Cəbhədə baş verən son
hadisələr zamanı Rusiyanın hətta nisbətən azad və demokratik hesab
etdiyimiz media qurumları belə Azərbaycana qarşı soyuq və psixoloji
müharibə aparırdılar.
Bunu Axar.az-a açıqlamasında media eksperti Qulu Məhərrəmli
deyib.
O, son günlərdə cəbhədə baş verən hadisələrin dünya mediasında
hansı formada yayımlanmasını şərh edib:
"Türkiyə mediası cəbhədə baş verən son hadisələrə bir qardaş
baxışından yanaşdı və bu aspektdən çıxış etdi. Rusiya mediası
barəsində isə bunları demək çox çətindir. Çünki Rusiyanın hətta
nisbətən azad və demokratik hesab etdiyimiz media qurumları belə
(Exo Moskva – red.) Azərbaycana qarşı soyuq və psixoloji müharibə
aparırdılar. Bizimlə müharibə edən dövlətin arxasında
dayanan Rusiyanın media orqanlarında Azərbaycan əleyhinə
materiallar yayımlandı. Onlar Azərbaycanı hətta işğalçı, terrorçu
kimi yaramaz ifadələrlə təhdid eləməyə çalışdılar. Qərb mediası isə
daha çox balanslı, yəni həm Azərbaycan, həm də erməni mənbələrinə
istinadən xəbərlər verdi. Xüsusilə, hadisələr işıqlandırılan zaman
Azərbaycanın ərazi bütövlüyü məsələsi, BMT-nin və Avropa Şurasının
Qarabağ münaqişəsinə baxışlarını əks etdirən mövqe ön planda oldu.
Azərbaycan ərazilərinin işğal faktı dönə-dönə vurğulandı".
Ekspert bildirib ki, Azərbaycan bu informasiya müharibəsini özü
tənzimləməlidir:
"Ümumiyyətlə, hazır, çevik qurumlar olmalı, müasir texnologiyaya
əsaslanmalı və bugünkü medianın standartlarına uyğun xəbərlər
yayımlanmalıdır. Biz təbliğatla dünya mediasına veriləcək
informasiyaların fərqini bilməliyik. Azərbaycan özü bu müharibəyə
hazır olmalıdır. Müdafiə Nazirliyi bu dəfə normal məlumatlar
çatdıra bildi. Ümumiyyətlə, bizim beynəlxalq imici olan informasiya
qurumlarımız olmalıdır ki, dünya mediası onlara istinad etsin və
onların yaydığı məlumatları versin. Bu baxımdan gələcəyi nəzərə
almalıyıq".
Media eksperti Ələsgər Məmmədli də Rusiya mətbuatının Azərbaycan
əleyhinə yanlış informasiyalar verdiyini bildirib:
"Türkiyə son hadisələr zamanı birmənalı olaraq, Azərbaycanın
haqlı mövqeyini dəstəklədi. İstər media, istər siyasi elitası,
istərsə də hökuməti ciddi şəkildə Azərbaycana dəstək verdi. Rusiya
mətbuatı isə birmənalı olaraq sinifdə qaldı. Çünki Rusiya mətbuatı
tamamilə yalan, Azərbaycana məxsus informasiyaları dəyişdirib,
ermənilərin adına verən, Azərbaycanın xəritəsini, münaqişənin
mahiyyətini təhrif edən məlumatlar yayımladı. Ümumiyyətlə,
başdan-sona sırf Ermənistan mənbəsinə istinadən hərəkət edərək,
cəmiyyətini o istiqamətdə köklədi. Təsadüfi deyil ki,
teledebatlarda, ictimai müzakirələrdə Azərbaycanın mövqeyini
müdafiə edənlər çox ciddi hücumlara məruz qaldı. Ayrıca buraya
gələn jurnalistlər də tərəfli informasiyalar verməyə çalışdı. Qərb
mətbuatı isə həmişəkindən fərqli olaraq, bu dəfə daha obyektiv
oldu. Düzdür, orda da müəyyən problemlər vardı, lakin ümumi
götürəndə, Azərbaycanın ərazi bütövlüyünün BMT-nin qətnamələri və
AB tərəfindən vurğulandığı, konfliktin Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində öz həllini tapmalı olduğu sistemli şəkildə Qərb
mətbuatının informasiyalarında qeyd edilirdi. Qərb mətbuatı bu dəfə
obyektivliyə daha yaxın idi".