Şəkidə bir ailənin 7 üzvünün Türkiyədə yaşamaq adı ilə
Suriyaya getməsinin təfərrüatı üzə çıxıb.
Rayonun Cuma kənd sakini olan Rövşən Səfərov bu il mayın 12-də
ailəsini götürərək ölkəni tərk edib. Onlara gedişdə kömək göstərən
qardaşı Elnur Səfərov isə Şəkidə həbs olunub. Onun barəsində üç
aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin
234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik
vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından
artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham edilir.
Axar.az xəbər verir ki, R.Səfərovla birlikdə həyat yoldaşı
Vüsalə Səfərova, qızları - Dünya, Dərya, Damla və Dina da gediblər.
Onlara Rövşənin anası Firəngiz Səfərova da qoşulub. Bu ailənin
ölkədən getməsində evin kiçik oğlu - Elnur Səfərov iştirak edib.
Elnur şəxsi avtomobili ilə onları Gürcüstana aparıb, oradan
Türkiyəyə yollanıblar. Özü isə Şəkiyə qayıdıb.
Atası Səlim Səfərovun Axar.az-a dediyinə görə, ailə üzvləri
Sakarya şəhərinə gediblər:
"Mayın 12-dən telefon bağlantımız olmayıb. Bir dəfə Rövşən
Vatsapla səsini göndərib ki, çatmışıq. Onların getməyinə razı
deyildim. Mənə də təklif etdilər ki, gedək Türkiyədə yaşayaq,
istəmədim.
Rövşən anasını da apardı ki, ilk vaxtlarda uşaqlara baxmaq çətin
olacaq, köməklik etsin, sonra qayıdar. Türkiyədə dostu Seymur var.
Rövşənə deyirmiş ki, burda mədrəsələr var, uşaqları oxumağa
qoyarsan, məscidlər çoxdur. Rövşən də, Elnur da namaz qılandırlar.
Onlar tez-tez dini müzakirələr aparırdılar".
S.Səfərov şübhələnir ki, ailəsi Suriyaya gedib: "Belə təxminimiz
var, gələn məlumatlar da belə deyir. Ancaq heç bir əlaqə qura
bilməmişik ki, yerini dəqiq öyrənim.
Üç ay, səkkiz gündür ki, xəbər tuta bilmirəm. Elnur onları
Tiflisə aparıb. Rövşənin qayınanası Sona Hüsnəliyeva da ondan
polisə şikayət edib ki, onları sən Suriyaya göndərmisən. Əlində heç
bir fakt olmadan şikayət ərizəsi verib, indi də peşman olub, geri
götürmək istəyir. Rövşəngil mayın 12-də gedib. Elnuru isə 2 ay
sonra - iyulun 12-də tutublar.
Ona narkotik ittihamı verilib. Şəkinin İstintaq Təcridxanasında
saxlanılır. Elnur Sonaya deyirdi ki, öz maşını ilə aparmasa, özləri
də Türkiyəyə gedə bilərdilər".
S.Səfərovun sözlərinə görə, oğlu Rövşən 2008-ci ildə Bakıdakı
"Sədərək" yarmarkasında ticarətlə məşğul olub: "Hətta ticarət
məqsədilə dəfələrlə Suriyanın Dəməşq, Hələb şəhərlərinə
gedib-gəlib. Övladlarımızın heç vaxt dini sektalarla əlaqəsi
olmayıb. Rövşən həmişə istəyirdi ki, uşaqları Türkiyəyə aparsın,
orda mədrəsədə təhsil alsınlar".