81 nəfərin milyonlarla manat vəsaitini mənimsəyən
"Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov 2010-cu
ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə
azadlıqdan məhrum edilsə də, məhkəmə qərarının onun əmlakının
müsadirə edilməsi və zərərçəkənlərin zərərinin ödənilməsi ilə bağlı
hissəsi hələ də icra olunmayıb.
Buna səbəb Zal Yusifovun ahıl atası Zakir Yusifovun məhkəmələrə
dəfələrlə ünvanlandığı şikayət ərizələridir. Zakir Yusifov iddia
edir ki, müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlaklar oğlu
Zal Yusifova yox, onun özünə məxsusdur.
Qeyd edək ki, Zal Yusifovun cinayət işində bir çox maraqlı
məqamlar var. Bu, dələduz bankirin oğlu İslam Yusifovla bağlıdır.
Dələduz bankir oğlunu öz cinayətkar əməlinə şərik edib. Onun
vətəndaşlardan əldə etdiyi pulların mənimsənilməsində oğlu da
iştirak edib.
Bu fakt Ağır Cinayətlər Məhkəməsi tərəfindən sübuta yetirilib və
İslam Yusifov 8 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət
işində İslam Yusifovla bağlı bir çox qaranlıq və araşdırılmayan
məsələlər üzə çıxıb. Əldə etdiyimiz məlumata görə, dələduz bankirin
oğlu İslam Yusifovun bəzi tanınmış müğənnilərlə əlaqəsi olub. İslam
Yusifovun bir neçə müğənniyə ümumilikdə 4 milyon manat dəyərində
mülk alması və əlavə 3 milyon manat xərcləməsi ortalığa çıxıb. Bu
fakt cinayət işinin istintaqını aparan Milli Təhlükəsizlik
Nazirliyinin istintaq şöbəsinin rəisi Mövlam Şıxəliyev və həmin
şöbənin müstəntiqi Vüsal Ələkbərovun da diqqətindən yayınmayıb.
Hətta həmin sənətçilər MTN-nin istintaq idarəsinə çağırılaraq
ifadə veriblər. Amma sonradan hansısa səbəblərdən həmin
müğənnilərin adı cinayət işindən çıxarılıb.
Teleqraf.com-un əldə etdiyi məlumatlara görə, Mövam
Şıxəliyevlə şəxsən görüşən müğənnilər adlarının cinayət işindən
çıxarılmasına nail olublar. O, müğənnilərin istintaq prosesindən
uzaqlaşdırılması barədə müstəntiq Vüsal Ələkbərova göstəriş
verib.
Maraqlıdır ki, bundan sonra Zal Yusifovun o vaxt Ağır Cinayətlər
Məhkəməsində sədrin köməkçisi işləyən qardaşı Zülal Yusifov Mövlam
Şıxəliyevlə görüşərək İslam Yusifovun istintaq prosesi bitənədək
MTN təcridxanasından azadlığa buraxılmasına razılıq alıb. Onların
bu məqsədlə MTN-in istintaq idarəsinin rəisinə 300 000 manat
verdiyi iddia edilir.
Qeyd edək ki, İ.Yusifovun bu yaxınlarda Baş prokuror Zakir
Qaralova ünvanlandığı şikayət məktubunda da bu fakt öz əksini
tapıb. Düzdür, həmin məktubda İslam Yusifov sözügedən məbləğin
ailəsindən zorla alındığını iddia edir. Amma reallıq budur ki,
rüşvət sabiq MTN rəsmilərinə Zülal Yusifov tərəfindən təklif və
təqdim olunub.
Bundan başqa, məlumatlara görə, Zal Yusifovun aldadaraq
milyonlarla manat vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyi
zərərçəkənlərin sayı əslində 81 nəfər deyil, daha çoxdur. Sadəcə,
dələduz bankir tərəfindən pulları mənimsənilən şəxslər istintaq
prosesində MTN-ə çağırılarkən Mövlam Şıxəliyevin müstəntiqlərinin
təzyiqi ilə daha böyük miqdarda pul ödəməyə məcbur edildiklərinə
görə milyonları batan bəzi iş adamları cinayət işində adlarının
keçməməsi üçün Zal Yusifovdan şikayətçi olmayıblar.
Zal Yusifovun dələduz əməllərinə şərik etdiyi oğlu İslam Yusifov
məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum etmə
cəzasının cəmi 5 ilini həbsxanada yatıb. O, vaxtından əvvəl
azadlığa buraxılması üçün məhkəməyə müraciət edib.
Xəzər Rayon Məhkəməsi İslam Yusifovun vaxtından əvvəl azadlığa
buraxılması ilə bağlı ərizəsini təmin etməyib. Buna səbəb isə İslam
Yusifovun atası ilə birlikdə dələduzluq əməlləri törətməsi,
vətəndaşların külli miqdarda maliyyə vəsaitini mənimsəməsi olub.
Məhkəmə bunu əsas gətirərək, haqlı qərar qəbul edib və İslam
Yusifovun günə-gün həbsxanada yatması barədə qərar çıxarıb.
Amma İslam Yusifov azadlığa çıxmaq həvəsi ilə Bakı Apelyasiya
Məhkəməsinə müraciət edib. Onun müraciətinə hakim İlqar Murquzovun
sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası İslam
Yusifovun apelyasiya şikayətini təmin edərək, onu vaxtından əvvəl
azadlığa buraxılması barədə qərar qəbul edib.
Prokurorluq bu qərardan narazı qalaraq, İslam Yusifovun həbs
edilməsi üçün Ali Məhkəməyə kassasiya protesti verib. Prokurorluğun
protestini araşdıran hakimlər Bakı Apelyasiya Məhkəməsinin hakimi
İlqar Murquzovun qəbul etdiyi qərarı ləğv edib. İslam Yusifovun
apelyasiya şikayətinə yenidən baxılması üçün cinayət işi üzrə
materialı apelyasiya instansiyasına qaytarıb.
Bu dəfə İslam Yusifovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində,
hakim Əflatun Qasımovun sədrlik etdiyi kollegiyada baxılıb.
Hakimlər İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması ilə
bağlı şikayətini rədd ediblər. İslam Yusifov yenidən həbsxanaya
göndərilib.
Burada məhkəmə ədalətli qərar qəbul edərək, İslam Yusifovu
yenidən həbs edib. Çünki ata və oğulun azadlığa buraxılması üçün
ilk növbədə zərərçəkənlərə dəymiş ziyan ödənilməlidir. Yalnız
bundan sonra İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması
məsələsinə baxıla bilər.
İslam Yusifovun belə gənc yaşda həbsxanada cəza çəkməsinin bir
günahkarı da şübhəsiz ki, 76 yaşlı babası Zakir Yusifovdur. Zakir
Yusifov zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı qərarın
icrasına qəsdən mane olur. Bu səbəbdən də illər keçməsinə
baxmayaraq, Zal Yusifova məxsus "Humay" şadlıq sarayı və mülklərin
hərrac yolu ilə satılması prosesi uzanır.
Zakir Yusifov məhkəmənin mülklərlə bağlı qərarının icrasını
uzatmaqla həmin obyektlərdən biznes məqsədi ilə istifadə edərək,
varlanır. Nəticədə 76 yaşlı kişinin övladları həbsxanada hələ də
cəza çəkir.
İslam Yusifov vaxtından əvvəl azadlığa buraxılması üçün yenə də
Ali Məhkəməyə müraciət edib. Onun şikayəti hakim Gülzar Rzayevanın
icraatına verilib.