Yuxarı

Sərəncam: Bu sistemlər yenilənir, onlar üçün evlər tikilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərəncam: Bu sistemlər yenilənir, onlar üçün evlər tikilir

2026-cı ilin mart-aprel ayları ərzində güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olub, kənd təsərrüfatına, infrastruktur (yol, körpü, elektrik) obyektlərinə və yaşayış evlərinə ciddi ziyan vurub.

Azərbaycan Prezidenti İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün ümumilikdə 86 milyon manata yaxın vəsait ayırıb. Sərəncama əsasən, sel nəticəsində dağılan fərdi yaşayış evlərin tikintisi Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhəri, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Quba və Xızı rayonlarında həyata keçiriləcək.

Məsələ ilə bağlı Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc bildirib ki, son aylar ölkəmizdə, xüsusilə Bakı şəhərində müşahidə olunan güclü leysan yağışları və sel hadisələri bir daha göstərdi ki, şəhər infrastrukturu və planlaşdırma məsələləri yalnız texniki deyil, həm də strateji və milli təhlükəsizlik xarakteri daşıyır:

“İntensiv yağışlar nəticəsində həm paytaxtda, həm də regionlarda ciddi problemlər yarandı. Küçələrin su altında qalması, kanalizasiya və yağış sularının axıdılması sistemlərinin yüklənməsi, yaşayış sahələrinə ziyan dəyməsi göstərdi ki, mövcud infrastruktur bəzi hallarda müasir çağırışlara tam cavab vermir. Regionlarda isə mənzərə daha ağır idi. Sel suları kənd təsərrüfatına ziyan vurdu, yollar və körpülər dağıldı, bəzi yaşayış evləri tamamilə yararsız vəziyyətə düşdü. Lakin təbii fəlakət təkcə illik yağıntı normasının zaman intervalının dəyişməsi hadisəsi deyil, həm də infrastruktur və tikinti siyasətinin problemi kimi ortaya çıxdı”.

Millət vəkilinin sözlərinə görə, həm Bakı, həm də Azərbaycanın digər şəhərləri müxtəlif tarixi mərhələlərdən, fərqli idarəetmə və planlaşdırma siyasətindən keçərək hazırki vəziyyətə gəlib çatıb:

“Hər bir dövr öz izini infrastruktura qoyub. Problemlərin bir qismi illər, hətta onilliklər ərzində formalaşmış sistemli boşluqlarla bağlıdır.

Dünya təcrübəsinə baxsaq, məsələn, Roma şəhərində kanalizasiya sisteminin bəzi elementlərinin min illərlə yaşı var və infrastruktur zamanla təkmilləşdirilərək qorunub saxlanılıb. Digər Avropa şəhərləri də kanalizasiya və kollektor sistemindən başlayaraq qurulub. Deməli, aparılan siyasət şəhərsalmanın nə qədər uzunmüddətli və davamlı yanaşma tələb etdiyini göstərən ən yaxşı nümunələrdir.

Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncam yalnız mövcud fəsadların aradan qaldırılması deyil, həm də gələcək üçün ciddi vəzifələr və tapşırıqların müəyyənləşdirilməsi üçün proqram sayıla bilər. Operativ mərhələdə artıq mühüm işlər görülüb. Aidiyyəti qurumlar tərəfindən su basmış ərazilərdən suların çəkilməsi, sel sularının maneəsiz ötürülməsi, əhalinin təxliyəsi və təhlükəsizliyinin təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Sərəncamın ən vacib tərəflərindən biri sel nəticəsində zərər görən 52 fərdi yaşayış evinin yenidən tikilməsidir. Paytaxt üzrə sosial məsələlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icra olunacaq. Keşlə qəsəbəsində zərər çəkmiş evlərin təmiri, sakinlərə maddi yardım göstərilməsi və hətta 3 aylıq kirayə xərclərinin qarşılanması kimi addımlar sosial həssas yanaşmanın göstəricisidir.

Su infrastrukturu sahəsində əsas yük Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzərinə düşür. Kanal və kollektorların təmizlənməsi, nasos stansiyalarının yenilənməsi və mühafizə bəndlərinin tikintisi gələcəkdə bu cür halların qarşısının alınması baxımından strateji əhəmiyyət daşıyır. Lakin məsələni daha geniş perspektivdə qiymətləndirdikdə, burada xüsusilə Qarabağ bölgəsində həyata keçirilən quruculuq işləri ön plana çıxır. Azad torpaqlarda sıfırdan qurulan şəhər və kəndlər Azərbaycan üçün unikal fürsətdir. Həmin ərazilərdə aparılan tikinti və şəhərsalma işləri yalnız bərpa deyil, həm də gələcək nəsillər üçün model rolunu oynamalıdır.

Yəni burada məqsəd təkcə gözəl memarlıq və estetik görünüş deyil. Əsas hədəf müasir standartlara cavab verən, bütün normativ qaydaların ciddi şəkildə tətbiq olunduğu, dayanıqlı və təhlükəsiz yaşayış məkanlarının yaradılmasıdır. Qarabağda qurulan hər bir yaşayış məntəqəsi həm memarlıq baxımından, həm də mühəndis-kommunikasiya sistemlərinin qurulmasına görə nümunə olmalıdır”.

Zahid Orucun sözlərinə görə, düzgün şəhərsalma siyasəti milli ideya səviyyəsinə qaldırılmalıdır:

“Yeni tikilən kənd və şəhərlərdə drenaj sistemləri, su xətləri, yol infrastrukturu və digər mühüm elementlər əvvəlcədən düzgün planlaşdırılmalı, sonradan problem yaranacaq boşluqlara yer verilməməlidir. Baş verən son hadisələr də göstərdi ki, təbii yağışların fəlakətə çevrilməsi əksər hallarda infrastrukturun yetərsizliyi ilə bağlı olur. Əgər sistem düzgün qurularsa, ən güclü yağış belə ciddi fəsad yaratmaz, əksinə ev və şəhər təsərrüfatı üçün əvəzsiz nemət hesab olunar.

Ona görə də qarşıdakı dövrdə əsas prioritetlərdən biri şəhərsalma üzərində nəzarətin gücləndirilməsi olmalıdır. Mövcud problemlərin mərhələli şəkildə aradan qaldırılması, köhnə sistemlərin modernləşdirilməsi və yeni layihələrdə beynəlxalq standartların tətbiqi bu sahədə əsas istiqamətlər kimi çıxış etməlidir.

Nəticə etibarilə, Prezidentin qərarı yalnız bugünkü vəziyyəti deyil, gələcək onillikləri formalaşdırır”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" istiqaməti üzrə hazırlanıb.

Tarix
2026.05.01 / 12:07
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Diplomatlar Xocalı Soyqırımı Memorial kompleksində - Foto

Bakıda 5 yaşlı uşaq qonaq getdiyi evdə faciəvi şəkildə öldü

Milli Məclis Avropa Parlamenti ilə əlaqələri dayandırdı

Azərbaycan regionda hərbi əməliyyatlar fonunda...

Ukrayna müharibəsi ilə bağlı kədərli proqnoz açıqlandı

Milli Məclisin iclası başladı

AB səfiri XİN-ə çağırıldı: nota təqdim edildi

ABŞ 48 saatda 30 təyyarə göndərdi: Hücum başlayır

Azərbaycanda idman siyasəti bu strategiyaya əsaslanır

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla