Xocalı soyqırımı Azərbaycan xalqının tarixində XX əsrin
sonunda baş vermiş ən dəhşətli faciələrdən biridir. Bunu Moldova
İctimai Palatasının sədri Aureliya Qriqoriu "Ərazi münaqişələrinin
həllində ikili standartlar siyasəti" mövzusundakı konfransda
bildirib.
AzərTac xəbər verir ki, Kişineuda keçirilən və
Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan tədbirin
təşkilatçıları Moldovadakı Azərbaycan səfirliyi, Moldova
Respublikası hökuməti yanında İctimai İdarəçilik Akademiyası və
Moldova İctimai Palatasıdır.
Moldova İctimai Palatasının sədri Aureliya Qriqoriu qeyd edib
ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü artıq 25 ildir ki,
davam edir. Bu təcavüz insan haqlarının təməl prinsiplərinin və
beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarının kütləvi
pozulması ilə müşayiət olunur. Aureliya Qriqoriu deyib: "Təcavüz
nəticəsində Ermənistan 360 kilometr məsafədə Azərbaycan
sərhədlərini pozub, Azərbaycan-İran sərhədinin 198 kilometrlik
hissəsini öz nəzarətinə götürüb. İşğal edilmiş ərazilərdə 890
şəhər, kənd və qəsəbə, 102 min yaşayış evi, 7 min ictimai bina, 693
ümumtəhsil məktəbi, 695 səhiyyə obyekti, 800 kilometr uzunluğunda
avtomobil yolu, 160 körpü, 23.000 kilometr uzunluğunda su kəməri
xətti, 156 min hektar şumluq torpaq, 464 tarixi abidə və muzey
dağıdılıb. İlkin hesablamalara görə, təcavüz nəticəsində
Azərbaycana 600 milyard ABŞ dolları məbləğində zərər vurulub".
İctimai Palata sədrinin sözlərinə görə, Ermənistanın apardığı
hərbi əməliyyatlar və talanlar nəticəsində 20 min adam həlak olub,
100 min azərbaycanlı yaralanıb, 50 min nəfər əlil olub. A.Qriqoriu
deyib: "Beynəlxalq Qırmızı Xaç Komitəsi Qarabağ müharibəsinin
gedişində 4600 adamın itkin düşdüyünü qeydə alıb ki, bunların 3700
nəfəri azərbaycanlıdır. 2012–ci ilin rəsmi məlumatlarına əsasən,
əsir düşmüş və girov götürülmüş azərbaycanlıların sayı 4000
nəfərdən çoxdur, onların 439-u əsirlikdə həlak olub. Ermənistanın,
eləcə də Azərbaycanın işğal olunmuş ərazisindən 1 milyondan çox
azərbaycanlı qovulub. O cümlədən Ermənistanın 185 yaşayış
məntəqəsindən 250 min nəfərdən çox azərbaycanlı zorla qovulub.
Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləmələrin
qurbanı olub, elementar insan haqlarından məhrum edilib. Qovulma
talan və qətllərlə müşayiət olunub. Etnik təmizləmə siyasəti
Azərbaycanın işğal edilmiş ərazilərində də davam etdirilib. Dağlıq
Qarabağda və 7 ətraf rayonda təxminən 760 min azərbaycanlı daimi
yaşayış yerlərindən zorla çıxarılıb".
Azərbaycan ərazilərinin işğalı soyqırımı aktları ilə müşayiət
olunub. Aureliya Qriqoriu deyib: "XX əsrin sonunda Azərbaycan
xalqının qarşılaşdığı ən dəhşətli faciələrdən biri Xocalı şəhərində
baş vermiş soyqırımıdır. Bu gün o qorxunc hadisənin 24-cü
ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni
silahlı birləşmələri Xocalı şəhərini ələ keçirərək xüsusi
amansızlıqla 613 nəfəri, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanı
qətlə yetiriblər. Xocalıda azərbaycanlıların soyqırıma məruz
qalması faktı artıq bir sıra ölkələrin parlamentləri və beynəlxalq
təşkilatlar tərəfindən tanınıb. Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurası özünün dörd qətnaməsində Azərbaycan
ərazilərinin işğal edilməsi faktını birbaşa qeyd edib, bununla
bərabər, "Azərbaycan Respublikasının suverenliyi və ərazi
bütövlüyünü", habelə "beynəlxalq sərhədlərin dəyişilməzliyini" bir
daha təsdiqləyib".
İctimai Palata sədrinin fikrincə, AŞPA-nın Sərsəng su anbarı ilə
bağlı sonuncu qətnaməsi Ermənistanın təcavüzkar dövlət olmasını bir
daha təsdiqləyib. Həmin sənəddə Dağlıq Qarabağ yalnız Azərbaycanın
bir hissəsi kimi qeyd olunub. Bununla da Azərbaycanın ərazi
bütövlüyü yenə də təsbit edilib.
Elə həmin gün AŞPA-da britaniyalı deputat Robert Uolterin
qətnaməsi dinlənilib və qəbul olunmayıb. "Dağlıq Qarabağda və
Azərbaycanın digər işğal edilmiş ərazilərində zorakılığın
eskalasiyası" qətnaməsinin lehinə 66, əleyhinə 71 deputat səs
verib. Məruzədə "erməni silahlı birləşmələri və digər qeyri-nizami
birləşmələrin Dağlıq Qarabağdan çıxarılması, hər iki ölkənin
hökumətlərinin hərbi güc tətbiqindən çəkinməsi, habelə Dağlıq
Qarabağda təhlükəsizliyin dəstəklənməsi, köçkünlərin qayıdışının
təmin edilməsi, atəşkəs rejiminin pozulması hallarının təhqiq
olunması mexanizminin yaradılması üçün ATƏT-ə beynəlxalq
sülhməramlı qüvvələri formalaşdırmaq çağırışları vardı".
Aureliya Qriqoriu qeyd edib: "Dörd Moldova deputatından yalnız
biri – Valeri Qeletski AŞPA-da Dağlıq Qarabağa dair qətnamənin
qəbulunun lehinə səs verib. Liliana Palixoviç və Valentina Buliqa
bitərəf qalıblar. Deputat Andrey Nequtsa ümumiyyətlə səsvermədə
iştirak etməyib. Niyə görə Moldova - dondurulmuş münaqişəsi olan
ölkə bu sayaq qətnamələrin qəbulunda bitərəf qalır? Dövlətlərin
ərazi bütövlüyü kimi mövzunun müzakirəsi zamanı susmaq və ya
bitərəf qalmaqla Moldova özünü daha bir neçə separatçı qurumla
üzləşmək təhlükəsi altında qoyur. Bütün bunlar bir tərəfdən, ərazi
bütövlüyü məsələsində dəqiq dövlət mövqeyinin yoxluğu, qismən də
beynəlxalq birlikdə ikili standartların nəticəsidir".