Ana səhifə Kult |
3 gündür bu ölkədə hər kəs “ağıllı”, “müdrik”, “uzaqgörən”, “anlayışlı” olub: hər kəs Qroznıda baş verən insidenti – təyyarəmizin Rusiya hava hücumundan müdafiə sistemləri vasitəsilə vurulmasının “təsadüf” olmasını “anlayan” çıxıb, Rusiya kimi nəhəng dövlətlə ehtiyatlı davranmaq lazım gəldiyi haqda danışıb-düşünüb, Kremldən “üzrxahlıq” istəyir.
Dövlət siyasəti, qonşularla münasibət, dövlət ağlı, uzaqgörənliyi ayrıdır, ekspert, ictimai rəy, cəmiyyətin baxışı tamamilə fərqlidir!
“Dərin dövlət” hansı strategiya ilə, hansı addımlar atıb, atır və atacaq – özü bilər!
Siz niyə “müdrik”cəsinə davranırsınız ki?
Jurnalistlər, bir politoloqun sözləri ilə desək, ömürlərində bir dəfə AZAL-la uçmayanlar tökülüblər efirə, şərhlər, analizlər, təhlillər aparıb, dərhal da “anlayışlı” davranıb, Putinin üzr istəməsi ilə “məsələnin həll oluna biləcəyin”dən bəhs edirlər.
Sanki Putinin, Rusiyanın, Kremlin üzrünə möhtacıq!
Kreml sözçüsü də “günahımız sübut olunarsa, üzr istəyəcəyik” deyə adi bir diplomatik jest belə etmir!
Kənardan necə göründüyümüzün fərqindəsinizmi?
Rusiya faktiki olaraq dəhşətli bir cinayət işləyib: hava limanını bağlamayıb, ora yaxınlaşan AZAL təyyarəsinə iki dəfə enməyə izn verməyib, amma enişə izn verməməsinin səbəbini də açıqlamayıb, təyyarəni təhlükəli ərazidən uzaqlaşdırmayıb, xəbərdarlıq etməyib, başqa limana yönəltməyib. Əvəzində AZAL təyyarəsi dövrə vurub, üçüncü dəfə hava limanına eniş üçün qayıdarkən “Pantsir” zərbəsi endirilib; bunun ardınca isə yaxınlıqdakı heç bir hava limanına enməyə imkan verməməklə, Rusiya hava məkanından qovulub, insanlar ölümə tərk edilib!
Qroznı qülləsində oturanlar və onlara komanda verənlər təyyarədə rus vətəndaşların olmasını veclərinə belə almayıblar – zatən bu ölkə öz vətəndaşlarının qədrini bilmir, heç vaxt bilməyib, bilməyəcək də! Rusiya imperiya ambisiyalarına hər zaman öz insanlarını qurban verib və bu ölkədə sovet vaxtından insanın qiyməti “72 qəpik” olub – gənclər bu barədə sovet dövrünü görmüşlərdən soruşa bilərlər.
Bu, mülki təyyarəyə qarşı aktdır, onlarla insanı ölümə atmaqdır!
Rusiya hələ araşdırma aparmır; Çeçenistan hadisəni aydınlaşdırmaq üçün komissiya yaratmayıb; bu hadisəyə məsul şəxslər istintaqa cəlb edilməyib və Azərbaycana istintaq aparılması, mütəxəssislərin göndərilməsi üçün müraciət edilməyib!
Rusiya Azərbaycana qarşı “strateji müttəfiq” kimi davranmayıb və düşünüb ki, rəsmi Bakı bu cinayətin ört-basdır edilməsində rol alacaq, hətta buna borcludur!
Yalnız Prezident İlham Əliyev Sankt-Peterburqa eniş ərəfəsində hadisə haqda məlumat alan kimi geri dönəndən; təyyarədə ikən tapşırıq və göstərişlər verəndən; yalnız İlham Əliyev bu xalqın heç bir fərdinin alver predmeti olmadığını və olmayacağını böyük iradəsi ilə ortaya qoyandan, matəm elan edəndən sonra vəziyyət dəyişdi!
