Dəhşətli bir mənzərə. Göydən güllə yağışı yağır. Şəhər 4
tərəfdən atəşə tutulub...
O, Xocalını belə xatırlayır...
Trend xəbər verir ki, Ceyran Əzizova Xocalı
faciəsini göz yaşları ilə danışır. 1964-cü ildə Xocalıda anadan
olan Ceyran xanım köklü-əsilli xocalılıdır və Xocalı dəhşəti zamanı
ən çox ailə üzvünü itirən şəxslərdən biri, bəlkə də birincisidir.
1983-cü ildən 1992-ci il fevralın 13-dək Xocalıda uşaq bağçalarının
baş mühasibi işləyib. 1989-cu ildə Xocalı sakini Vasif Məmmədovla
ailə həyatı qurub və birgə nikahlarından iki övladı var.
Xocalıdan çıxanda övladlarının birinin 2, digərinin isə 1 yaşı
olub: "Yoldaşım Xocalının özünün müdafiə batalyonunda döyüşürdü.
Evdə tək qalırdım, hər gecə qorxu içərisində yaşayırdıq. Ermənilər
müxtəlif yollarla evlərə soxulur, sakinləri öldürürdü,
aparırdı".
"Vertolyot gözümüzün önündə iki yerə bölündü və yerə
düşdü"
C.Əzizova deyir ki, ermənilər 1991-ci il sentyabrın 10-dan 11-nə
keçən gecə Xocalını ağır hərbi texnikalardan atəşə tutub. Səhərə
qədər Kətik, Bozdağ və Mehtikənd yüksəkliyindən Xocalı "Qrad"
atəşinə tutulub: "Səhər artıq insanlar nəfəs almağa çətinlik
çəkirdi. O qədər "Qrad" atmışdılar ki, nəfəs ala bilmirdik. Havadan
zəhər udurduq. Bozdağdan atılan bir "Qrad" bacımgilin evinə düşdü.
Bir müddətdən sonra təcili tibbi yardım maşını həmin istiqamətə
yollandı. Qonşularımızdan biri gəlib uşaqları məndən aldı və
"bacıngil tərəfə get" dedi. Əvvəl heç nə başa düşmədim, sonradan
məlum oldu ki, bacımın yoldaşı öldürülüb".
Xocalının ilk şəhidi C.Əzizovanın bacısının həyat yoldaşı Zahid
Muradov olub. "Qrad" zərbəsi Z.Muradovun boynundan şah damarını
kəsib. C.Əzizovanın 3 ay əvvəl ailə quran bacısı başsız
qalıb...
Həmin gündən Xocalının şəhidləri artmağa başlayır. Əsgəran
yolunda C.Əzizovanın 4 qohumu güllələnir, nəsil tamamilə yasa qərq
olur.
Xocalının qara günləri başlayır. Şəhər oktyabr ayından tam
mühasirəyə alınır və blokadaya düşür. Ermənilər Xocalının bütün
quru yolunu bağlayır, giriş-çıxışlara postlar qurur. Xocalı
dəhşətli faciələr yaşamağa başlayır. Şəhərə ərzaq da buraxılmır.
Çörək maşınları vurulur, geri qaytarılır.
1992-ci il yanvarın 28-də Şuşaya gedən vertolyot Xocalının
üstündən keçərkən erməni silahlı birləşmələri tərəfindən vurulur və
ondan sonra şəhərə heç bir yardım gəlmir. C.Əzizova həmin hadisəni
belə xatırlayır: "Vertolyot gözümüzün önündə iki yerə bölündü və
yerə düşdü. Vertolyotun içərisindəki insanların qışqırtısı hələ də
gözümün önündən getmir. Çox dəhşətli mənzərə idi".
Bu hadisədən sonra Xocalının hava yolu da tam bağlanıb. Nə
yardım gətirən olub, nə köməyə gələn. 1992-ci il yanvarın 28-dən
Xocalı sakinləri tam köməksiz və yardımsız qalıb.
