Bu gün saat 12:00-da "Teleqraf" Media Qrupda "Qadın
Konsensus Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikası
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə "KİV-də və sosial mediada qadın
mövzusu" adlı tədbir keçirib.
Axar.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qadın
Konsensus Mərkəzi İctimai Birliyinin rəhbəri Aynur Camalqızı
qonaqları salamladıqdan sonra KİV-də və sosial mediada qadın
mövzusuna toxunub:
"Qadına qarşı zorakılıq, şiddət olaylarını KİV-də yaymaq,
müzakirə obyektinə çevirmək olar, yoxsa yox? Olarsa, necə olar? Bu
tip xəbərlər cəmiyyətə nə verir? Əgər bu xəbərləri çatdırırıqsa,
bunun daha doğru variantını tapmaq olarmı? Düşündük ki, bu mövzunu
Qeyri Hökumət Təşkilatını təmsil edən insanlarla, jurnalistlərlə,
eyni zamanda sosial mediada olan fəal bloggerlərlə müzakirə etmək
yaxşı olar. Nə etməli? Qadın mövzusuna hansı rakursdan, hansı
yöndən yanaşmalı? Necə yazaq, xəbəri necə çatdıraq ki, cəmiyyət
bundan daha çox yara almasın? Tədbirimizdə çox hörmətli
qonaqlarımız iştirak edir: Beynəlxalq Avrasiya Mətbuat Fondunun
sədri Umud Rəhimoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri
Müşfiq Ələsgərli, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin
sədri Mehriban Zeynalova, sosial media fəalı Niyaməddin Orduxanlı,
Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə
Hüseynli. Eyni zamanda jurnalist dostlarımız burdadır. Hamınızı
müzakirələrdə fəal iştirak etməyə çağırıram. Çıxış üçün sözü
jurnalist Faina Hənifəyevaya vermək istəyirəm. Faina gender
məsələləri üzrə geniş bir araşdırma hazırlayıb. Bu mövzu ona yaxşı
tanışdır, maraqlı fikirləri var".
Prezident, yoxsa evdən qaçan qadın?
Faina Hənifəyeva başqa ölkələrdə qadınların prezidentliyə
namizəd olmasının müzakirə olunduğu halda bizdə evdən qaçan qadının
müzakirə olunduğu deyib:
"Bizdə qadın daha çox ailə-məişət, kriminal zəmində araşdırılır:
Qadın kimisə öldürdü, evdən qaçdı və s. Bəs qadın siyasətçilərdən,
yazarlardan niyə danışmırıq? Sosial media, bloggerlər qadın
mövzusuna az toxunur. Onlar ya siyasətdən, ya iqtisadiyyatdan
danışır.
Siyasətdə olduğu kimi mediada da rəhbər vəzifələrdə qadınların
sayı azdır. Mətbuat şurasının 17 üzvü var, 1 nəfəri qadındır,
disbalansdır.
2014-cü ildə Hollivudda istehsal olunan filmlər araşdırılıb.
Məlum olub ki, son filmlərdə danışanların 1/3-i qadınlardır.
Danışan daha çox kişilərdir. Burdan belə bir nəticəyə gəliblər ki,
rejissorların cəmi 1,9%-i qadınlar, qalanı isə kişilərdir".
İranda 2 qadın vitse-prezident var
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov
Azərbaycanda bu gün bir nəfər də qadın nazir və icra hakimi
olmadığını qeyd edib:
"Qazaxıstanda 2 qadın nazir, İranda 2 qadın vitse-prezident var.
Mən Azərbaycanı müqayisə etmək istəməzdim, çox sahədə biz onlardan
irəlidəyik. Bu il keçiriləcək parlament seçkilərində qadınların
sayının 25-30 faiz artacağı gözlənilir.
Bu gün Avropa Şurasında "Nifrətə yox deyək" adlı kampaniya
aparılır. Bu gün jurnalistika sahəsində daha çox kişilər fəaliyyət
göstərir. Azərbaycanda ehtiyac olan jurnalistikanın peşəkarlığı
deyil. Əsas problem xəbər başlıqlarındadır. "Şok" başlıqlı
xəbərlərdə məlumat düzgün çatdırılmır. Cəmiyyət bu cür xəbərləri
tələb edir, jurnalistlər də hazırlayır. Ancaq peşəkar
jurnalistlərimiz də var, xüsusilə, 90-cı illərdən bəri işləyən
kadrları misal göstərmək olar.
Bu gün qadınların inkişafı ilə bağlı azərbaycanlı jurnalistlər
xarici dillərdə məqalələr hazırlamır. Qadınların xüsusilə, media
sahəsində artırılmasına ehtiyac var. Bu nəinki bərabərliyə, həm də
dövlətin inkişafına gətirib çıxaracaq. Uşaq jurnalistikası
sahəsində də ixtisaslaşma getməlidir".
