Cəhənnəmdə tıxac olacaq. Amma o dünyanın od-alovunu
gözləməyib bu dünyada özünə cəhənnəm əzabı yaşadanlar da var. Onlar
özlərinə od vururlar. Ən amansız və ağrılı suisit forması seçənlər
son zamanlar xeyli artıblar. Düzdü, şair demişdi, "Yaşamaq
yanmaqdır yanasan gərək". Amma belə də deməmişdi
axı...
"Mustafa!!! Ay kişi evə gəl də! Üstümə nöyüt töküb özümü
yandıracam!"
Bu haray məşhur "Bir Cənub şəhərinin" "uçastkovısı" Mustafanın
arvadına məxsusdur! Bu epizoda baxanda mağmın sahə müvəkkilinin
yazıq vəziyyətinə həm acımışıq, həm də gülmüşük. Arvadının şantajı
qarşısında hər dəfə zavallı vəziyyətə düşən Mustafa eyni zamanda
cani, oğru, quldur tutmalıdır. Gülünc vəziyyətdir.
Mətləbi Azərbaycandan Mustafa düzəltmək istəyən vətəndaşların
üzərinə gətirirəm. Belələri öz istədiklərini almağın ən qısa yolunu
məhz "mıs-mıs" deməmiş bir başa "Mustafa"ya keçməkdə görürlər.
Qarabağ müharibəsi əlili Zaur Həsənovun özünə vurduğu odla qaranlıq
mətləblərə işıq salmaq istəyi prezidentdən tutmuş ən sıravi
vətəndaşa kimi, bütün xalqı sarsıtdı. Dövlət öz boş yerlərinə bir
də baxdı, müəyyən nəticələr, dərslər çıxardı. Və gördü ki, ölkədə
"Pəmbeyi dağı cünun içrə bədəni nihan" olan başqaları da var. Və
onlar heç də dəli deyillər.
Amma bu hadisədən sonra zəncirvari proses başlandı.
Azərbaycan bir-birinin ardınca özünə od vuranların hesabına
Odlar Yurdu adını bir başqa tərəfdən doğrultmağa başladı. Ən adi
sosial məsələni həll etmək üçün özünə əl qaldıran, benzin töküb
kibrit çəkənlər tədricən bu akta daha yaradıcı tərəfdən yanaşmağa
başladılar. Məsələn, özünü yandırmaq aktına özünü öldürmək
məqsədilə yox, ucqar bir yerdə azıb qalmış birisinin diqqəti cəlb
etmək üçün od qalaması jesti kimi əl atdılar. Burda isə təbii ki,
müəyyən islahatlar aparıldı. Adam özünü bütöv yandırmadı, müəyyən
əzalarına xəsarət yetirdi. Yəni sağ qalsa, bəhrəsini görsün.
Bilirəm, özünə əl qaldırmaq bütün hallarda ağır hadisədir,
çıxılmazlığın doğurduğu emosianal fəsaddır. Əli hər yerdən üzülən
vətəndaş başqa təsir formasımı tapa bilmir, gücü özünə çatır. Amma
bu addım son zamanlar hakimiyyət orqanlarını hansısa problemin
həllinə vadar etmək yoluna yox, daha çox, dövləti şantaj etməyə
oxşayır.
Dünyada tam çılpaq soyunmaqdan tutmuş ağıza tikiş vurmağa qədər,
çoxlu etiraz forması var və bu formalar öz bəhrəsini verir.
Azərbaycanda isə Zaur Həsənovun özünü yandırmasından sonra bu
etiraz forması sözün həqiqi mənasında qiymətə mindi. İçi özünü
yandıranlar, çölü ilə də özlərini yandırdılar ki, bahasını dövlət
versin. Kiminə atəşböcəyi, kiminə isə Səməndər quşu kimi görünən bu
insanlar əslində öz taleləri ilə oynadıqlarının fərqində
olmalıdırlar. Dədə Qorqudun bizə odlu-alovlu vəsiyyəti var.
Dədə Qorqud özümüzü yandırmağı məsləhət verməyib. Elə dində də
böyük günahdır. Onsuz da çölümüz özgələrini yandırır. İçimizi də
özümüz yandırmayaq. Bu alov dövləti işığa yox, qaranlığa
aparır.
Ən maraqlısı da burasıdır ki, bütün bunlar Azərbaycanın Dağlıq
Qarabağ davası fonunda baş verir. Biri gedib qürbətdə cənnət
uğrunda həlak olur, o birisi özünə bu dünyada bir cəhənnəm alovu
vurur ki, tüstüsü cəmiyyətin təpəsindən çıxır. Baxmayaraq ki,
Qarabağ davası Azərbaycanın əli silah tutan hər bir vətəndaşının
fərdi davasıdır və hər bir vətəndaşımız özünü məhz ona görə
qorumalıdır ki, o savaşda ya şəhid, ya da qazi olsun. (ANS)