"Xəmiri ocaqda qızardıb qənaətlə uşaqlara
verirdik"
C.Əzizova deyir ki, iki azyaşlı körpə ilə günlərlə ac qalıb:
"Qazımızı, işığımızı kəsdilər. Qaranlıqda qaldıq. Çörək sexlərini
generatorlarla işlətmək istədilər, o da alınmadı. İş o yerə çatdı
ki, Xocalıya heç bir yardım gəlmədiyindən şəhərdəki çörək sexləri
evlərə qablarda xəmir paylamağa başladılar ki, acından ölməyək.
Xəmiri ocaqda qızardıb qənaətlə uşaqlara verirdik. Əli silah tutan
kişilər hamısı səngərlərdə idi. Soyuq qış günlərində səngərdəkilər
gündən-günə xəstələnir, azyaşlılar qızdıqmadan yanır. Körpələrin
qızdırmasının qarşısını almağa heç bir dərman da yox. Allahın
ümidinə qalmışdıq. Fevralın 12-dən 13-nə keçən gecə həyat yoldaşım
məni gətirib qoydu qayınanamgilə ki, körpə üşaqlarla tək qalmayım.
Həmin axşam saat 10-a işləmiş Xocalıda evlər iriçaplı silahlardan
atəşə tutuldu. Evlərin divarlarına söykənib qaldıq ki, güllə
dəyməsin. Güllələr yağış kimi yağırdı evin içərisinə. Heç kimin sağ
çıxmaq ehtimalı yox idi. Təxminən 20-30 dəqiqə ərzində atəş
dayanmadı. Bizimkilərdə silah yox idi. Təqribən 10 adamdan birində
silah var idi. Atəş kəsiləndən sonra qaynım qaça-qaça gəldi ki,
artıq Xocalının taleyi həll olundu. Bildirdi ki, ermənilər bu
atəşlə Xocalının gücünü yoxlamaq istəyirdilər, onlara məlum oldu
ki, Xocalıda silah yoxdur".
11 gün Ağdamda qərargahda gecələyib yaxınlarından xəbər
gözləyən qadın
Və nəhayət, fevralın 13-də C.Əzizova məcburi Xocalıdan çıxmalı
olur...
Həyat yoldaşı onu və iki azyaşlı övladını təhlükəsizlik
məqsədilə Xocalıdan vertolyotla Ağdama göndərir: "Həmin gün yaşlı
və uşaqlı qadınları Xocalıdan çıxarmaq üçün iki vertolyot gəldi.
Heç kim getmək istəmirdi, amma məcbur idik. Əvvəlcə vertolyotun
biri yaralı və qocaları apardı. Bizə yer olmadı. Biz dərə-təpə ilə
gəlib çayı keçdik. Bu vaxt bir yük vertolyotu göründü. Qaçdıq
vertolyotun yanına. Bəlkə 500 adam vardı - yaralı, qoca, qadın,
uşaqlı. Vertolyotun yük yeri də dolmuşdu. Mənə yer olmadı. Bu vaxt
Xocalının icra başçısı Elman Məmmədov uşaqlarımı əlimdən alıb
vertolyotun sürücüləri olan kabinəyə qoydu və məni də onların
yanına mindirdi. Yoldaşım bizi həmin vertolyotla Gəncəyə yola
saldı, özü isə geri qayıtdı. Amma mən dayana bilməyib Ağdama
qayıtdım. Bütün əzizlərim Xocalıda idi".
C.Əzizova deyir ki, Ağdamda Xocalı ilə əlaqə saxlamaq üçün
xüsusi qərargah yaradılıb: "Fevralın 14-dən 26-dək həmin qərargahın
qarşısında yatdıq. Hər an xəbər gözləyirdik, amma heç nə
demirdilər. Hər gün Xocalıya poçta zəng vururdum, qonşularımıza
zəng vururdum ki, həyat yoldaşımdan, hamilə bacımdan, qohumlarımdan
xəbər bilim. Fevralın 25-də Xocalı polis şöbəsinə zəng vurub həyat
yoldaşımı soruşdum, çünki yoldaşımın ağciyərində problem var idi.