Sıfırdan jurnalistika öyrədirik
Aynur Camalqızı Elgün Səfərovun fikirləri ilə razı olduğu və
razı olmadığı məqamları vurğulayıb:
"Çox təəssüf ki, biz çox vaxt bütün problemlərin həllini
jurnalistikada görürük, amma jurnalistlərin vəzifəsi xəbəri sadəcə
yaymaqdır. Söhbət ondan gedir ki, biz xəbəri peşəkar şəkildə
yayırıq, yoxsa yox? Yaydığımız xəbərlərin cəmiyyətə vurduğu
zərərlər düşünülür, yoxsa yox? Peşəkarlığa ehtiyac var, bu da ilk
növbədə təhsilin problemidir. Biz jurnalistika fakültəsinin
tələbələrini burada sıfırdan jurnalistika öyrədirik və işlər
ləngiyir. Media da əksər vaxtlarda reytinqin əsirinə çevrilir və bu
problemlər ortaya çıxır".
Mətbuatda qadına yönəlik aqressiya
Daha sonra söz alan Umud Rəhimoğlu XIX əsrdən bəri Azərbaycan
qadınının cəmiyyətdəki rolundan danışıb və 80 faiz qərarverici
ixtiyarın məhz qadınların əlində olduğunu deyib.
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban
Zeynalova çıxışında 3 məqamı xüsusi vurğulayıb:
1) Mətbuatda qadına yönəlik aqressiya hiss olunur;
2) Jurnalistlərin əksəriyyəti qadındır və adam təəssüf edir ki,
insan öz həmcinsinə qarşı necə bu qədər aqressiv ola bilər.
3) Qadının təzminat alması və qadın hərəkatları məsələləri
formalaşa bilmir.
Cəmi 2-3 qadın sahibkar
QHT təmsilçisi Vüsalə Hüseynli də digər çıxışlarla razı olduğunu
bildirib:
"Mediada əsasən qadınların siyasətdə roluna, sahibkarlıq
fəaliyyətinə yer ayrılmalıdır. Quqlda axtarış verəndə cəmi 2-3
qadın sahibkarın adı çıxır. Azərbaycanda böyük holdinqlərin başında
çox az qadın var. Eyni zamanda cəmi 2 media rəhbəri qadındır. Amma
sırf bu vəzifədə qadın olsun deyə onu vəzifəyə gətirmək də olmaz.
Qadının özünün qabiliyyəti olmalıdır, özünü ifadə etməyi
bacarmalıdır".
Mətbəxdə bozbaş bişirən bir varlıq...
Aynur Camalqızı qeyd edib ki, cəmiyyətdə üzdə olan xanımlar
siyasi qərarların qəbul olunmasında, siyasi idarəetmədə iştiraka
etmək istəyirlər:
"Skandinaviya ölkələrində bir neçə il bundan əvvəl qadınlara
siyasi idarəetmədə, parlamentdə iştirak etmək üçün kvota
müəyyənləşdirildi. Bunun yaxşı mənada gözlənilməz nəticələri oldu,
qadınlar aktiv şəkildə siyasi proseslərə qoşuldu. İndi də Norveçdə,
İsveçdə ən yaxşı yüksək vəzifələrdə qadınlar təmsil olunur,
parlamentin, az qala, yarıdan çoxu qadınlardan ibarətdir. Dövlət
özü bilərəkdən qadınları bu prosesə cəlb etmək üçün kvota
sistemindən istifadə etdi. Düşünürəm ki, Azərbaycanda da rəsmi
kvota sisteminin tətbiqi qadınların siyasi prosesdə fəal iştirakını
təmin etməsinə çox ciddi töhfə olacaq. İmkan yaratmaq lazımdır ki,
qadınlar irəli çıxsın. Qadınlara sadəcə uşaq dünyaya gətirən,
mətbəxdə bozbaş bişirən bir varlıq kimi baxılmamalıdır. Qadınlar
özləri də sübut etməlidir ki, kişilərlə bərabər hüquqdadırlar.
Harda oxuduğumu unutmuşam, amma belə maraqlı bir fikir var: "Siyasi
idarəetmədə qadınların çoxluğu həmin dövlətlərdə, cəmiyyətlərdə
ədalətli qərarların qəbuluna səbəb olur". Bilmirəm, bu nə dərəcədə
doğrudur, bəlkə də mübahisəlidir, amma mən hər halda bunun
doğruluğuna inanıram. Qadınlar mahiyyət etibarilə ədalətlidir".
Avropadan 10 faiz irəlidə
Şairə Sevinc Çılğın Allahın qadınla kişini balansı qorumaq üçün
yaratdığını deyib. "Azərbaycan qadını" kəlməsini "dünya qadını" ilə
əvəz edən Sevinc Çılğın qadının boynuna çox ağır yük qoyulmasının
tərəfdarı olmadığını deyib.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli
məsələyə iki kontekstdən yanaşıb:
"Beynəlxalq Jurnalistlər Federasiyasının qadın jurnalistlər
haqqında hesabatında göstərilir ki, KİV-in formalaşmasında
qadınların rolu 30-35 faiz, bizdə isə 40-45 faizdir. Biz orta
hesabla Avropanın inkişaf etmiş ölkələrindən 10 faiz irəlidəyik.
