Azərbaycan Prezidenti İlham Əliyev Baş prokurur vəzifəsinə yenidən Kamran Əliyevin namizədliyini irəli sürüb.
Axar.az Kamran Əliyevin dosyesini təqdim edir:
Kamran Əliyev 1965-ci ilin noyabr ayının 18-də Balakən şəhərində anadan olub. 1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra, təyinatla prokurorluq orqanlarına işə qəbul olunaraq, Rusiya Federasiyasının Zabaykalye Nəqliyyat Prokurorluğunun Çita Nəqliyyat prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor təyin edilib.
Sonra həmin prokurorluqda və Zabaykalye Nəqliyyat Prokurorluğunda böyük müstəntiq vəzifəsində işləyib. 1990-1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili alıb, eyni zamanda, həmin müəssisədə elmi işçi vəzifəsində işləyib. O, 1993-cü ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək, hüquq elmləri namizədi elmi dərəcəsini alıb.
K.Əliyev köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi idarəsinin rəisi, 2007-ci ildən isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifələrində çalışıb.
Azərbaycan Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib. Baş Prokurorluğun Kollegiyasının sədri, Hüquq elmləri üzrə fəlsəfə doktorudur. Prezidentin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı”, 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib. Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidentidir.
Həmçinin o, Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvüdür, habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Milli Koordinatorudur. K.Əliyev Prezident İlham Əliyevin 01 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş prokuroru təyin olunub.
Ona Azərbaycan Respublikası Prezidentinin 23 Noyabr 2021-ci il tarixli Sərəncamı ilə I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Ailəlidir, iki övladı var.