Azərbaycanda bəzi ictimai xadimlərin, hökumət üzvlərinin
və məmurların öz dilimizdə danışa bilməməsi böyük faciədir.
Prezident İlham Əliyevin də öz çıxışında dil məsələsinə xüsusi
diqqət yetirməsi bunu deməyə əsas verir.
Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Dil Qurumunun
başqanı, xalq şairi Sabir Rüstəmxanlı Prezident İlham Əliyevin
AMEA-nın 70 illik yubileyindəki çıxışında dövlət dili ilə bağlı
səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. S.Rüstəmxanlı
qeyd edib ki, prezidentin dil məsələsinə bu qədər həssaslığı son
dərəcə sevindirici haldır:
"Bir neçə xarici dili yüksək səviyyədə bilən İlham Əliyev öz
nitqi və danışığı ilə həmişə məmurlara örnək olub. Onlara sübut
eləməyə çalışıb ki, ana dilində təmiz və konkret olaraq necə
danışmaq lazımdır. Görünür, prezident artıq dil haqda olan iradları
dilə gətirməyə vadar olub. Çünki bir çox məmurumuz ana dilində
danışmaqda çətinlik çəkir. Hətta bəzi məmurların balaları ana
dilini bilmir. Həmin məmur övladlarının bir qismi əcnəbi dillərdə
danışır. Bu, böyük faciədir. Belə çıxır ki, gələcəkdə Azərbaycanı
öz dilini bilməyən, milli təfəkkürü olmayan, ana dilində düşünməyi
bacarmayan gənclər idarə edəcək. Görünür, prezident də bu sahədəki
problemləri görür, hiss edir və çox narahatdır".
ADQ başqanının sözlərinə görə, prezident Azərbaycan dilinin
zənginliyinə diqqət çəkməklə, ciddi məqama toxunub:
"Bu dil bizim millətimizin varlığıdır. Eyni zamanda, dilə yabanı
sözlərin gəlməsi dil üçün böyük bir problemə çevrilə bilər. Hesab
edirəm ki, prezidentin bu çıxışı dilimizin inkişafı ilə bağlı
Dövlət Proqramından və sərəncamdan sonra dil məsələlərinə növbəti
dəfə diqqəti cəlb etmək üçün mühüm siqnaldır. Mən Azərbaycan Dil
Qurumunun başqanı olaraq sevinirəm ki, nəhayət, prezident
səviyyəsində dilimizə bu qədər konkret münasibət bildirildi. Bu
münasibət ciddi bir dönüşə səbəb ola bilər".
Bakıda bütün təhsil müəssisələrində rus bölməsinin fəaliyyət
göstərməsini məqbul saymayan S.Rüstəmxanlı dövlət dilinin
tədrisinin gücləndirilməsi zərurətini də vurğulayıb:
"Bakıdakı məktəblərdə, o cümlədən ali təhsil müəssisələrində az
qala bütün fakültələrin rus bölmələrinin olmasını başa düşə
bilmirəm. Azərbaycanda dövlət dili Azərbaycan dilidir. Əlbəttə rus
və ingilis dilləri də öyrənilməlidir. Bunun üçün ayrıca məktəblər
və ya fakültələr açmaq olar. Necə ki, ayrıca fransız məktəbi
tikilib".
Xalq şairi bu işdə daha çox valideynləri günahlandırıb: "İş o
yerə gəlib çatıb ki, problemə dövlət başçısı qarışmalı olub.
Halbuki prezident bu məsələyə qarışmalı deyil. Dil hər bir
vətəndaşın qeyrətindən asılı bir məsələdir. Hansı ölkədə vətəndaş
öz uşağını ana dilində yox, başqa dildə oxutdurur? Valideyn
övladını ikinci bir dil öyrətmək üçün onu başqa bir məktəbə qoya
bilər. Niyə bizim millətimiz bu qədər müqavimətsizdir? Niyə öz
dilimizi sevmirlər? Valideynlər öz uşaqları ilə öz dillərində belə
danışmaq istəmirlər. Bu, sadəcə şüursuzluqdur, milli ləyaqətin
olmamasıdır, özünə sayğısızlıqdır".
S.Rüstəmxanlı İranda Azərbaycan türklərinin təhqir olunmasını da
qeyd olunan problemlə bir çox məqamlarda bağlı olduğunu bildirib:
"Hazırda İranda türklərin necə təhqir olunduğunu görürük. Çünki 40
milyon türk öz ana dilində oxumur, öz ana dilində məktəb açmaq
haqda fikirləşmir. Özünü fars ideologiyasına təslim edib. Ona görə
də bu gün küçələrə çıxmağa məcburdur. Bunu nəzərə almaq lazımdır.
Hər bir uşaq öz ana dilində oxumalıdır. Sonra neçə dil istəyir,
öyrənsin. Uşaqlar ibtidai və orta məktəbi öz ana dilində oxumalıdır
ki, onun şüuru düzgün tərbiyə olunsun".