Ana səhifə Gündəm |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirdiyi fikirlər dünya KİV-lərinin diqqəti mərkəzində qalmaqdadır.
Axar.az xəbər verir ki, ərəb ölkələrinin media orqanları dövlətimizin başçısının fikirlərinə geniş verib.
“Əxbar Əl Yom” və “Əlbaatmedia” qəzetləri, “Qpress8” internet nəşri, SANA və NNA informasiya agentlikləri, həmçinin bir sıra digər saytlar Azərbaycanın dövlət başçısının məşhur beyin və tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq xarici qonağın iştirak etdiyi Forumda qlobal və regional problemlərlə bağlı söylədiyi fikirlərə geniş yer ayırıb.
Ərəb ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Azərbaycan Prezidenti 44 günlük Qarabağ müharibəsi və təxminən üç ildən sonra aparılan lokal xarakterli antiterror tədbirlərinin əsas səbəbinin Ermənistanın uzun illər davam edən danışıqlar prosesində qeyri-konstruktiv mövqeyi olduğunu bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz gücü ilə İrəvanın məhəl qoymadığı və yerinə yetirməkdən imtina etdiyi BMT qətnamələri və digər beynəlxalq sənədlərin müddəalarını yerinə yetirdi.
Azərbaycan Prezidentinin Ermənistanla sülhə nail olunması üzrə təşəbbüslər haqqında fikirlərini şərh edən ərəb mediası yazıb ki, dövlət başçısı vaxtilə Qarabağ ermənilərinin nümayəndələri ilə təmaslar qura biləcəyinə ümid etdiyini də bildirib. O əlavə edib ki, lakin orada dırnaqarası hakimiyyəti inhisara götürmüş adamlar buna imkan vermədilər.
Yazılarda vurğulanıb ki, Prezident İlham Əliyev Ermənistanla davamlı sülhə nail olunmasının başlıca amilinin İrəvanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi olduğunu bildirib.
Türkiyənin “Star” saytında yayımlanan “Əliyev açıqladı: Sülh müqaviləsinin prinsipləri tərtib edilib Ermənistana göndərilib” sərlövhəli materialda dövlətimizin başçısının Fransa və Hindistanın Ermənistanı silahlandırması ilə bağlı fikirləri yer alıb. Məqalədə Prezident İlham Əliyevə istinadla qeyd olunub: “Ermənistanda reallıqdan uzaq xülyalar yaradır ki, guya onlar həmin silahlardan istifadə edərək Qarabağı geri ala bilərlər. Mən həmin silahların keyfiyyəti ilə bağlı təfərrüatlara varmaq istəmirəm, baxmayaraq ki, onların hansı növ silah olmasını bilirəm. Lakin hətta əgər çox müasir silahlar olsa belə, onların şansı olmayacaq, çünki müharibə və onun nəticəsi silahla deyil, insanlar və onların əzmkarlığı ilə həll edilir. …İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın öz bəyanatlarına görə, erməni ordusunda döyüş meydanında 12 min fərari oldu”.
Yazıda, eyni zamanda, Prezident İlham Əliyevin Qranada görüşünə getməməsinin səbəbləri, Naxçıvan vasitəsilə Türkiyəyə çıxışın əldə edilməsi ilə bağlı İran ərazisindən yolun çəkilməsi, Avropa Parlamentində populist insanların olması ilə bağlı fikirləri oxuculara çatdırılıb.
Dövlətimizin başçısının fikirlərinin geniş işıqlandırıldığı “Son dakika.com” saytında dərc olunan “Ermənistan indi onları qəbul etməyə daha hazır görünür” sərlövhəli yazıda isə Azərbaycan Prezidentinin ölkəmizin Ermənistana təklif etdiyi beş prinsiplə bağlı fikirlərinə geniş yer verilib. Yazıda bildirilib: “...Beləliklə, biz o məşhur beş prinsipi açıqladıq ki, Ermənistan indi onları qəbul etməyə daha hazır görünür. Əgər üç il əvvəl onları qəbul etsəydilər və ya əsasən qəbul etsəydilər, antiterror tədbirlərinə ehtiyac qalmayacaqdı”.
Məqalədə, həmçinin Azərbaycan Prezidentinin “...düşünürəm, biz sülh gətirmişik. Biz sülhü müharibə ilə gətirdik. Düşünürəm ki, bu, Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. …biz sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu” fikirləri oxuculara təqdim olunub.
“Sülh sazişinə gəldikdə, düşünürəm ki, hazırda biz buna yaxınıq, çünki prosesi başladığımız zaman narazılıq doğuran məsələlərdən biri erməni tərəfinin dırnaqarası “Dağlıq Qarabağ respublikası”na sülh sazişində istinad etmək cəhdləri ilə bağlı idi və bunu biz, əlbəttə ki, qəbul edə bilməzdik. Onlar istəyirdilər ki, həmin məsələni müxtəlif söz birləşmələri vasitəsilə sazişə salsınlar, lakin onlar yenə də təxminən eyni alınırdı. Bizim yanaşmamız belədir ki, biz onu qeyd edə bilmərik və iki ölkə arasında razılaşma tam qarşılıqlı olmalıdır”.
Dövlətimizin başçısının bu fikirləri isə “Akdeniz gerçek” saytında yayımlanan məlumatda yer alıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Forumda çıxışı zamanı səsləndirdiyi fikirlər Serbiyanın nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən də geniş işıqlandırıb.
Bu ölkənin “RTV”, “Tanjug”, “NSPM”, “Novosti”, “Politika”, “Pravda”, “Vesti”, “PRVA”, “b92”, “Intermagazin” kimi informasiya agentlikləri və xəbər portallarında dərc olunan yazılarda Prezident İlham Əliyevin çıxışında Azərbaycanın xarici siyasət konsepsiyasında Avropa İttifaqının üzvü olmağı hədəfləmədiyini vurğuladığı bildirilir.
Azərbaycan Prezidentinin çıxışına istinadla qeyd olunur ki, bu, çox praqmatik yanaşmadır. Çünki Azərbaycanı heç vaxt qəbul etməyəcəklər. Bunun səbəbi də bəllidir.
Prezident İlham Əliyevin bu fikirləri sitat gətirilib: “Düşünürəm ki, Azərbaycanın xarici siyasət konsepsiyasında çox praqmatik səbəblərə görə Aİ-yə üzv olmaq hədəfi yoxdur, çünki bizi heç vaxt qəbul etməyəcəklər. …Əgər qəbul edilməyəcəksinizsə, niyə qapını döyməlisiniz? … Biz münasibətləri necə qurmağın yolunu tapmışıq”.
Yazılarda, həmçinin Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu, ölkəmizin İttifaqın doqquz üzvü ilə strateji tərəfdaşlığa dair bəyanatlar qəbul etdiyi və xarici ticarətin təqribən 50 faizini Aİ ilə apardığı bildirilir.
Tarix
2023.12.07 / 20:55
|
Müəllif
Axar.az
|