İyunun 1-də BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının
Cenevrədəki baş qərargahında Azərbaycan Respublikasının Cenevrədəki
BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi
nümayəndəsi Vaqif Sadıqov ilə BMT-nın Qaçqınlar üzrə ali komissarı
Filippo Qrandi arasında görüş keçirilib.
Nümayəndəlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan
ilə BMTQAK arasında münasibətlərin mövcud vəziyyəti və gələcək
inkişaf perspektivləri, iki tərəf arasında mövcud olan uğurlu
əməkdaşlığın daha da gücləndirilməsi və genişləndirilməsi barədə
fikir mübadiləsi aparılmışdır. Daimi nümayəndə V.Sadıqov
Azərbaycana qarşı Ermənistanın hərbi təcavüzün qurbanları olan
çoxsaylı qaçqın və məcburi köçkünlərin humanitar problemlərinin
həlli istiqamətində BMTQAK-ın ölkəmizə göstərdiyi dəstək və
yardıma, eləcə də onun ümumilikdə Azərbaycandakı fəaliyyətinə görə
ali komissar F.Qrandiyə Azərbaycan höküməti adından təşəkkürünü
bildirmişdir.
Daha sonra V.Sadıqov ali komissar F.Qrandiyə
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamasalınma
prosesinin hazırki vəziyyəti, aprel ayında Ermənistan tərəfindən
atəşkəsin genişmiqyaslı pozulması halları haqqında məlumat təqdim
etmişdir.
F.Qrandi münaqişə bölgəsində mövcud olan humanitar vəziyyətin
BMTQAK tərəfindən müşahidə olunmasını bildirmiş, bu qurum ilə
Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu qeyd
edərək gələcəkdə də ölkəmizlə əməkdaşlığın inkişaf etdirilməsinə
ümidvar olduğunu ifadə etmişdir.