Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam
Allahşükür Paşazadə Başqırdıstan Respublikasının rəhbəri Rüstəm
Həmidovla görüşüb.
Trend-in məlumatına görə, görüş Rusiya Federasiyası Başqırdıstan
Respublikasının paytaxtı Ufa şəhərində keçirilən "XXI əsr təhsil
müstəvisində İslamın idealları və dəyərləri" mövzusunda VIII
Beynəlxalq elmi-praktik Konfransda iştirak çərçivəsində baş
tutub.
Səmimi şəraitdə keçən görüşdə respublikanın rəhbəri Ufa
konfransına qatılmaqla şərəf verdiyinə və tədbirin işində yaxından
iştirakına görə QMİ rəhbərinə təşəkkürünü bildirib.R.Həmidov dini
maarifləndirmə, gənclərin ənənəvi dəyərlər işığında
tərbiyələndirilməsi kimi böyük elm və səbr tələb edən sahədə dini
liderlərin rolunu yüksək dəyərləndirib.
Ufa konfransını önəmli olduğunu qeyd edən respublikanın başçısı
Başqırdıstanda dini-mənəvi sahədə görülən işlər barədə QMİ sədrinə
ətraflı məlumat verib.
Azərbaycan xalqına və onun ləyaqətli rəhbərinə böyük ehtiramı
olduğunu bildirən R.Həmidov Azərbaycan Prezidenti İlham Əliyevə
salamlarını yetirməyi rica edib. R.Həmidob bidirib ki, Azərbaycanla
Başqırdıstan arasında iqtisadi və mədəni-mənəvi sahələrdə
əlaqələrin səviyyəsindən razıdır və bu münasibətlərin daha da
inkişaf etməsi istəyindədir. Respublikanın rəhbəri ilk fürsətdə
məmnuniyyətlə Azərbaycana səfər etmək və Prezident İlham Əliyevlə
görüşmək və ölkəmizin uğurları ilə yaxından tanış olmaq niyyətini
bildirib.
Respublika rəhbəri Başqırdıstanın çox vaxt ikinci Bakı
adlandırılmasına toxunaraq, azərbaycanlı neft mütəxəssislərinin
Başqırdıstanın neft sənayesinin yaradılması və inkişafında önəmli
rolunu minnətdarlıqla xatırlayıb.
Görüşdə iştirak edən Rusiya Mərkəzi Ruhani İdarəsinin sədri Baş
Müfti Talqat Tacuddin 35 ildən artıq müddət ərzində yaxından
tanıdığı, təhsil illərindən dost, qardaş olduğu, dini liderlər
olaraq səmərəli əməkdaşlıq etdiyi və ötən əsrdən başlayaraq
çiyin-çiyinə mübarizə apardığı Şeyxülislam A.Paşazadə haqqında xoş
xatirələrini Başqırdıstan rəhbərinin diqqətinə çatdırıb. O,
Şeyxülislam A.Paşazadənin təkcə Azərbaycan, Qafqaz deyil, MDB
dindarlarının dini lideri olduğunu xüsusi vurğulayaraq, onun
gördüyü işlərin, dəyərli təşəbbüslərinin nə qədər böyük əhəmiyyət
kəsb etdiyinə diqqət çəkib.
QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam
Allahşükür Paşazadə RF Başqırdıstanın rəhbəri R.Həmidova qəbul üçün
dərin təşəkkürlərini bildirib. O, Azərbaycan xalqının və onun
Prezidenti İlham Əliyevin səmimi salamlarını Başqırdıstan rəhbərinə
və bütün qardaş başqırd xalqına yetirib. Ufa torpağına böyük
məmnuniyyətlə gəldiyini deyən QMİ sədri önəmli Konfransın işindən,
müzakirə olunan məsələlərin aktuallığından söhbət açıb. Baş Müfti
Talqat Tacuddinin Başqırdıstandakı fəaliyyətini yüksək
dəyərləndirdiyini bildirən Şeyxülislam A.Paşazadə onun təkcə Rusiya
deyil, dünya müsəlmanlarının önəmli şəxsiyyəti, nümunəvi din xadimi
olduğunu bildirib.
Şeyxülislam A.Paşazadə Başqırdıstanın başçısı R.Həmidovu
Azərbaycanda məmnuniyyətlə gözləyəcəklərini diqqətə çatdırıb. O
xüsusi vurğulayıb ki, Ufada yaşayan azərbaycanlılarla görüşləri
zamanı diaspora üzvləri respublika rəhbərliyindən razılıq edib,
həyat və fəaliyyətlərindən məmnunluq ifadə ediblər.
Görüşün sonunda Şeyxülislam A.Paşazadə R.Həmidova Qurani-Kərim
və Bakını vəsf edən tablo hədiyyə edib. Baqşırdıstan rəhbəri, öz
növbəsində, xüsusi xatirə hədiyyəsini QMİ sədrinə təqdim edib.