İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin növbəti ifadəsidir. Bu layihənin təkcə sosial-iqtisadi deyil, siyasi əhəmiyyəti də böyükdür. Strateji müttəfiqlər olan Azərbaycanla Türkiyə bütün məsələlərdə daim bir-birinin yanında olduqlarını nümayiş etdirir.
Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.
Deputat bildirib ki, Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında keçirilən açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi də layihənin önəmini təsdiqləyir:
"Dövlət başçıları tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq hər iki ölkə arasındakı əlaqələr bütün sahələr üzrə daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Azərbaycan-Türkiyə əlaqələrinin uğurla inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir".
Millət vəkilinin sözlərinə görə, açılış məsələsində Prezident İlham Əliyevin Zəngəzur məsələsinə toxunması xüsusi vurğulanmalıdır:
"Dövlət başçısının dediyi kimi, Naxçıvan bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərib. Xüsusilə Birinci Qarabağ savaşında torpaqlarımızı işğal edən Ermənistan Naxçıvanı da blokadaya aldı. Münaqişədən əvvəl isə keçmiş sovetlər dövründə Azərbaycanın əsas hissəsi ilə kommunikasiya əlaqələri var idi. 44 günlük Vətən müharibəsinin yekunu olaraq imzalanmış üçtərəfli bəyanatda Naxçıvanla kommunikasiyaların bərpası da öz əksini tapır".
Samir Vəliyev qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın öhdəliyidir. Lakin Ermənistanın məqsədi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanın bərpasına mümkün qədər əngəl olmaqdır:
"Lakin rəsmi İrəvan bu layihənin gerçəkləşməsinin qarşısını almaq iqtidarında deyil. Nəzərə almaq lazımdır ki, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının 9-cu bəndində bu məsələ öz əksini tapır. Buradan göründüyü kimi, indiki Ermənistanın ərazisində yerləşən Zəngəzurdan hərəkət maneəsiz olmalıdır".
Millət vəkilinin sözlərinə görə, regionda kommunikasiyaların bərpası təkcə Azərbaycan üçün deyil, bütün ətraf ölkələr üçün böyük önəm kəsb edir:
“İlk növbədə, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Bununla da Naxçıvanın 30 ildən çox davam edən blokadasına son qoyulacaq. Eyni zamanda, dəhliz fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm həlqə təşkil edəcək. Ermənistan bu məsələni uzatmamalıdır. Nəzərə almaq lazımdır ki, Zəngəzur sovetlər qurulan zaman Ermənistana qanunsuz olaraq verilib. Bu torpaqlar tarixən azərbaycanlılara məxsusdur. Bu gün həmin soydaşlarımızın Qərbi Zəngəzura qayıtmaları onların fundamental hüquqlarından biridir”.