Hüquq-mühafizə orqanlarının Nardaran qəsəbəsində Taleh
Bağırov adlı bir şəxsi götürmək məqsədilə keçirdiyi əməliyyat
maraqlı nəticələr ortaya qoydu. Əvvəla məlum oldu ki, hələ də
qanunla vətəndaş arasında anlaşılmazlıq var. Yəni vətəndaşların bir
qrupuna elə gəlir ki, onlar üçün əlahiddə qaydalar sistemi mövcud
olmalıdır. Onların xüsusi statusu və imtiyazı olmalıdır. Məsələn,
Bakının bir rayonunda, məsələn, Yasamal rayonunda polis normal
əməliyyat keçirə bilər, amma bunu Nardaran qəsəbəsində edə bilməz,
ona görə ki... Məsələ də elə bundadır. Nəyə görə ki...
Əslində bunun ona görəsi, buna görəsi yoxdur. Nardaran da
Azərbaycanın başqa inzibati ərazi vahidlərindən birildir, burada
dövlətin hər bir qanununun əli çatmalıdır.
Məscid də yaxşıdır, məktəb də, ziyarətgah da yaxşıdır,
mədəniyyət evi də, yaşıl işıq da yaxşıdı, qırmızı işıq da. Ən
yaxşısı isə qanuna riayət etməkdir. Yuxarıda da, aşağıda da.
Doğrudur Milli Təhlükəsizlik nazirliyimizin keçmiş rəhbərliyinin
zamanında bir sıra kobud qanun pozuntuları baş verib və bu bəzi
vətəndaşlarımızda qanundanküskünlük kimi simtomplar yaradıb. Bəlkə
də kiməsə elə gəlir ki, dövlətin ayağı burxulub, gəlin onu bir
yandan da biz itələyib yıxaq, belə yanaşma həm təhlükəli, həm
yanlış, həm də qeyri-mümkündür.
Çünki dövlətin ayağı burxulsa belə müvazinətini itirməyib,
əksinə o Təhlükəsizlik Nazirliyinin antidövlət arxivini açıb
tökməyə qədər hər şeyə gedə bilir. Bu qurumda ciddi islahatlar
aparılır və faydasının da olacağına inanmaq lazımdır. Nardaranda
baş verən hadisə isə qısaca belədir. Polis əməliyyat aparmağa
gəlib, özü də sadə camaatı narahat etməmək məqsədilə bəzi
konspirativ tədbrlər də görüb. Amma burada silahlı müqavimətlə
üzləşib. İtkilər var. Bunun ardınca isə bir qrup insan qəsəbənin
meydanında oturaq aksiyaya başlayıb. Yəni buranı tutulan şəxslərin
buraxılmayacağına qədər tərk etməyəcəklərini deyirlər… Amma
niyə?
Niyə Bakının istənilən rayonunda əməliyyat keçirməyi sərbəst
bacaran polis Nardaranda silahla qarşılanmalıdır? Niyə həbs olunmuş
insanların əməllərinin təhqiqatı başa çatmamış onların
buraxılmasını tələb edirik? Bəlkə elə məsələlər ortalığa çıxacaq
ki, onlardan bizim xəbərimiz yoxdur? Bəlkə elə araşdırmalar zamanı
bizi narahat edən problemlər tam həllini tapacaq? Axı bu
qabaqdangəlmişlik nəyimizə lazımdır?
İndi belə çıxır ki, bir az əvvəl Yasamalda əməliyyat keçirən
polisi də top-tüfənglə qarşılamalıydıq? 42 nəfər saxlanıldı,
araşdırmalardan sonra cəmisi iki nəfər istisna olmaqla hamını
buraxdılar axı. Öz hərəkətlərimizə kənardan baxmağı
bacarmalıyıq.
Pis görünürk bir az, sanki nəticələrin necə olacağından əvvəldən
xəbərimiz var, toplaşmaqda da məqsədimiz qabaqlayıcı tədbirlər
görməkdir… Kiminsə şübhəli əməllərinə bir toplum olaraq şərik olmaq
nəymiziə lazımdır? İstəsək də, istəməsək də, belə olsa da, olmasa
da faktların ümumi mənzərəsi belə düşünməyə əsas verir.
Hə doğrudan da inanmaq istəyirəm ki, biz dövlətlə dövlətçiik
etmək istəmirik və həmişə dövlətçi olmuşuq. Amma polis də elə
dövlətin nümayəndəsidir, onun da elə bu dövlət tərəfindən təmin
olunmuş hüquq və səlahiyyətləri var.
Bir daha xatırlayaq. Əməliyyatçılar konkret ünvana, konkret
insanın ardınca gəliblər. Hadisələrin ardı belə olmalyıdı. Yığışıb
getməliydik ev-eşiyimizə və nəticəni gözləməliydik. Əgər sonradan
hansısa qərar bizi qane etməsəydi və bura toplaşıb dağlışmasaydı
onda bəlkə də bizi hardasa başa düşmək olardı. Amma indi məhkəməni
filanı qabaqlayaraq özümüzü məhkəmə elan etməyimiz kənardan ən azı
qəribə görünür.
Özü də heç yaxşı tanımadığımız bir insanı müdafiə edirik.
Unutmayaq ki, biz minbərdən moizə oxuyan Taleyi tanıyırıq. Onun öz
Taleyi var. Nə bilirik o, İranın Qum və Nəcəf şəhərlərtində dini
təhsildən başqa daha nələri öyrənib və ya nələrə öyrədilib. Bəlkə
də heç öyrədilməyib. İmkan verək araşdırılsın da. Dövlətə isə
təzyiq etmək olmaz. Onda dövlət də təzyiq yolu seçəcək və bizdən
fərqli olaraq o, haqlı olacaq. Necə ki, Nardaranda bu artıq baş
verdi.
Dünyanın heç bir yerində polis əməkdşının qətli rəğbətlə
qarşılanmır. Nə bəyəndiyiniz İranda, nə də bəyənmədiyiniz
Amerikada. Nə də sizin də bizim də sevməyə borclu olduğumuz
Azərbaycanda. Biz polisi silahla qarşılamışıq, iki nəfəri
öldürmüşük. Müqavimət göstərənlər arasında ölənlər var… Silahla
salam verməzlər. Cavabı belə olur. Və bir də bizi Azərbaycan
qanunlarına tabe olmayaraq silahla qarşılyan qanunsuz silahlı
birləşmələr onsuz da var. Onlar Qarabağdadır. Nardaranlıların da
şəhidlər verdiyi Qarabağda.
Əzizlərim, yolda barrikadalar qurub, daş töküb sonra gəlin
gözümüz üstdə yeriniz var demək alınmır... Bu barrikadaları biz 25
il əvvəl Bakıda başqa əsgərlərin Sovet soldatlarının, Sovet
tanklarının qarşısını almaq üçün qurmuşduq...