Son günlər Azərbaycan mediasında erməni terrorçusu Monte
Melkonyanın kim tərəfindən öldürülməsi ilə bağlı yayılan xəbərlər
gündəmi zəbt edib. Xocalı və Qarabağ faciələrinin təşkilatçısı,
ASALA terror təşkilatının liderlərindən "Avo" ləqəbli Montenin
Qarabağ qazisi, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov tərəfindən
öldürülmədiyi iddia olunur. İddiaya başlıca səbəb kimi Melkonyanın
dəfn olunan zaman başının gövdəsində olması
göstərilir.
Həmçinin MTN-nin bu illər ərzində nüfuzunu artırmaq üçün İbad
Hüseynovun adından istifadə etdiyi iddia olunur. Belə ki,
iddialarda İ.Hüseynov 2005-ci ildə "birdən-birə" Melkonyanı
öldürdüyü, onun başını kəsdiyini xatırladığı vurğulanır. Bir neçə
il əvvəl isə İ. Hüseynovun Melkonyanı öldürməsindən bəhs edən
"Əsgər" sənədli filminin MTN-in birbaşa maliyyə yardımı ilə
çəkildiyi bildirilir.
Melkonyanın ölümü
Rəsmi mənbələrdə Melkonyan 12 iyun 1993-cü ildə Xocavənd
rayonunun Muğanlı kəndində öldürülüb.
İbad Hüseynovun Vikipedia səhifəsində isə həmin hadisə belə
təsvir olunur:
"1993-cü il iyun ayının 11-dən 12-nə keçən gecə İ.Hüseynov
dəstəsi ilə ermənilərin nəzarəti altında olan Muğanlı kəndinə daxil
olur. Sonra özü ilə dörd nəfər döyüşçü götürərək erməni
mövqelərinin içinə doğru gedir. Bu an Xocavənd rayon mərkəzi və
Kuropatkino kəndi tərəfdən UAZ markalı avtomobil Muğanlı kəndi
istiqamətində hərəkət edir. Bir neçə dəqiqədən sonra UAZ dağ
çayında ilişir. Avtomobildən hərbi formalı bir adam düşür və iki
nəfəri yerində qalmağı əmr edərək Muğanlı kəndi tərəfə getməyə
başlayır. İbadın iddiasına görə, o, Monte ilə kənd məktəbinin
həyətində üz-üzə gəlirlər. İbad iki dəfə Avoya atəş açdıqdan sonra
erməni komandiri yıxılır və türkcə Hüseynovdan onu öldürməməyi
yalvarır. Elə buradaca ermənilər arasında məşhur və az qala
əfsanavi erməni komandirinin sonu gəlir. Monte Melkonyan
öldürüldükdən sonra qənimət kimi İbad ondan özü ilə silah, şəkillə
bloknot, çəkmə, siqarət və qələm götürür. Öz hərbi hissəsinə
gəldikdən sonra İbad komandirin otağına daxil olaraq: "Məndə sizin
üçün suvenir var!" deyir və torbada olanlarını masaya düzür".
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin müəllifi olduğu "Dağlıq Qarabağ" kitabında da
Melkonyanın ölümünə toxunulub:
"Xarici düşmənlər ölkədə ağır böhranlı situasiyadan istifadə
edərək yenidən cəbhədə üstünlüyü ələ almağa çalışdı. Həmin dövrdə
Ermənistan Azərbaycanın mərkəzi rayonlarını işğal etmək üçün
irimiqyaslı əməliyyatlar hazırlamışdı. Yeravanın bu planını ASALA
terror təşkilatının lideri, səhra komandiri Monte Melkonyan həyata
keçirməli idi. Hücum 1993-cü iyun ayının ortalarına təyin
olunmuşdu. Lakin bu irimiqyaslı hücum əməliyyatından bir neçə gün
əvvəl İbad Hüseynovun başçılığı ilə Azərbaycan kəşfiyyat qrupu
erməni qüvvələri tərəfindən nəzarət olunan ərazilərin arxasına
keçir. 1993-cü il 12 iyun tarixində Xocavənd rayonunun Muğanlı
kəndində Azərbaycan kəşfiyyatçıları ilə üzbəüz döyüşdə Monte
Melkonyan öldürülür".
Monte Melkonyana həsr edilmiş saytda özünü fədai adlandıran
silahdaşları öz komandirləri barədə xatirələrini bölüşüblər.
1993-cü ilin iyununda itkin düşmüş Melkonyanı axtarmağa səfərbər
edilmiş erməni döyüşçülərinin nəql etdikləri xüsusən maraqlıdır.
