Dünən Milli Məclisin iclasında 9 oktyabrda Azərbaycanda
keçirilən seçkilərlə bağlı Avropa Parlamentinin bəyanatı deputatlar
tərəfindən etirazlara səbəb olub. Etiraz edən deputatlar
Azərbaycanın Avronestdəki üzvlük məsələsiylə bağlı kəskin fikirlər
səsləndiriblər. Məsələylə bağlı, millət vəkilləri Asim Mollazadə,
Aydın Mirzəzadə və ekspert Razi Nurullayev münasibətlərini
"Axar.az"a bildirdilər.
Ermənistan Avropaya inteqrasıyasına son
qoyub
"Heç kim ölkəmizin, xalqımızın praktiki seçim hüququna şübhə edə
bilməz və heç kəs Azərbaycanı şəxsi malı edə bilməz. Baxmayaraq ki,
Ermənistan və onun havadarları çalışır ki, Azərbaycanın imicinə
zərər gətirsin",- bu sözləri "Axar.az"a danışan
Millət vəkili Asim Mollazadə bildirib.
O, daha sonra deyib ki, Ermənistan Avropaya inteqrasıyasına son
qoyub və Gömrük İttifaqına daxil olmaq fikrindədir. Məhz buna görə,
Azərbaycana təzyiqlər artıb: "Bilirlər ki, Azərbaycanın Avropayla
əməkdaşlığa böyük potensialı var. Azərbaycanın enerji sahəsində,
mədəniyyət, eləcə də bir çox sahələrdə Qərblə əməkdaşlığı
genişləndiyi ərəfədə qarşısını almağa çalışırlar. Bundan sonra da
Azərbaycan bir çox layihələrdə ATƏT-in, NATO-nun Parlament
Assosiasiyasıyla və digər Avropa təşkilatlarıyla əməkdaşlığı davam
etdirəcək, eləcə də Azərbaycanın inkişafını istəməyən qüvvələrlə də
mübarizəsini davam etdirəcək".
Bunların arxasında erməni diaspor təşkilatları
dayanır
Millət vəkili Aydın Mirzəzadə tənqidlərin
arxasında ölkəmizə qarşı neqativ münasibəti olan insanların
durduğunu düşünür: "Seçkilərdə iştirak edən Avropalı müşahidəçilər
AP-də seçkilərlə bağlı müsbət fikir bildirdilər, ancaq parlamentdə
səsə qoyulan zaman orda Azərbaycana qarşı neqativ münasibəti olan
insanlar Azərbaycana qarşı qətnamə qəbul olunmasına nail
oldular.
Hesab edirəm ki, Avropada müəyyən qüvvələr var ki, həmin
qüvvələr Azərbaycan haqqında mənfi rəy yaratmaqda çox
maraqlıdırlar. Şübhəsiz ki, bunların arxasında erməni diaspor
təşkilatları, Azərbaycanın uğurlarına sevinməyən qüvvələr,
Azərbaycanda öz payını ala bilməyən şirkətlərin olması
mümkündür".
Bu, Azərbaycana heç nə yaxşı vəd edə bilməz
Mövzuyla bağlı müxbirimizə danışan "Region Beynəlxalq Analitik
Mərkəzin (RBAM) İdarə Heyətinin sədri Razi
Nurullayev isə bildirdi ki, Azərbaycanın Avropaya qarşı
dayanması, Avropa Parlamentiylə birgə layihələrin həyata
keçirilməsini şübhə altına alması Azərbaycana heç nə yaxşı vəd edə
bilməz. Hesab etmirəm ki, Azərbaycanın bu tip davranışlarından,
Avronestdən çıxmasından Avropa nəsə itirəcək, əksinə Azərbaycan
kiçik bir ölkədir. Azərbaycanın Avropa İttifaqına, Avropa Birliyinə
və digər Avropa təşkilatlarının yardımına və dəstəyinə daha çox
ehtiyacı var. Azərbaycan bu məsələlərdə tam fərqli və səbirli
olmalı, onların bu cür tənqidlərinə dözüm nümayiş etdirməlidir.
Əgər nəsə baş veribsə bütün bunlara qarşı tədbir görülməlidir".