"Hadisə oktyabrın 3-də olub.
Nişan mərasimi idi. Qonaqlara yüksək səviyyədə xidmət göstərilib.
Həmin stola da bir neçə dəfə içki üçün buz verilib.
Növbəti dəfə buz istəyəndə beş dəqiqə sonra olacağını dedim.
İçkili vəziyyətdə idilər, buzun gecikməsinə görə mübahisə etdilər.
Halbuki məclis boyu stola vaxtında buz verilib.
Çox keçmədi, o masada oturan adamlardan biri zala daxil olub,
boynumdan yapışıb bayıra çıxardı, yerə yıxıb vurdu. Bir də gördüm
üstümə tökülüşüb döyürlər".
Bu sözləri Axar.az-a paytaxtın Binəqədi rayonunda yerləşən
"Oğuzxan" restoranının adminstratoru Roman Abbasov deyib. Onun
sözlərinə görə, hadisə baş verən gün restoranda xidməti personal
olub:
"Biz sayca az, onlar çox.
Mərasimdə iştirak edənlərin neçəsi üstümə tökülüşüb məni vururdu.
Üz nahiyəmdə, çiynimdə xəsarətlər var. Məni foyeyə çıxarıb yerə
yıxan o adamı da tanımıram. Binəqədi Polis İdarəsinin 5-ci Polis
Bölməsində o adamla üzləşdirmə olacaq".
Şadlıq evinin nümayəndəsi bildirib ki, onu otağına salaraq
hədələyiblər: "Heç ofisiantlar müdaxilə edə bilmədi. Onlar çox idi
deyə, yerə yıxıb məni təpikləyirdilər. Nə kimisə təhqir etmişəm, nə
kiminsə yaxın adamına söz atmışam. Sakit məclis keçirdi. Buz
üstündə mənə hücum etdilər. Sonra səhv etmirəmsə, qızın əmisi idi -
Biləndər adlı adam və bir başqası məni tutub öz otağıma saldı.
Burada mənə hərbə-zorba gəlməyə, hədələməyə başladılar, əl-qol
atdılar. Biləndər deyirdi ki, vəzifəli adamdır, heç kəsdən qorxmur.
Onunla da üzləşmə olacaq.
Məlum məsələdir ki, içkili olublar. Ancaq vəzifəli olmasından
sui-istifadə edirdilər, administrator olmağımı lağa
qoyurdular".
Roman söyləyir ki, hadisə təhlükəsizlik kameralarında qeydə
alınıb və kadrlar polisə təqdim olunub: "Artıq tibbi ekspertizadan
keçmişəm, nəticəsi açıqlanacaq. Sadəcə, mənə döyənlər yox, otağıma
salıb vəzifəsi ilə hədələyən Biləndər adlı adam və yanındakının
hərəkətləri daha çox təsir edir. Hamımız bu ölkənin vətəndaşıyıq və
qanun qarşısında bərabərik. O isə vəzifəsindən sui-istifadə edib
mənə xox gəlirdi".
Administrator deyir ki, buzun gecikməsində günahkar deyil:
"Buzu avtomat hazırlayır axı. Onun gecikməsində günahım
nədir?"
Qeyd edək ki, "Oğuzxan"
restoranında baş verən dava ilə bağlı xəbəri "Report.az"
yayıb.