Bu gün Azərbaycan prezidenti İlham Əliyev və xanımı
Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində
yerləşən Tərtər, Bərdə və Ağdam rayonlarında
olublar.
Axar.az xəbər verir ki, dövləti başçısı əvvəlcə Tərtər
rayonundakı "N" saylı hərbi hissəyə gəlib.
Müdafiə naziri Zakir Həsənov təmas xəttindəki son vəziyyət
barədə Ali Baş Komandan İlham Əliyevə məlumat verib. Prezident
İlham Əliyev hərbi hissənin qərargahı, yeməkxanası və kazarması ilə
tanış olub. Ali Baş Komandan hərbçilərlə görüşüb, təmas xəttində
Ermənistan ordusunun törətdiyi təxribatların qarşısını alarkən
şücaət göstərmiş döyüşçülərə hədiyyələr təqdim edib.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin
27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən
iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş
nəticəsində Tərtər şəhərində, təmas xəttinin 200 metrliyində
yerləşən Qapanlı kəndində, həmçinin Ağdam rayonunun Mahrızlı
kəndində olub, dağılmış evlərə baxıb, yerli sakinlərlə görüşüb
söhbət ediblər. Dövlət başçısı həmin evlərin tezliklə bərpa
olunması ilə bağlı müvafiq tapşırıqlarını verib.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva erməni
silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralanaraq Bərdə
Müalicə-Diaqnostika Mərkəzində müalicə olunan mülki vətəndaşlara
baş çəkib, onların tezliklə sağalmalarını arzu ediblər.
Sosial səhifələrdə paylaş