İşğal Anadolunun içərilərinə qədər
irəliləyəcək...
Publika.az xəbər verir ki, bu sözləri
Türkiyənin "Yeni Şafak" qəzetinin yazarı İbrahim Karagül yazıb.
"İşğal Anadolunun içərilərinə qədər irəliləyəcək,
əgər..."
"Mosul-Hələb xətti Türkiyənin gələcəyini müdafiə xəttidir. Bu xətt
müharibə səbəbidir. Bu xətt heç bir şəkildə başqa bir ölkə üçün
tərk edilməyəcək", - Karagül qeyd edib.
Yazarın sözlərinə görə, Türkiyə Mosul-Hələb xəttini müdafiə edə
bilməsə, işğal Anadolunun içərilərinə qədər irəliləyəcək: "Biz
özümüzün və bölgəmizin xəritəsini çəkə bilməsək, onlar bütün
bölgənin xəritəsini dəyişdirəcəklər, Anadolu üçün yeni xəritə
çəkəcəklər".
Məkkə - qlobal işğalın əsas ünvanı
İbrahim Karagül qeyd edib ki, tam olaraq bir dünya müharibəsi
ərəfəsində yaşayırıq: "Belə bir vəziyyəti İraq işğalı dövründə
görmədik. Müharibənin yalnız Suriyada baş verdiyini düşünürsünüz.
Halbuki, Türkiyə, Rusiya, İran, Səudiyyə Ərəbistanı, ABŞ və Avropa
Birliyi ölkələri bu müharibənin içindədir. "İslam öz daxilində
döyüşəcək" və "Müharibə islamın qanlı sərhədlərindən ürəyinə,
mərkəzinə yerləşəcək" ifadələrinin mənasını yeni-yeni başa düşürük.
Mən "Müharibə islamın ürəyinə yerləşəcək" cümləsindəki "ürəyin"
həmişə Məkkə olduğuna, Kəbə olduğuna inandım. Yeni qlobal işğalın
əsas ünvanının Məkkə olduğuna inandım. Böhranı addım-addım izləyin,
ayaq izlərinin hara çatacağını, harada dayanacağını çox açıq
şəkildə görəcəksiniz".
Qüds-Məkkə xətti
Yazarın sözlərinə görə, beynəlxalq güclər islamın sərhədlərində
"soyuq müharibə"dən qalan qarşıdurmaları ilk olaraq Mesopotamiyaya
daşıdılar.
"Daha sonra Şimali Afrikanı zəiflədərək hərəkətsiz vəziyyətə
gətirdilər. Bir addım sonra isə Qüds-Məkkə xəttini vurmağa
başladılar. İsrail üzərindən Qüdsü "girov" alanlar indi Kəbəni
mühasirəyə almağa, "girov" götürməyə çalışırlar. Kəbənin
ətrafındakı bütün ölkələri bir-bir zəiflədərək və parçalayaraq
oyundan kənarlaşdırmaq istəyirlər. Suriya böhranından sonra son
halqaya, daxili halqanı hədəf alacaqlar, birbaşa Kəbənin
ətrafındakı halqanı vuracaqlar", - Karagül yazıb.
"Türkiyəni işğal edirlər"
Onun sözlərinə görə, hazırkı prosesləri oxumaq I Dünya
Müharibəsindəki cəbhələrini oxumaq qədər əhəmiyyətlidir: "Osmanlı
siyasi xəritəsini darmadağın edənlər coğrafiyanı ikinci dəfə
dağıtmaq istəyirlər. Bəlkə bundan sonra dövlətlər qalmayacaq,
dövlətçiklər, şəhər dövlətləri olacaq".
"Yeni Şafak" qəzetinin yazarı qeyd edir ki, bütün bu prosesləri
planlaşdıranlar Türkiyəni işğal etməyə başladılar: "Şəhərlərimizi,
mahallarımızı işğal etdilər. Ölkənin cənubi-şərqini
suriyalaşdırmağa çalışırlar, Türkiyəni Suriya üzərindən boğmaq
istəyirlər. Türkiyəyə qalib gələ gəlməyəcəklərini bildikləri üçün
Rusiyanı üzərimizə saldılar. Moskvanın çubuğu ilə bizi döyməyə
çalışırlar. Rusiya, İran, İraq və PKK Türkiyəyə qarşı ortaq
cəbhədir. Bu cəbhənin əsas məqsədi Türkiyəni zərərsizləşdirərək
Suriyanı nəzarət altına almaqdır. Suriyadan sonra da ünvan Bəsrə
körfəzidir. Cizrə və Silopidə baş verənlər PKK üzərindən həyata
keçirilən işğal əməliyyatıdır. Türkiyəyə açıq şəkildə "torpaqlarını
işğal edirik, sən sus!" deyirlər. Hansı ölkə belə bir işğala göz
yuma bilər? Hansı ölkə suverenlik haqlarını bir terror təşkilatına
qurban verə bilər?" Türkiyə PKK üzərindən həyata keçirilən bu
layihənin hansı dövlətlərin oyunu olduğunu bilməyəcək qədər yazıq
bir ölkədirmi? Bizlər PKK və YPG-nin Cizrə və Silopidəki işğalının
bir təşkilatın işğalı olmadığını, arxasında hansı ölkələrin
olduğunu bilməyəcək qədər şüursuz bir millət ola bilərikmi? Bu
mahallarda əməliyyat başlayacaq və Türkiyə bu çirkli hesabları
alt-üst edəcək. Bundan sonra səslərin haralardan gəldiyinə diqqət
yetirin. Səs haradan gəlirsə, işğalın arxasındakı güclər də
onlardır. Türkiyə diri və güclü bir ölkədir, onların işğal
planlarını boşa çıxaracaq, Suriyanın simalında və Qafqazda
hörülməyə çalışılan divarı yıxacaq".
İbrahim Karagülün sözlərinə görə, Bağdaddan yüksələn anti-Türkiyə
bəyanatları fars zehniyyətinin ərəb dilində ifadəsidir. Yazar qeyd
edir ki, Ankaranın Mosul əməliyyatı hərbi taktika və güc
hesablaşmaları baxımından fövqəladə bir addım idi: "Onlar
müdaxiləni Suriyadan gözləyirdilər, amma türk əsgəri İraqın Mosul
bölgəsinə yerləşdi. Mosul əməliyyatı ilə Silopi və Cizrə
əməliyyatları bir-birini tamamlayır. Çünki mahallarımıza hədəf alan
işğal ilə Şimali Suriya dəhlizi onların ortaq hücumları idi. Artıq
yalnız diplomatiya dövrü başa çatıb. Güc çox şeyi dəyişdirəcək.
Səlcuqlunu, Osmanlını var edən, xaçlılar və monqollara müqavimət
göstərən iradə qazanacaq. Bu iradə tarixin bir çox dövrlərində
bölgənin yeni xəritəsini formalandırdı. Bu iradə xəritəni bir daha
çəkəcək…"