Ana səhifə Gündəm |
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Suriya
rejiminə hərbi dəstəyi ilə bağlı iddialara tam olmasa da cavab
verib. Kremlin rəhbəri bildirib ki, rəsmi Moskva Suriya prezidenti
Bəşər Əsədə hərbi dəstəyini davam etdirəcək. Bəs, Rusiya Suriyada
nə etməyə çalışır?
Moskva iddia edir ki, Dəməşqə hərbi yardımı terrorizmə qarşı
mübarizə üçün edir. Putin dünən başqa ölkələri də Suriyaya
hərbi-texniki yardım göndərməyə səsləyib. Amma Qərb, o cümlədən
Suriyanın qonşusu Türkiyə "terrorizmə qarşı mübarizə" versiyasını
qəbul etmək istəmirlər. Onlar Rusiyanın Suriyada hərbi baxımdan
güclənməsinin dərin hədəflərinin olduğunu düşünürlər.
Publika.az xəbər verir ki, bunu Türkiyənin "Radikal" nəşrinin
yazarı Fehim Taştekin "Suriyada rus ruleti" başlıqlı yazısında
Rusiyanın Suriyada nə axtardığına dair məsələyə aydınlıq gətirmək
istəyib.
Qeyd edək ki, Rusiyanın Suriyaya silah çatdırmasını sürətləndirməsi
və Tartus dəniz bazasından əlavə Lazikiyədə hava bazasını da əldə
etməsi gözlənildiyi kimi müzakirələri gücləndirdi. "Rusiya nə
etməyə çalışır?", "Rusiyanın Suriyada hərbi baxımdan güclənməsi
müharibə meydanındakı vəziyyətə necə təsir edəcək?" və "ABŞ və
müttəfiqlərin buna qarşı hansı variantları var" kimi suallara cavab
axtarılır.
Türkiyəli yazar qeyd edir ki, Suriya böhranının ilk illərində
Moskvanın Əsədin üstündən xətt çəkəcəyi, 2014-cü ildən sonra isə
ilhaq etdiyi Krımın əvəzində "Soyuq müharibə" dövründən qalan
müttəfiqini satacağına dair ssenarilər gündəmdən düşmədi. Amma onun
sözlərinə görə, Putin bütün bu ssenariləri zibil qutusuna atdı.
İran da Rusiya kimi 1979-cu ildən bəri ərəb dünyasındakı yeganə
müttəfiqini tək buraxmadı.
İki ildir Ukrayna problemi ilə məşğul olan Rusiyanın Suriya
səhifəsinə yenidən və daha güclü şəkildə qayıtmasını asanlaşdıran
proseslər aşağıdakı kimi sıralana bilər:
- Sanksiyalara baxmayaraq, Rusiya Krımın ilhaqını Qərbə həzm
etdirdi. İlhaq beynəlxalq alımdə legitimlik qazanmasa da, artıq ABŞ
və Abropa Birliyi Krımda tarixin geri qayıtmayacağını qəbul etmiş
vəziyyətdədir. Yəni, Ukrayna cəbhəsində Rusiya üçün risklər
azalıb.
- ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın bir ildir İŞİD-ə
qarşı apardığı əməliyyatlar nəticə vermədi. Bu isə Rusiyaya "Suriya
rəhbərliyini koalisiyaya daxil etməsəniz, İŞİD-lə mübarizədə
müvəffəqiyyətli ola bilməzsiniz" deməsinə imkan verdi. Bir neçə
həftədir ki, İŞİD-ə qarşı mübarizədə Rusiyanın da iştirak edəcəyi
daha geniş bir koalisiyanın vacibliyindən danışılır.
- Qərbdə Əsədin alternativinin "Əl-Qaidə", ya da İŞİD olduğuna dair
qənaət gücləndi və "silahla rejimin dəyişdirilməsi üçün edilən
cəhdlər terror təşkilatlarına meydan açacaq" deyən Rusiyanın
tezisini gücləndirdi.
Bütün bu şərtlərdən yaxşı istifadə edən Rusiya bir tərəfdən siyasi
həll üçün müzakirələri davam etdirdi, digər tərəfdən isə Əsədi
danışıqlar masasında daha güclü etmək üçün ona hərbi dəstəyi
artırdı.
ABŞ-ın Rusiyaya cavab variantları da məhduddur. ABŞ-ın Ukraynada
birbaşa qarşı-qarşıya gəlməkdən qaçdığı Rusiya ilə Suriyada
qarşılaşması Vaşinqton üçün prioritet seçim ola bilməz. Bu vaxta
kimi Vaşinqtonun verdiyi reaksiya Rusiya təyyarələrinin
Bolqarıstan, Yunanıstan və İraqın hava məkanından keçməsinin
qarşısını almaqdan ibarət oldu. Və buna demək olar ki, nail olmadı.
Rusiya hərbi yardımı gəmilərlə çatdırmaqda davam edir. Son iki ayda
İstanbul boğazlarından 39 rus gəmisi keçib. Rusiya bu addımları
Suriya ilə 1971-ci ildə bağladığı hərbi əməkdaşlıq razılaşmaları
çərçivəsində edir. Yəni, beynəlxalq hüquq baxımından qeyri-qanuni
heç nə yoxdur. Putin həmçinin diplomatiya meydanını boş qoymamaq
üçün BMT Baş Assambleyasının sessiyasına gedir. Onun Nyu-Yorkda
keçirəcəyi görüşlərdəki çıxışını aşağıdakı tezislər üzərində
quracağı qətidir:
- Suriya ilə əməkdaşlıq etmədən İŞİD kimi terror təşkilatlarını
bölgədən çıxarmaq mümkün deyil.
- Terrorla mübarizə bitmədən və siyasi həll olmadan qaçqın böhranını həll olunmayacaq.
- Suriyada terror təşkilatlarının sıralarında minlərlə Rusiya
vətəndaşı var. Onlar mənim üçün də təhdiddır. Buna görə də İŞİD-ə
mübarizədə mən də varam və sair.
Müəllif iddia edir ki, Qərbin bu arqumentlər qarşısında deyə
biləcəyi heç nə yoxdur. Bu baxımdan Rusiya Suriya strategiyası ilə
ABŞ-ı İŞİD-ə qarşı döyüşdə Dəməşqlə əməkdaşlığa məcbur edə
bilər.
Digər variantlar müharibə deməkdir. İki qlobal gücün müharibədən
qaçmasının nə qədər həyati əhəmiyyət daşıdığını İkinci Dünya
Müharibəsindən bu yana hamı bilir.
Tarix
2015.09.16 / 21:07
|
Müəllif
Axar.az
|