Rusiyanın Türkiyə ilə
münasibətlərini pozması və uzunmüddətli konfliktlərə başlaması,
Moskva üçün həm iqtisadi, həm hərbi-strateji, həm də daxili siyasət
ucbatından sərfəli deyil.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Almaniyanın
"Doyçe Velle" saytı yayıb. Sayt Rusiyanın Türkiyə ilə
münasibətlərini pozmamasını şərtləndirən 8 səbəbi açıqlayıb.
Asiya və NATO-nun ən güclü ordularından
biri
Yazıya məhz hərbi aspektdən başlayaq. Rusiyanın Türkiyə ilə
savaşmamasını gərəkdirən birinci səbəb hərbi-siyasi xarakter
daşıyır. Qara dənizdən qonşu olan bu ölkə Asiyanın ən güclü
ordularından birinə sahibdir. Üstəlik, Türkiyə NATO tərkibində
ordusunun böyüklüyünə görə Amerikadan sonra ikinci yerdədir.
Türkiyə silahlı qüvvələri yaxşı təlim görüb və Qərbin müasir
silahları ilə silahlanıblar. Ona görə də baş verəcək lokal konflikt
zamanı Türkiyə ordusu kifayət qədər ciddi rəqib təsiri bağışlayır
(Gürcüstan və Ukrayna ordularından daha yaxşı döyüş qabiliyyətinə
sahibdirlər). Konfliktin böyüyəcəyi zamanı Ankara NATO
nizamnaməsinin 5-ci bəndindən yararlanaraq, təşkilatın bütün
üzvlərini köməyə çağırmaq imkanına sahibdir. Ona görə də Türkiyə
ilə istənilən hərbi konflikt bütün NATO ilə qarşıdurmaya çevrilə
bilər.
Bosfor üzərində strateji nəzarət
İkinci səbəb Türkiyənin strateji coğrafi mövqeyidir. O, Bosforu
idarə edir. Bu isə o deməkdir ki, Ankara Rusiyanın mülki və hərbi
gəmilərinin bu boğazlardan keçməsinə qadağa qoymaq imkanına
sahibdir. Suriyadakı rus hərbçilərinin təchizatının əsasən dənizdən
Bosfor vasitəsilə daşındığını nəzərə alsaq, o zaman bu yoldakı
istənilən maneə Moskva üçün ciddi nəqliyyat problemi yaradacaq və
Suriya əməliyyatının dəyərinin qalxmasına gətirib çıxaracaq.
Sünnilər arasında lider mövqeyi
Üçüncü səbəb islam faktorudur. Ankaranı idarə edən islamçı
partiya parlamentdə özünə böyük dayaqlar yarada bilib. Beynəlxalq
aləmdə isə Türkiyə sünnilərin liderlərindəm biri kimi görünür.
Rusiyada yaşayan müsəlmanlar isə islamın məhz bu qolunun
davamçılarıdır. Hazırda Rusiya Suriyadakı şiələrin tərəfində
vuruşur. Türkiyə rəhbərliyi hansısa formada bu şəraitdən istifadə
edə bilər. Bundan başqa, Ankara yumşaq şəkildə desək, İŞİD
sıralarındakı rusiyalı döyüşçülərin öz ərazisindən keçərək geri
qayıtmasına mane olmaya bilər.
Ukrayna və Krım tatarlarının dəstəklənməsi
Dördüncü səbəb Krımdır. Türklər Krım tatarlarını özlərinin
soydaşları hesab edirlər. Ankara Rusiyanın Krımla bağlı atdığı
addıma açıq şəkildə narazılığını bildirib. Rusiya-Türkiyə
münasibətlərinin gərginləşməsi Türkiyə və Ukrayna münasibətlərinin
yaxınlaşmasına səbəb olacaq.
Rusiyanın Türkiyə ilə münasibətlərinin kəskinləşəcəyi təqdirdə
hansı iqtisadi problemlərlə üz-üzə qalacağına da baxmaq lazımdır.
Bunların hamısını bir bənddə cəmləmək olardı, amma onlardan
bəziləri spesifik xarakter daşıyır.
Rus turistlər Antalyaya getməyə öyrəşiblər
Beşinci səbəb turizmdir. Faktiki olaraq Rusiya tərəfindən
Türkiyəyə turistik səfərlərə qadağa qoyulması, sözsüz ki, bu
ölkənin iqtisadi maraqları üçün zərbədir. Doğrudur, müvafiq qiymət
siyasəti ilə Türkiyə hələ də gələn yay sezonu üçün Misirlə Tunisi
istəməyən və ya qiymətlərin bahalı olması ucbatından İspaniyaya
getməyən avropalıların sayəsində turizm sənayesini xilas etmək
şansına sahibdir. Rusiyanın Türkiyəyə qoyduğu turistik blokada onun
özü üçün daxili siyasi risklər yaradır. Görəsən, rusiyalılar son
iki həftə ərzində ən sevimli iki turistik istiqamət olan Misir və
Türkiyəyə səyahət imkanlarını itirməsinə necə reaksiya verəcəklər?
Bu qadağalar artıq bu cür həyat tərzinə (açıq sərhədlər və sərbəst
hərəkət) öyrəşmiş təbəqələrdə narazılığa səbəb olacaq. Lakin indi
onlar hiss etməyə başlayırlar ki, bu cür həyat tərzi durmadan
düşür.
Ukrayna ilə bərabər Türkiyə qaz bazarını da
itirmək
Altıncı səbəb qazdır. Türkiyə
ilə münasibətlərin kəskinləşməsi daha çox "Türk axını" qaz kəməri
layihəsini məhv edəcək. Lakin iş təkcə əvvəlcədən gələcəyinə şübhə
yaranan bu proyektlə bağlı deyil. Bir müddət əvvələ qədər rus
qazının əsas alıcıları Almaniya, Ukrayna və Türkiyə idi. Görünür,
indi Ukrayna ilə bərabər Türkiyə bazarında da satış qəfildən azala
bilər. Ankara Rusiya qazından birbaşa imtina etmək imkanına malik
deyil. Lakin münasibətlərin pisləşəcəyi təqdirdə Türkiyə çox güman
ki, yeni təchizatçıların axtarışı ilə aktiv şəkildə məşğul
olacaq.
Müxtəlif iş əlaqələri təhdid altında
Yeddinci səbəb xarici ticarətdir. Türkiyə Rusiyanın ən böyük
ticarət partnyorlarından biridir. Ankaranın Moskvaya ixrac etdiyi
qida məhsuallarının miqdarı Qərbə qarşı tətbiq edilən embarqodan
sonra xeyli artıb. Türkiyə ətinə, tərəvəzinə və ya meyvəsinə
qoyulan qadağa Rusiya bazarlarını məhsullarla təchiz edən ölkələr
dairəsini daha da darlaşdırır. Bu da qiymətlərin qalxmasına səbəb
olacaq.
Birgə investisiya layihələri
Səkkizinci səbəb
investisiyadır. Rusiyanın böyük maliyyə, neft, metallurgiya
şirkətləri Türkiyə bazarına böyük miqdarda yatırım ediblər. Əgər
münasibətlərin korlanması uzun müddət davam etsə, bu
investisiyalara zərər dəyəcək. Bundan başqa, Rusiyada
reallaşdırılan xeyli sayda investisiya layihələri türk şirkətləri
vasitəsilə reallaşdırılırdı. Əgər onlar Rusiyadan getməyə məcbur
olsalar, nə baş verəcək?