2015-ci il Azərbaycan milli mətbuatı və ümumilikdə milli
kütləvi informasiya vasitələri üçün uğurlu il olub və əlamətdar
hadisələrlə yadda qalıb.
Axar.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov
dekabrın 25-də fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin
mükafatlandırılması, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və
Yeni il münasibətilə keçirilən mərasimdəki çıxışında bildirib.
Əli Həsənov qeyd edib ki, təməli ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulan söz və məlumat azadlığının daha da inkişaf
etdirilməsi, KİV-lərin sərbəst fəaliyyətinə hərtərəfli dövlət
dəstəyi sayəsində milli informasiya resurslarının kəmiyyət və
keyfiyyət göstəriciləri daha da yüksəlib, onlar öz əhatə dairəsini
və auditoriyasını genişləndirməyə müvəffəq olub, beynəlxalq
informasiya məkanının fəal iştirakçısına çevriliblər. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev hər zaman Azərbaycan
mediasının inkişafı məsələlərini diqqət mərkəzində saxlayıb, onun
problemlərinə xüsusi həssaslıqla yanaşıb və kütləvi informasiya
vasitələrinin hərtərəfli inkişafına zəruri dəstək verib.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, hazırda Azərbaycanda
5000-dən artıq KİV uçota götürülüb və ya müvafiq dövlət orqanında
qeydiyyatdan keçib. Ölkədə 50-dən çox televiziya və radio kanalı,
300-ə yaxın dövri mətbu nəşr, 100-dən artıq jurnal, onlarla
informasiya agentliyi, jurnalist təşkilatı, yayım şirkəti, 300-dən
çox fəal internet saytı fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan milli
mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il
2 iyun tarixli Sərəncamına əsasən Azərbaycan milli mətbuatının 140
illiyi ilə əlaqədar yubiley tədbirlərinin keçirilməsinə dair
Tədbirlər Planı təsdiq olunub. Tədbirlər planına uyğun olaraq
Zərdab, Masallı, Qəbələ, Quba rayonlarında və Gəncə şəhərində
regional konfranslar keçirilib. Bundan başqa, Bakı Dövlət
Universiteti, Mədəniyyət və Turizm Nazirliyi, habelə rayon və şəhər
icra hakimiyyətləri milli mətbuatın 140 illiyi ilə əlaqədar
konfranslar təşkil ediblər.
Əli Həsənov deyib ki, dövlətimizin başçısının Sərəncamına uyğun
olaraq Prezident Administrasiyasına redaksiyalardan və jurnalist
təşkilatlarından KİV əməkdaşının dövlət mükafatlarına layiq
görülməsi ilə bağlı 800-dək təqdimat daxil olub. Azərbaycan
Prezidentinin 2015-ci il 15 iyul tarixli sərəncamlarına əsasən
Azərbaycan milli mətbuatının inkişafında xidmətlərinə görə 180
nəfər KİV əməkdaşına müxtəlif dövlət mükafatları və fəxri adlar
verilib. Onlardan 2 nəfər Azərbaycan Respublikası Prezidentinin
təqaüdünə, 1 nəfər 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeninə, 4
nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, 44 nəfər
"Əməkdar jurnalist" fəxri adına, 17 nəfər "Əməkdar mədəniyyət
işçisi" fəxri adına, 91 nəfər "Tərəqqi" medalına və 21 nəfər
Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomuna layiq
görülüb.
İyulun 22-də Gülüstan Sarayında keçirilmiş təntənəli mərasimdə
mükafatlar həmin şəxslərə təqdim olunub. Bundan başqa, KİV
əməkdaşlarına Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu,
Azərbaycan Mətbuat Şurası və ayrı-ayrı şirkətlərin qiymətli
mükafatları verilib.
İyulun 21-də Prezident İlham Əliyev Azərbaycan Mətbuat Şurası
İdarə Heyətinin üzvlərini qəbul edib və geniş nitq söyləyib.
Dövlətimizin başçısı Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna
nəzər salıb, kütləvi informasiya vasitələrinin inkişafına dövlət
dəstəyi, mövcud problemlər və onların həlli ilə bağlı öz dəyərli
fikirlərini bölüşüb.
Prezidentin köməkçisi vurğulayıb ki, kütləvi informasiya
vasitələrinin əməkdaşları 2015-ci il noyabrın 1-də Milli Məclisə
keçirilmiş seçkilərdə fəal iştirak edib, bir çox KİV nümayəndəsi öz
namizədliyini irəli sürüb, onlardan 11 nəfəri Milli Məclisə deputat
seçilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu kütləvi
informasiya vasitələrinə dövlət dəstəyini davam etdirib, 34
redaksiyaya yüksək məbləğdə maliyyə dəstəyi ayrılıb. Bundan başqa,
Fond Novruz bayramı, Milli Mətbuat Günü və Yeni illə əlaqədar 3,
habelə ayrı-ayrı dövlət orqanları ilə 8 fərdi jurnalist yazıları
müsabiqəsi keçirib, yüzlərlə jurnalist pul mükafatlarına layiq
görülüb.
Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin
fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilib,
ölkədə söz və məlumat azadlığının daha da inkişaf etdirilməsi,
KİV-lərin müstəqilliyinin gücləndirilməsi, onların maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam
etdirilib.
Əli Həsənov diqqətə çatdırıb ki, Azərbaycan Respublikası
Prezidentinin Sərəncamına uyğun olaraq jurnalistlər üçün inşa
edilmiş 156 mənzilli binanın sənədləşdirmə işləri başa çatdırılıb
və dekabrın 24-də jurnalistlərə müvafiq özəlləşmə sənədləri təqdim
edilib.
Jurnalistlər üçün digər 256 mənzilli binanın tikintisi davam
etdirilib. Mənzillərin 2016-cı ildə jurnalistlərə verilməsi
planlaşdırılır.
Prezidentin köməkçisi vurğulayıb ki, söz və məlumat azadlığı
Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib
hissəsidir və qarşıdan gələn dövrdə də Azərbaycan dövləti KİV-lərin
müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam
etdirəcək. Lakin KİV-lər yaradılmış əlverişli şəraitdən
sui-istifadə hallarına yol verməməli, daha peşəkar, məsuliyyətli
olmalı, Azərbaycan cəmiyyətinin inkişafına, ümummilli məsələlərin
həllinə dəyərli töhfələr verməlidirlər.