Erməni muzdlusu Aşot Mirzoyan bu barədə yazır:
"Bəsdir, Avonun ölümü barədə yalan danışdınız! O, kosmosdan
gələnlər tərəfindən öldürülməyib. O, bizim düşmənlərimizin əli ilə
qətlə yetirilib. Lakin o, hansısa gənc azərbaycanlı
kəşfiyyatçısından aman diləyə bilməzdi. Mən bu hadisəni gözlərimlə
görmüşəm. 12 iyun 1993-cü ildə günorta təxminən 3-də bizi həyəcan
siqnalı ilə ayağa qaldırdılar. Biz Muğanlı kəndini mühasirəyə
aldıq. Biz Avonu axtarırdıq. Bütün səylərimizə baxmayaraq, biz onu
tapa bilmədik. O, 3 gündən sonra, başsız tapılmışdı. O, bizim onu
tapdığımız yerə çox yaxın yerdə öldürülmüşdü. Biz bilmirik, onlar
neçə nəfər idilər. Biz orada azərbaycanlı xüsusi təyinatlıların
izlərini tapmışdıq. Onlar izlərini çox yaxşı gizlətmişdilər.
Mühasirədən necə çıxdıqları isə bizə indiyədək naməlum qalır".
Bu hadisənin 2005-ci ildən məqsədli şəkildə şişirdilməsi barədə
iddialara cavab olaraq xatırladaq ki, İbad Hüseynov hələ 1996-cı
ildə "Xalq qəzeti"nə Melkonyanı öldürməsi barədə müsahibə vermişdi.
Yəni iddialarda deyildiyi kimi, İbad hüseynov "2005-ci ildə
birdən-birə" Melkonyanı öldürməsini "xatırlamayıb". Əksinə, həmin
hadisədən dərhal sonra bu barədə Azərbaycan mediası yazıb, erməni
tərəfinin 3 günlük matəmə batıran qəhrəmanı barədə məlumat verib.
Başqa sözlə, sözügedən fotonun və İ.Hüseynovun Melkonyanı
öldürməsinin 2005-ci ildə ortaya çıxması barədə iddialar
absurddur.
Avropada bir neçə türk diplomata qarşı terror hücumu
gerçəkləşdirən, Qarabağda azərbaycanlılara qarşı savaşan ASALA
terror təşkilatının liderlərindən biri Melkonyan ermənilər üçün
qəhrəman hesab olunurdu. Təbii ki, ermənilər bu mifi pozmamaq üçün
Melkonyanı başsız dəfn edə bilməzdilər.
"Əsgər" filmi iddiasına gəldikdə isə filmin rejissoru Etibar
Məmmədov bu məsələdə MTN-nin himayəsini təkzib edərək iddiaları
yalanlayıb və filmin MTN-nin maliyyəsi ilə çəkilmədiyini ortaya
qoyub.
İ.Hüseynova gəldikdə o, son günlərdə yayılan iddialara belə
cavab verib:
"Mən bu mövzuya münasibət bildirmək istəməzdim. Elədiyimi
etmişəm. Faktları da göz qabağındadır. Mən öz qəhrəmanlığımı
bəziləri kimi sözdə yox, döyüşlərdə göstərmişəm. Hər şeydə birinci
olduğumu ilk növbədə Qarabağ döyüşlərində sübut etmişəm.
Bizimkilərdən 3-4 nəfər Monte Melkonyanın başını kəsdiyimi qəbul
etmirlərsə, onları öldürəsi deyilik ki?"
Yuxarıda qeyd etdiyimiz kimi, bir tərəfdə Xocalı və Qarabağ
faciələrinin təşkilatçısı Melkonyan, digər tərəfdə isə torpaqlarını
erməni işğalçılarından azad etməyə çalışan İ.Hüseynov durur.
Ermənilər terrorçudan "milli qəhrəman" düzəltdiyi halda, niyə
həqiqi qəhrəmanımızı gözdən salırıq?
Çoxsaylı gənclərin İbad Hüseynovu özünə ideal seçdiyi, qəhrəman
kimi istinad etdiyi bir məqamda, Türkiyədə belə İbad Hüseynovun
adını daşıyan küçə olduğu bir məqamda, az qala, böyük bir
coğrafiyada İbad Hüseynov dünyanın ən qanlı terror
təşkilatlarıından olan ASALA liderlərindən birinin başını kəsdiyini
təsdiqlədiyi və hətta ermənilərin özlərinin etiraflarında bu fakt
yetərincə əksini tapdığı məqamda, bu gülünc iddialara heç bir yer
qalmır.