Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis
əməkdaşlarını öldürməyə cəhddə təqsirləndirilən 1989-cu il
təvəllüdlü Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə
keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxslə yanaşı, şahidlər İmdad
Əliyev və Vüqar Babayev ifadə verib.
E.Məmmədov ifadəsində polislərə atəş açmadığını deyib: "Mən heç
bir polis əməkdaşına atəş açmamışam. Yanvar ayının 22-də evimizdə
yatarkən məni polislər gəlib tutublar. Həmin gün evdən başqa heç
yerdə olmamışam. Keçən prosesdə ifadə verən polislər deyir ki, mən
qayışsız avtomatla səkkiz polisin hamısına atəş açmışam. Axı
hamısına atəş açmışdımsa, niyə yerdə 4 güllənin gilizi var
idi".
Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı olan İ.Əliyev
dindirilən zaman E.Məmmədovun hadisə yerində istifadə etdiyi
deyilən silahın evdə olmadığını bildirib: "Atışma zamanı orada
olmamışam. Sonradan qoşuldum. Elvin bizə qeydiyyatda olduğu Xızı
rayonunun Giləzi kəndinə apardı ki, hadisə yerində istifadə etdiyi
avtomat evin zirzəmisindədir. Aparılan axtarış zamanı isə silahı
tapmaq mümkün olmadı. Elvin zirzəmiyə girib dedi ki, silahı kimsə
bizdən əvvəl götürüb".
Bakı Şəhər Baş Polis İdarəsi Cinayət-Axtarış İdarəsinin əməkdaşı
V.Babayev hadisə günü Elvin Məmmədovu evindən götürdüklərini deyib:
"Zirzəmidə silah tapılmadı və o dedi ki, avtomatı kimsə bizdən
əvvəl götürüb".
Təqsirləndirilən şəxs hər iki polis əməkdaşının yalan
danışdığını deyib.
Məhkəmə prosesi noyabrın 10-na təyin edilib.
Qeyd edək ki, Elvin Məmmədov əvvələr oğurluq hadisəsi törədiyi
üçün Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 il 11 ay 28 gün
müddətinə şərti cəza alıb. Hökmlə razılaşmayan prokurorluq protest
verib. Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən onun barəsində
seçilmiş şərti cəza həbs qətimkan tədbiri ilə dəyişdirilib. Onun
barəsində daha bir cinayət əməli aşkarlanıb. Belə ki, Elvin
Məmmədov yeni bir cinayət törətmək istərkən Bakı Şəhər Baş Polis
idarəsinin əməkdaşları əməliyyat keçirib. Bu zaman o, odlu silahla
polislərə müqavimət göstərərək atəş açıb və hadisə yerindən qaçıb.
Elvin Məmmədov Cinayət Məcəlləsinin 228 (soyuq silah daşıma),
29.120 (öldürməyə cəhd) maddələri ittiham olunub.