Qonşularımızdan biri gəlib telefonda dedi ki, həyat yoldaşım
postdadır, vəziyyəti yaxşıdır".
Martın 2-də gecə Xocalıdan 86 meyit yüklənmiş "Kamaz" gəldi
"Fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum olub, bizə
deməyiblər. Səhər saat 6-da xəbər çıxdı ki, gecə Xocalıda hamını
öldürüblər...
Xocalılar gələn tərəfə yollandım. 30 nəfərə qədər insan sağ çıxa
bilmişdi, onların da ayaqları yalın, don vurmuş vəziyyətdə. Mənim
qohumlarımdan heç kim yox idi. Bacımı axtardım, "gördüm" deyən yox
idi. Şelli dərəsinə getdik ki, camaat oradan gəlir. O qədər yaralı,
meyit gətirirdilər ki. Qohumlarımın heç birindən xəbər yox idi.
Neçə gün Şelli dərəsində gələn yaralılara, gətirilən meyitlərə
baxdım. Heç kimi tapa bilmədim. Bir həftədən sonra xəbər çıxdı ki,
bacımı Tərtər rayonuna aparıblar. Nə yoldaşımdan xəbər vardı, nə
qaynımdan, nə qayınatam, qayınanamdan, nə də qaynımın oğlundan.
Üç gündən sonra qayınanam girovluqdan buraxıldı, qan içində
gəldi. O, deyəndən sonra bildik ki, qaynım və qaynımın oğlunu
öldürüblər. Məlum oldu ki, mənim həyat yoldaşım qohumumuz, Milli
Qəhrəman Araz Səlimova köməyə gedəndə mühasirəyə düşüb. Ermənilər
Arazın bacısı və bacısı uşaqlarını girov götürüb, Arazdan və
yoldaşımdan təslim olmasını istəyiblər. Məcburiyyət qarşısında
qalan yoldaşım və Araz silahı yerə atıb təslim olaraq girovluqda
olanları azad ediblər. Amma ermənilər Arazı və mənim həyat
yoldaşımı xüsusi amansızlıqla öldürüblər. 5 gündən sonra atamı don
vurmuş vəziyyətdə meşədən tapdılar. Bir müddət yaşayandan sonra
dünyasını dəyişdi.
Martın 2-də gecə Xocalıdan 86 meyit yüklənmiş "Kamaz" gəldi.
Həyat yoldaşımın meyitini oradan tapdıq, qarnı cırılmış, boynu
qırılmış vəziyyətdə, qolunda güllə yerləri. Ermənilər onları
Əsgəranda güllələyib dərəyə atmışdılar. Onları Ağdamda dəfn etdik.
Bir müddətdən sonra həmin ərazi də ermənilər tərəfindən işğal
olundu və indi o qəbirləri də ziyarət edə bilmirik".
Xocalı faciəsində C.Əzizova həyat yoldaşı ilə yanaşı, 68 nəfər
qohumunu itirib: "Qaynım, qaynımın oğlu, baldızım, bibim, bibimin
yoldaşı, iki oğlu və digər bibimin ailəsindən cəmi bir oğlu qalıb,
qalanları ölüb. Əksəriyyətinin nə ölüsündən xəbər var, nə də
dirisindən. Həmin gün itirdiyimiz qohumlarımızın 30 faizinin
meyitini də tapa bilmədik. O boyda nəsildən bir qəbir var - Bakıda
Şəhidlər xiyabanında Milli Qəhrəman Tofiq Hüseynovun qəbri. Qalan
əzizlərimizin meyitlərindən xəbərimiz yoxdur".
C.Əzizova hazırda 25 və 26 yaşlı iki övladı ilə Pirşağıdakı
pansionatda məskunlaşıb...