Amma burada bir paradoks var, qərarverici orqanlarda, idarəedici
heyətlərdə qadınların iştirakı Avropadan kəskin şəkildə fərqlənir.
Biz bu fərqləri araşdırmalıyıq. Azərbaycanda jurnalist təşkilatları
çoxdur, amma 10-15-i fəaldır".
Müşfiq Ələsgərli kollektiv əmək müqavilələri bağlanmasını və
işçi qadınların statusuna aid xüsusi bir maddə hazırlanmasını da
təklif edib.
Hansı xanımın şpaqat açdığını soruşsam...
Gənc siyasətçi Bəxtiyar Hacıyev çıxışında maarifləndirmənin necə
aparılmalı olduğundan danışıb:
"Mətbuat cəmiyyətdə olan hər hansı çatışmazlığı öz səviyyəsini
aşağı salmaqla çatdırmamalıdır. Məsələn, mən efirdə hansı xanımın
şpaqat açdığını soruşsam, hamı cavab verər. Amma soruşsam ki,
"Əzizə Süleymanova kimdir? Çoxu cavab verə bilməyəcək. Əzizə
Süleymanova ilk dəfə Harvard Universitetində təhsil almış,
magistraturasını Kembric universitetində oxumuş, hazırda isə
Çikaqoda Nanotexnologiya üzrə doktorantura təhsili alan gənc bir
xanımdır. Niyə o tip xanımlar cəmiyyətə təqdim edilmir? Bir sıra
məsələləri dolayı yolla çatdırmaq lazımdır. Məsələn, fikir vermişəm
ki, qadınları təhsilə meyilləndirmək üçün açıq şəkildə deyəndə yox,
çox yaxşı təhsil almış xanımlar haqda məlumatlar paylaşanda bu,
onlarda daha çox maraq oyadır.
Biz gəncləri Avropa Parlamentinə deputatların yanında iş
təcrübəsi keçməyə göndəririk. İlk qrupda 5 qız, bir oğlan oldu,
hətta bizi qınadılar ki, niyə xanımlar çoxdur. Amma biz onları
qadın olduqlarına görə yox, keyfiyyətli CV –lərinə, təhsillərinə,
bacarıqlarına görə seçmişdik. Sırf say naminə yox, elə etmək
lazımdır ki, qadınların idarəetmə sayı təbii şəkildə artsın,
bərabərlik təmin olunsun".
Danışıq aparsaq, fikrimizi dəyişərik
BAXCP sədrininin ictimai-siyasi məsələlər üzrə müavini
Niyaməddin Orduxanlı müxtəlif illərdə siyasi idarəetmədə qadınların
neçə faiz təşkil etdiklərindən danışdı.
"Report" İnformasiya Agentliyin rəhbəri Murad Əliyev savadlı
qadınların vəzifəyə gətirilməsinin vacibliyindən söz açıb:
"Bəzən kəndlərdə baş verən hadisələr haqda yazılan xəbərlər
oradakı polislərin daha məsuliyyətli olmasına şərait yaradır. Biz
sosial şəbəkələrdə hansısa informasiyanı tənqid edirik. Amma həmin
ailə üzvləri ilə danışıq aparsaq, fikrimizi dəyişərik. Məişət
problemlərinin həlli üçün kənd yerində qadınlar fəal olmalıdır.
Aktiv, savadlı qadınları seçib vəzifəyə təyin etmək lazımdır".
60 milyon güzəştli kredit
Konstitusiya Araşdırmalar Fondunun eksperti Zaur İbrahimli
bildirib ki, cəmiyyətdə sahibkar qadınlar artmalıdır:
"2012-2013-cu illərdə 2070 qadına 60 milyon dollar güzəştli
kredit verilib və 3000 iş yeri yaradılıb. Azərbaycanda sahibkar
qadınların sayı artır, amma hələ ki azdır. Bu proses bir az da
sürətlənməlidir. Məsələnin həlli üçün kəndlərdən qadınları
sahibkarlığa cəlb etməli, qadın hərəkatı yaratmalıyıq".
"Gündəlik Teleqraf" qəzetinin şef-redaktoru Taleh Şahsuvarlı
patriarxal cəmiyyətdən çıxış yollarından danışıb:
"Biz təkcə renessans dövrünü keçməyən cəmiyyət yox, eyni zamanda
sənaye inqilabını keçməyən cəmiyyətik. İnsan istehlakçı yox,
istehsalçı olmalıdır. Qadınların cəmiyyətdə öz ideyalarını
gerçəkləşdirməsindən danışırıqsa, əvvəlcə, onların bilgi səviyyəsi
ilə maraqlanmalıyıq. Azərbaycanda bilgi sahibi olan qadın və
kişilər nə qədər az olacaqsa, biz patriarxal cəmiyyətdən çıxa
bilməyəcəyik".