Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınan
siyasi partiyalar fəaliyyət göstərmirsə, qeydiyyatı, rekvizitləri
ləğv olunmalıdır. Bu, dünyanın bir çox ölkələrində var. Bəzi
ölkələrdə siyasi partiya iki ildən artıq fəaliyyət göstərmirsə,
qeydiyyatı ləğv olunur.
Bunu Report-a
açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra
katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini
qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
O xatırladıb ki, Azərbaycanda hər bir siyasi partiya gəlirləri
ilə bağlı illik maliyyə hesabatı verməlidir: "Bu, "Siyasi
partiyalar haqqında" qanunda da nəzərdə tutulub. İllik maliyyə
hesabatının açıqlanması şəffaflığın təmin olunması üçündür. Yeni
Azərbaycan Partiyası bu tələb qanunvericiliklə tənzimlənməmişdən
əvvəl də maliyyə hesabatını ictimaiyyətə açıqlayırdı. Digər
partiyalar da şəffaflığın tərəfdarıdırlarsa, hesabat verməlidirlər,
maliyyə mənbələrini açıqlamalıdırlar.
Təəssüflər olsun ki, bəzi siyasi partiyalar maliyyə
hesabatlarında heç bir rəqəm göstərmir, ağ kağız təqdim edirlər.
Yəni, guya bunların heç bir maliyyə mənbələri yoxdur. Amma hər kəs
bilir ki, həmin partiyaların qərargahlarında xeyli insan çalışır,
əmək haqqı alırlar. Partiya sədrlərinin əksəriyyəti bahalı
maşınlarda gəzir, cangüdənlərdən istifadə edirlər. Təbii ki, bu
insanlar hava ilə yaşamır, yəqin ki, bəlli bir gəlir yerləri var.
Dövlət büdcəsindən maliyyələşən partiyaların maliyyə fəaliyyətinə
Maliyyə Nazirliyi nəzarət edir, yəni, nazirliyin araşdırmaq imkanı
var. Büdcədən maliyyələşməyən partiyalar hesabat təqdim etmirsə,
qanunun tələbini pozursa, bu, hüquqi cəhətdən "Siyasi partiyalar
haqqında" qanunda əsaslandırılmalıdır".
S.Novruzov hesabat təqdim etməyən siyasi partiyaların fəaliyyəti
ilə bağlı məsələyə də toxunub: "Elə partiyalar var ki, 1992-93-cü
ildə qeydiyyatdan keçib. Həmin partiyalar qarşılarına hüquq və
vəzifələr qoysa da, icra etmir. Yəni, fəaliyyətsizdir. Fəaliyyət
göstərməyən partiyaları imkanlı şəxslər alır, "sandığa qoyub"
saxlayır. Bu da qeyri-qanunidir. Qeyd etdiyim məsələlər
qanunvericiliklə tənzimlənməlidir".
S.Novruzov qeyd edib ki, "Siyasi partiyalar haqqında" qanunda
hüquqi varislik məsələsi də əksini tapmalıdır: "Son günlər bir sıra
siyasi partiyalarda çox ciddi qarşıdurmalar baş verir. Məsələn,
partiyalardan birində sədr qurultay keçirir, strukturu yenidən
formalaşdırır. Həmin partiyanın daxilində başqa birisi də konfrans
keçirərək özünü sədr elan edir. Hər iki tərəf iddia edir ki,
partiya üzvlərinin dəstəyini qazanıb. Beləcə, qarşıdurma yaranır.
Burada hüquqi varisliyin hansı formada keçiriləcəyi
aydınlaşdırılmalıdır. Təbii ki, tərəflər məhkəməyə müraciət edir.
Məhkəmə də araşdırma aparmalıdır və "Siyasi partiyalar haqqında "
qanuna istinad etməlidir. Ona görə də bu məsələ "Siyasi partiyalar
haqqında" qanunda əksini tapmalıdır ki, məhkəmə istinad edə
bilsin".