Bir anlıq düşünün: Qaraheybət faciəsində bu ölkənin neçə zabiti həlak oldu? Nə qədər böyük faciə idi? O zabitlərin yetişməsi üçün neçə il, onil lazım idi?
Ancaq Azərbaycan matəm elan etmədi – çünki qəza idi, ölkə daxilində baş verən hadisə idi!
Ancaq indi İlham Əliyev səfərdən yarımçıq geri qayıdır və dərhal da matəm elan edir!
Mənzərəni təsəvvür edirsinizmi?
İlham Əliyev Azərbaycana qayıdana və müşavirə keçirənə qədər “5-ci kolon” ayrı hava çalırdı – xatırlayırsınızsa!
Bu ölkənin mediada olanlarının, politoloqlarının, ictimai xadimlərinin, elə dövlət məmurlarının da heç də hamısı İlham Əliyevin nə boyda olduğunu, nəhəngliyinin miqyasını təsəvvür etmir!
Heç İlham Əliyevin miqyasını, iradəsini, dövlət ərkanını və dövlətin, xalqın, xalqının bircə vətəndaşının belə ləyaqətini qorumaq üçün hər şeyi etməyə hazır olduğunu, deyəsən, qonşu ölkələrdən bəziləri də anlaya bilmir!
Yüz minlərlə insanı ət maşınına göndərənlər əlbəttə ki, İlham Əliyevin 25 vətəndaşına görə “hər şeyə yenidən baxmağa” hazır olduğunu təsəvvür etməzlər!
Özümüzü Şuşaya, Xankəndiyə, bütövləşmiş Azərbaycana layiq aparmağı, İlham Əliyevin həcminə uyğun davranmağı öyrənmək üçün çox gecikirik!
Rusiyadan heç bir üzr xahişi yoxdur, tələb var:
Rusiya istintaq qrupu yaratmalı, ora Azərbaycan mütəxəssisləri cəlb edilməli, günahkarların hamısı son nəfərinə qədər həbs edilməli, bütün olay gün işığına çıxarılmalıdır, yalnız bundan sonra beynəlxalq tələblərə uyğun öhdəliklər yerinə yetirilməlidir!
Əks halda Azərbaycanın hansı tədbirlər ala biləcəyini kimsə düşünə bilir, yoxsa doğrudan da Rusiyaya xəritədə baxıb, “dostluqdan başqa çarə olmadığını” fikirləşməyə davam edir?
Azərbaycan beynəlxalq hüquqa uyğun addımlara başlayarsa, Avropanın və ABŞ-ın Bakıya necə dəstək verəcəyini və bundan öz məqsədləri üçün necə istifadə edəcəyini təxmin edə bilərsiniz – necə ki, ABŞ artıq “yardım etmək istəyində” olduğunu rəsmi Bakıya rəsmən çatdırdığını deyir!
Azərbaycan NATO-nun ən qüdrətli ikinci ordusunun himayəsi altındadır: kimsə Azərbaycana qarşı heç bir təşəbbüsə cəhd edə bilməz!
Türkiyə məhz buna görə bu gün mütəxəssislərini Bakıya göndərir!
Hakan Fidan məhz buna görə ötən gün meydanoxuyurcasına açıqlama verdi!
Azərbaycan Cənubi Qafqazın taleyini həll edən regional aktordur və Rusiya hələ də Cənubi Qafqazda boy göstərirsə, bu yalnız Azərbaycanın şimal qonşusunun da maraqlarını nəzərə almasına görədir!
Azərbaycana Qərbin bütün təzyiqləri, şərləmələri, böhtanları məhz qonşularının maraqlarına hörmət etməsinin nəticəsidir. Azərbaycan ona görə qonşularına hörmət edir ki, qarşılıqlı sayğı görsün, etinasızlıq, vassal kimi davranmaq, Azərbaycanla İnquşetiya kimi əlaqə qurmaq yox!
Kremlin Peskovun dili ilə aşağılayıcı tərzi artıq bütün sədlərin keçilməsidir!
Ona görə kənardan yalvarmaq kimi görünən ritorikanı bitirin!
Tarix
2024.12.28 / 15:03
|
Müəllif
Şeyx Teymur
|