. Zalov vətəndaşların seçkidə iştirakının təmin edilməsi üçün
şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı prosesin oktyabr ayının
sonuna qədər yekunlaşdırılmasının nəzərdə tutulduğunu və səyyar
"ASAN" xidmətlə hazırda yerlərdə bu sahədə işlərin görüldüyünü
bildirib: "Əhalinin miqrasiyası ilə bağlı seçki komissiyalarının
müraciəti əsasında polis seçici siyahılarının dəqiqləşdirilməsi
üçün bütün yardımları edəcək. Polislər üçün treninqlər də təşkil
olunacaq".
O. Zalov vurğulayıb ki, namizəd qeydə alınıbsa, seçicilərlə
görüşünə şərait yaradılacaq: "Sadəcə, yerli icra orqanları və seçki
komissiyaları bu görüşlər barədə əvvəlcədən məlumatlandırılmalıdır
ki, polis həmin görüşlər zamanı təhlükəsizliyi təmin etsin. Ancaq
razılaşdırılmamış yerlərdə tədbirlər keçirilərsə, qanuna zidd
şüarlar səsləndirilərsə, polis bütün gücü ilə bu halların qarşısını
alacaq. Azərbaycanda yaradılmış ictimai-siyasi sabitlik imkan verir
ki, əvvəlki seçkilər kimi bu seçkiləri də yüksək səviyyədə keçirək,
seçilənin və seçənin hüquqlarını qoruyaq. Polis seçki komissiyaları
ilə birgə seçkinin yüksək səviyyədə təşkil edilməsinə çalışacaq.
Seçki keçirilən gün gücləndirilmiş mühafizə təşkil olunacaq,
bülletenlərin məntəqə seçki komissiyalarından dairə seçki
komissiyalarına çatdırılması üçün polis sərəncamınızda olacaq".