Rusiya bilmir ki, onun
Əsədin hakimiyyətdə saxlanılması ilə bağlı başladığı danışıqlar
əvvəlcədən uğursuzluğa düçar olub.
Axar.az xəbər verir ki, bu sözlər ABŞ-ın "kölgə Mərkəzi
Kəşfiyyat İdarəsi" kimi tanınan nüfuzlu "Stratfor" tədqiqat
mərkəzinin sonuncu hesabatında yer alıb. Təşkilat Suriyanın Rusiya
üçün faydalı olmayacağını bildirib:
"Özünün Suriyadakı hərbi mövcudluğunu artırmaqla Moskva
problemlərini həll etməyə çalışır. Hazırda Rusiya özünün dünya
siyasətində müstəqil oyunçu olduğunu sübut etməyə çalışır. Bu işdə
isə Moskva Suriyanı digər dünya liderləri ilə danışıqlarda rıçaq
kimi istifadə edir. Moskva üçün bu siyahıda ilk yerdə İsrail gəlir.
İsrail Baş naziri Benyamin Netanyahu bazar ertəsi Rusiya Prezidenti
Vladimir Putinlə üç saatlıq görüş üçün Moskvanı ziyarət etdi.
Onların ümumi mətbuat konfransı kifayət qədər gərgin idi. Netanyahu
Suriya ilə İranı Hizbullaha silah verməklə İsrailə qarşı Qolan
təpələrində ikinci cəbhə açmaq istəmələrində günahlandırdı. Bu,
Tel-Əvivə şərait yaradır ki, Suriya ərazisindəki hərbi hədəflərə
hücum etsin.
Putin öz növbəsində həmin konfransda bəyan etdi ki, Suriya
Hizbullahı silahla təchiz etmir. Başqa cür desək, Rusiya
terrorçuları silahla təchiz etmir və silahları yalnız Suriyadakı
hökumət qüvvələrinə göndərir. Bir şeyi də qeyd etmək lazımdır ki,
Rusiyanın İsraillə münasibətləri qeyri-stabil vəziyyətə çatıb. Hər
iki tərəf öz opponentinin "arxa həyətindəki" işlərə qarışmaqdan
çəkinmir. İsrail bir çox postsovet ölkələri ilə müdafiə və
kəşfiyyat sahəsində əməkdaşlıq edir. Rusiya isə artıq çoxdan Suriya
və İrana siyasi və hərbi dəstək göstərir. Hər iki tərəf bilir ki,
nə zaman dayanmaq lazımdır. Rusiya Gürcüstanda müharibəni
başladandan cəmi üç gün sonra İsrail rəsmən Tiflisə silah
göndərməyi dayandırdı. Eyni şəkildə Rusiya da beş günlük müharibə
zamanı Suriya Prezidenti Bəşər Əsədə silah verməyi saxlamışdı.
Moskva İsraildən güzəştlər əldə etmək istəyir. Kreml nəzərə alır
ki, İsrail hərbçiləri Ukrayna ordusunu ölkənin şərqində
separatçılarla mübarizə üçün hazırlayır. Rusiya həmçinin İsrailin
Ukraynaya pilotsuz təyyarələr və digər hərbi aparatlar göndərməsini
istəmir. İndi də 2008-ci ildə olduğu kimi, Rusiya Tel-Əvivlə
razılaşmada maraqlıdır".
"Stratfor" İsraillə bərabər, Türkiyənin də Rusiya üçün əsas
rəqib olduğunu bildirib:
"Burada həmçinin digər regional lider olan Türkiyənin də
maraqlarını gözdən qaçırmaq gərək deyil. Koalisiya üzvlərindən
fərqli olaraq, Türkiyə Suriya dövlətinə qarşı anti-islam
kampaniyasında maraqlıdır. Türkiyə Suriyada hakimiyyətə sünnilərin
nümayəndəsini gətirmək istəyir və ya ən azından ölkənin şimalında
daha etibarlı təsir vasitəsi yaratmağa ümid edir. Ankara
qiyamçıların əsas müttəfiqi hesab edilir. Bundan başqa Rusiya
aviasiyasının Suriyada peyda olması Türkiyənin uçuşa qadağan zona
yaradılması planlarına ciddi zərbə vurub. Məhz bu səbəblərə görə,
Ərdoğan Moskvaya Putinlə danışıqlara getmək məcburiyyətində
qalmışdı. Ankaranın Moskva ilə gərgin münasibətləri təkcə Suriya
ucbatından yaranmayıb. Son aylar Rusiya Türkiyənin Qafqazda əsas
müttəfiqi olan Azərbaycanla danışıqlar aparır. Bəzi mənbələrə görə,
bu danışıqlar sayəsində Moskva və Bakı Azərbaycanla Ermənistan
arasında yaranmış Dağlıq Qarabağ konfliktini tam həll etməyə
çalışırlar. Bundan öncə Bakının konfliktin həllində hərbi
zəmanətçisi kimi Ankara çıxış edirdi, lakin indi Rusiya tam şəkildə
regiondakı situasiyanı nəzarət altına almağa çalışır. Moskva
həmçinin Suriya və Dağlıq Qarabağdakı konfliktlərini bir müddət
dayandırılmış "Türk axını" proyektinin inkişaf etdirilməsi üçün
Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etməyə çalışacaq".
Təşkilat həmçinin Moskvanın Suriya konflikti vasitəsilə
Vaşinqtonun bölgədəki maraqlarına zərbə vurmağa çalışdığını qeyd
edib:
"Soyuq müharibə dövründən sonra ABŞ və Rusiya münasibətləri
özünün ən ağır dövrlərini yaşayır. Moskva və Vaşinqton arasında
Ukrayna böhranı və Rusiya əleyhinə sanksiyaların ləğv edilməsindən
başqa Kerri ilə Lavrov arasında heç bir şey müzakirə edilmir. Ona
görə də Rusiya Suriyaya müdaxilə etməklə ABŞ-ın Rusiya ilə mütəmadi
danışıqlara getməsinə çalışır. Moskvaya çox şey lazımdır. Rusiya
gələcəkdə Ukrayna və Qərb sanksiyalarının ləğvi ilə bağlı indidən
zəmin hazırlamağa çalışır. Moskvada bilirlər ki, bu uzun zaman
aparacaq, amma öz məqsədlərinə 1-2 il ərzində çatacaqlarına hələ də
ümid edirlər".