Yuxarı

Güneyli məşhur yazar Anara yazdı: Bu, bizə təhqirdir!

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güneyli məşhur yazar Anara yazdı: Bu, bizə təhqirdir!

Güney Azərbaycanın tanınmış yazarlarından olan Eyvaz Taha son günlər AYB-nin Güney Azərbaycan Komissiyasının rəhbəri Sayman Aruz ətrafında baş verənlərlə bağlıl AYB sədri Anara açıq məktub göndərib.

Kult.az məktubun mətnini təqdim edir:

Hörmətli Anar müəllim!

Son dövrlərdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Cənubi Azərbaycan şöbəsi ictimaiyyətin diqqət mərkəzinə gəlmişdir. Şöbənin fəaliyyəti müxtəlif qələm sahiblərinin narazılığına səbəb olmuş, nəhayət, onun idarəçilik tərzinə qarşı Güneydən 183 imzanın etiraz səsi ucalmışdır. Mən Azərbaycan Yazıçılar Birliyinin üzvü olaraq, təfərrüata varmadan məsələyə müəyyən prinsipial mövqedən toxunmaq istəyirəm:

1. Şübhəsiz, Cənubda dilimizə, düşüncəmizə və mədəniyyətimizə hərtərəfli qayğı göstərmək həyati önəmə malik olmuşdur. Belə bir vəziyyətdə Cənubi Azərbaycan şöbəsinin mübahisə mövzusuna çevrilməsi ilk baxışdan vaxt itkisi kimi qiymətləndirilə bilərdi. Lakin nə yazıq, bu bir simptomdur; yoluxucu xəstəliyin kiçik əlaməti. Öz-özlüyündə əhəmiyyətsiz görünən bu mövzu böyük bir qurumun adı ilə bağlı olduğundan reaksiyaları labüd edir. Əslində Balaş Azəroğlunun oturduğu mütəvazi kürsünün ağır simvolik çəkisinin qorunmasından söz gedir.

2. Bir neçə il öncə Cənubi Azərbaycan şöbəsinin müəyyən bir şəxsə (Sayman Aruz nəzərdə tutulur – red.) tapşırılması hamımızı təəccübləndirmişdi. Çünki bu təşəbbüs on milyonlarla Güney azərbaycanlıya, eləcə də güneyli yazarlara qarşı təhqir mahiyyəti daşıyırdı. Vaxtilə adı Güneyin ciddi yazarları sırasında çəkilməyən birisinin birdən-birə nəhəng Güneyin təmsil məqamında oturması sanki planlaşdırılmış bir ədalətsizlik kimi rezonans doğurdu. Lakin təəssüf ki, bu rezonans Xaqani küçəsindəki Yazıçılar Birliyinin qapısını “döyə” bilməmişdi.

3. Güney Azərbaycan hazırda dil, düşüncə, mədəniyyət, ədəbiyyat və incəsənət sahələrində renessansa şahidlik edir. İndi “virtual məkan” hakim diskursun dəmir şəbəkəsini dağıdaraq, yazarlara, şairlərə, mütəfəkkirlərə və musiqiçilərə tarixi fürsət yaratmışdır. İndi gənclərimiz idman meydanlarında belə kimlik bayrağını qaldırırlar. Lakin bu oyanış bir gecədə baş vermədi. “Traktor” futbol komandasının yüz minlərlə azarkeşinin stadionlarda “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!" şuarını səsləndirməsi sürəkli fəaliyyətlərin nəticəsi idi. Bu odlu şüarlar fəlsəfi nəzəriyyələrdən, bədii nəsrin cümlələrindən, şeirlərin misralarından boy atıb, qurtuluşçu siyasətin ərsəsinə fəvvarələnmişdir. Hər hansı adi bir şəxsi beləcə dalğalanan, cəmiyyəti silkələyən, milləti oyadan reallıq fırtınasının təmsilçisi kimi təqdim etmək dövrümüzün gülünc komediyalarından biridir.

Hörmətli Anar müəllim!

Unutmuş olmazsınız ki, bir neçə il öncə son dəfə görüşünüzə gəldikdə Məmmədkazım Ələkbərli, Seyfulla Şamilov, Rəsul Rza, Səməd Vurğun, Mirzə İbrahimov, Süleyman Rəhimov, Mehdi Hüseyn, İmran Qasımov, İsmayıl Şıxlı və Anar kimi samballı şəxsiyyətlərin nəfəs aldığı qurumun alçaldılmasından danışdım. Bunun isə Yazıçılar Birliyinə xələl gətirəcəyini bildirdim. Ancaq bunu artırmadım ki, siz təkcə Azərbaycanın deyil, türk dünyasının adlı yazarısınız. Habelə Yazıçılar Birliyi yaradıcılıq ocağı olmalıdır, məzmundan formaya doğru hərəkət prosesinin güvənli axarı. Məhz buna görə də Sizin qurumsal çevrənizi yüksək söz sahibləri əhatə etməlidir.

Düşüncə, ədəbiyyat və incəsənət dil iqlimində yerləşir. Bu iqlimə yaraşmayan vasitə ilə hansısa mədəni statusu qazanmaq, varlığın yuvalandığı “söz”ü yaralayır. Yaralı sözdən isə toplumun ruhu kədərlənir.

Dərin sayğı ilə,

“Yol”, “Cahan” jurnalları və “Yarpaq” qəzetinin baş yazarı

Eyvaz TAHA.

Tarix
2025.12.08 / 15:23
Müəllif
Kult.az
Digər xəbərlər

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla