Kremlin əsas şərti məlumdur; "ABŞ və NATO-nun adamı" Əbiyevin
görəvdən alınmasının və rus generalının Müdafiə Nazirliyində yüksək
posta təyinatının sensasion sirri...
"Rusiya Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın
işğal olunmuş beş rayonunu-Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və
Qubadlının boşaldılmasına prinsipial razılıq verib". Diplomatik
kanallardan "Yeni Müsavat"a daxil olan bu xəbər əlbəttə ki,
Azərbaycan oxucusu üçün sensasion sayıla bilməz. Çünki 2007-ci
ildən üzü bəri hətta Azərbaycanın dövlət rəsmiləri səviyyəsində də
səslənən bu kimi iddialar gerçəkləşməyib və tezliklə gündəmdən
çıxıb.
Amma xəbəri bir Qərb diplomatına istinadən redaksiyamıza verən
mənbənin sözlərinə görə, məsələ bu dəfə çox ciddidir və Rusiya
Dağlıq Qarabağ probleminin həllində özündə saxladığı açarı artıq
masa üzərinə qoyub. Azərbaycanın 5 rayonun boşaldılmasını (üstəgəl
Laçının da 13 kəndinin işğaldan azad edilməsini) nəzərdə tutan
Madrid prinsiplərində münaqişənin nizamlanmasının bütün mərhələləri
öz əksini tapıb. Nizamlanmanın birinci mərhələsində 5 rayon və
Laçının 13 kəndi azad olunmalıdır. Bu ərazilərdən erməni qoşunları
çıxarıldıqdan sonra bütün sərhədlər və kommunikasiyalar açılmalı,
minalanmış torpaqlar təmizlənməli və dağıdılmış kommunikasiyalar
bərpa olunmalıdır. Bundan sonra regionda sülhməramlı müşahidəçilər
yerləşdirilməli, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin
edilməlidir. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə
işğaldan azad edilməli, azərbaycanlı icma Dağlıq Qarabağa
qayıtmalı, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
Dağlıq Qarabağın hüququ statusu müəyyən edilməlidir. Ermənistan
tərəfi illərdir ki, 5 rayonun boşaldılması təklifi ilə bağlı
razılaşma olarsa, bu halda Dağlıq Qarabağın statusunun referendumla
müəyyən edilməsinə və buna qədər Laçın və Kəlbəcər rayonlarının
işğalda qalmasına çalışır. Azərbaycan isə bu təklifi qəbuledilməz
sayır. Rəsmi Bakı yalnız o halda razılıq verəcəyini deyir ki,
Dağlıq Qarabağın statusu məsələsi ən azı beş il sonraya
saxlanılsın.
Yada salaq ki, münaqişənin nizamlanması ilə bağlı sənəd tərəflərə
ilk dəfə 2007-ci il noyabrın sonunda Madriddə təqdim olunub. Bundan
sonra, Azərbaycan və Ermənistan prezidentlərinin 2008-ci il iyunun
5-də Sankt-Peterburqda, noyabrın 2-də Moskvada, 2009-cu il yanvarın
28-də Sürixdə, mayın 7-də Praqada, iyunun 4-də Sankt-Peterburqda,
iyulun 17-18-də Moskvada, oktyabrın 8-9-da Kişinyovda, noyabrın
22-də Münhendə, 2010-cu il yanvarın 25-də Soçidə, iyunun 17-də
Sankt-Peterburqda, oktyabrın 27-də Həştərxanda, 2011-ci il martın
5-də Soçidə, iyunun 24-də Kazanda, 2012-ci il yanvarın 25-də isə
Soçidə 14 görüşü keçirilib. Azərbaycanın təkliflərindən sonra
yeniləşən Madrid prinsipləri bu illər ərzində məhz Ermənistanın
tutduğu qeyri-konstruktiv mövqe nəticəsində reallaşmayıb.
İndi isə Rusiya Azərbaycana o vədi verib: "Ermənistan 5 rayonu
boşaldacaq!" Qeyd edək ki, yuxarıda sadaladığımız bu görüşlərdən
9-u, eləcə də son 6-sı Rusiya prezidentinin (Dmitri Medvedyevin)
vasitəçiliyi ilə keçirilib.
Rusiyanın Azərbaycana vəd etdiyi 5 rayonun boşaldılması üçün əsas
şərti də "Yeni Müsavat"a məlumdur. Azərbaycan Rusiyanın patronajlıq
etdiyi Gömrük və Avrasiya ittifaqlarına qoşulmalıdır. Azərbaycanın
işğalçı bir ölkə ilə geniş əməkdaşlığı nəzərdə tutan ittifaqlara
üzvlüyü mümkünsüzdür və bunu Rusiya yaxşı anlayır. Münaqişənin
həlli ilə bağlı ciddi hərəkətliliyin olmasını Belarus prezidentinin
Azərbaycanda nədənsə, çox da diqqət yetirilməyən son bəyanatı da
təsdiqləyir. Oktyabrın 24-də Minskdə MDB dövlət başçılarının
sammitindən bir gün əvvəl keçirilən Avrasiya Ali İqtisadi Şurasının
toplantısında Lukaşenko deyib ki, Ermənistanın Gömrük İttifaqına
üzvlüyü məsələsində Azərbaycanın mövqeyinin nəzərə alınması
önəmlidir. Lukaşenkonun fikrincə, Ermənistanın Azərbaycanla həll
olunmamış ərazi münaqişəsinin olması üzvlükdə problem yarada bilər.
Bu bəyanatın təhlili iki mühüm məqamı
ortaya çıxarır. Birincisi, Rusiya və tərəfdaş ölkələrin Gömrük və
Avrasiya ittifaqlarının yaradılması Dağlıq Qarabağ münaqişəsi həll
olunmadan mümkünsüz sayılır.
İkinci mühüm məqam ondan ibarətdir ki, Azərbaycan bu birliklərə
qoşulmağa razılıq verib və əsas şərti də Qarabağ probleminin
həllidir. Aydındır ki, Rusiyanın razılığı olmadan ev sahibi olsa
da, Lukaşenko bu cür ciddi, həm də Ermənistanı küncə sıxacaq
bəyanat verə bilməzdi. Bu, Rusiya prezidentinin ən çox önəm verdiyi
bir projenin baş tuta bilməməsi variantında əsas günahkarın
Ermənistan olacağına mesajdır. Putin isə Avropa Birliyinə az qala
alternativ kimi düşündüyü bu ittifaqları Ermənistanın cığallığına
qurban vermək istəməz.
Azərbaycanın iqtisadi inkişafı Rusiyanın ölkəmizə təzyiq
imkanlarını minimuma endirib. Kreml də bunun fərqindədir. Bu
səbəbdən də Azərbaycana daha diplomatik və həssas nöqtədən yanaşma
tələb olunur. Bunun yolu isə Qarabağdan keçir. Kreml rəhbərliyi onu
da yaxşı anlayır ki, ağlı başında olan heç bir hakimiyyəti
təzyiqlər yolu ilə ərazi münaqişəsində olduğu digər bir dövlətlə
hər hansı iqtisadi əlaqələr qurmağa razı salmaq olmaz. Belə bir
razılaşmaya gedən dövlət başçısı isə hakimiyyətini qoruya bilməz...
Hakimiyyətini qorumaq istəyən Azərbaycan rəhbərliyinin də Putinin
inad etdiyi birliklərə yalnız Qarabağ şərti ilə qoşulacağına
razılıq verməsi inandırıcı görünür.
Diplomatik mənbənin dediyinə görə, Putinin Bakıya avqust səfərində
də əsas müzakirə mövzusu Qarabağ ətrafında 5 rayonun boşaldılması
olub. Bu məlumat çox konfidensial saxlanılsa da, razılaşmanın bəzi
detalları ABŞ-a məlum olub. Hətta bir qədər ziddiyyətli görünsə də,
ABŞ-ın 9 oktyabr seçkisinə sərt mövqeyini bu görüşdə əldə edilən
razılaşma ilə izah edənlər də var.
Putinin səfərində Rusiyanın Gömrük ittifaqına üzvlüklə bağlı
Azərbaycanın dekabrın 15-dək qərar verməsini istədiyi barədə bir
neçə dəfə yazılıb. Amma həmin görüşdə daha iki sensasion məsələ də
müzakirə edilib.
Qərb mənbələrinə məlum olub ki, Rusiya 5 rayonun boşaldılmasından
sonra Madrid prinsiplərində nəzərdə tutulduğu kimi, regiona BMT
sülhməramlılarının deyil, rus qoşunlarının yerləşdirilməsini
istəyir. Münaqişənin həllində açar rolunu oynayan Rusiyanın
təşəbbüsü ələ almaq istəməsi və sülhməramlılarının Qarabağda
yerləşdirilməsinə çalışması barədə xəbərlər də yeni deyil. Amma bu
dəfə Rusiya bu prosesdə həmsədr ölkələrdən fərqli bir rol almaq
istəyir və 5 rayonun boşaldılmasına nail ola bilərsə, sülhün
qarantı kimi də Qarabağa qoşun yeritmək iddiası əsaslı görünür. (Bu
qoşunun statusu isə "MDB sülhməramlıları" kimi tərtib olunacaq.)
Yəni hər şeyi Rusiya həll edirsə, ABŞ, Fransa və ya BMT niyə sülhə
qarant olsun ki? Azərbaycanın bu məsələdə indilikdə hansı mövqedə
olduğunu demək çətindir, çünki yalnız münaqişənin həllində ciddi
irəliləyiş əldə etdikdən sonra bu barədə danışmaq olar. Qərb
diplomatı bu görüşdə Rusiyanın sülhməramlılarla bağlı şərtini ilkin
olaraq razılaşdırdığını iddia edib.
"Rusiyanın həmin görüşdə irəli sürdüyü bir şərti isə artıq yerinə
yetirilib" deyən, mənbəmiz adını gizli saxladığı diplomatın
sensasion sözlərini "Yeni Müsavat" la bölüşüb: "Səfər Əbiyevin
istefasının (nəzərə çatdıraq ki, "Yeni Müsavat" və digər qəzetlər
bu istefanın daha çox daxili amillərlə-nazirin gizli bank
hesabları, ordudakı özbaşınalıq və komandanlığa inamın zəifləməsi
və sair kim səbəblərlə izah edib) əsas səbəbi Rusiya ilə bağlıdır.
Rusiya "ABŞ və NATO-nun generalı" hesab etdikləri Əbiyevin görəvdən
alınmasını Qarabağ razılaşmasının şərti kimi qoyub. Görünür, Kreml
Əbiyevin bu razılaşmada "əngəl"ola biləcəyindən ehtiyat edib".
Qeyd edək ki, 18 il nazir olmuş S.Əbiyev Rusiya ilə də normal
əlaqələr yaratsa da, ordu quruculuğunda əsasən NATO modelinə
üstünlük verirdi.
Rusiyanın bu postda Əbiyevlə konfliktdə olan Baş Qərargah rəisi
Nəcməddin Sadıqovu görmək istədiyi də iddia olunur. Amma bu təklifi
də bir çox səbəblərdən hakimiyyət qəbul etməyib. Yeni müdafiə
naziri general-polkovnik Zakir Həsənovun ehtiyatda olan
general-mayor Anatoli Vasyakı nazirlikdə yeni vəzifəyə təyin etməsi
bu xəbərlərin fonunda çox diqqətəlayiqdir. Qeyd edək ki, slavyan
mənşəli general Müdafiə Nazirliyində yaradılmış Daxili
Təhlükəsizlik İdarəsinə şöbə müdiri vəzifəsinə təyin edilib.
Çox maraqlıdır ki, general Vasyak Baş Qərargah rəisi
general-polkovnik Nəcməddin Sadıqovun ən yaxın dostlarından və
sirdaşlarından biridir...
ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə Azərbaycana
gələcəklər.
Rəsmi məlumatlara görə, həmsədrlər səfər zamanı Azərbaycan
rəsmiləri ilə görüşəcək, münaqişənin həlli prosesində yaranmış
vəziyyəti müzakirə edəcəklər. Həmsədrlərin bölgəyə səfərində əsas
məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü
təşkil etməkdir. Onlar Bakıdan Ermənistana yollanacaq. Həmsədrlərin
səfəri ərəfəsi bu məlumatların media vasitəsilə ictimaiyyətə
ötürülməsinin arxasında hansı ciddi niyyətlərin dayandığını
öyrənmək də maraqlı olacaq.
Həmsədrləri gözləyək...