Hələ işğalçı ölkənin baş
naziri olduğu zamanda ABŞ-a səfər edən Serj Sərkisyan erməni
diasporu ilə görüşdə Ermənistanı xristianlığın Şərqdə "ən son
qalası" adlandırmışdı. Əslində, bu, S.Sərkisyanın prezident olarkən
prioritetlərini açıqlaması, özünü xristian idealları uğrunda
mübariz kimi qələmə vermək istəməsindən irəli gəlirdi.
Sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsi başladığı ilk illərdən
Ermənistan xristian ölkələrində bu müharibəyə dini münaqişə donu
geyindirməyə, xristian-müsəlman qarşıdurması kimi təqdim etməyə can
atıb. Bəzi radikal xristian klubları, Böyük Britaniya Lordlar
Palatasının üzvü, baronessa Koks kimi islamafob siyasi xadimlər
bütün bu illər ərzində məhz Ermənistan ideoloqlarının hazırladığı,
"əzabkeş xristian xalqı" haqda mifi Qərbdə tirajlamaqla məşğul
olublar. Eyni zamanda "ən qədim xristian xalqı"na maddi və hərbi
yardım kampaniyaları da bəzən açıq xarakter alır.
S.Sərkisyan və Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan
Avropa rəsmiləri ilə görüşdə özlərini müsəlman dövlətlərinin
əhatəsində göstərir, bunu çox riskli hal kimi təqdim edirlər.
Ermənistan rəhbərliyi iddia edir ki, onlar bu çətin coğrafi
vəziyyətdə xristian dəyərlərini müdafiə edirlər. Eyni zamanda
Ermənistan rəsmiləri öz çirkin niyyətlərini pərdələmək üçün
beynəlxalq arenada cəhdlər göstərir ki, müsəlman ölkələri ilə sıx
əlaqələr qursun. Qəribə olan isə bu cəhdlərinin kifayət qədər
"uğurlu" nəticələr əldə etməsidir.
Azərbaycan ərazisində 1 milyondan çox müsəlman –şiəni doğma yurd
yuvasından didərgin salmış, müsəlman-şiə torpaqlarını işğal etmiş
Ermənistanın xarici işlər nazirinin Tehranda xüsusilə isti qəbula
layiq bilinməsini, Həsən Ruhaninin erməni həmkarına İrəvana səfər
edəcəyi barədə vəd verməsini təsadüfi saymırıq.
Azərbaycan tərəfi həmişə beynəlxalq hüquqa, sivil dünyanın
qaydalarına əsaslanaraq öz ərazi bütövlüyünün bərpası, işğal
olunmuş torpaqlarının azad olunmasına çalışır. Bu zaman daha çox
"işğalçını sülhə məcbur etmə" taktikası yürüdülür. Azərbaycan qonşu
dövlətlərin, o cümlədən qonşu və dindaş İranın da beynəlxalq hüquqa
sahib çıxacağını gözləyir.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) artıq dəfələrlə Ermənistanın
təcavüzünü pisləyən qətnamələr qəbul etmiş, Dağlıq Qarabağın
işğaldan azad edilməsinin Qüds problemi qədər İslam dünyasının ən
ümdə problemlərindən bir kimi təsbit edib. Sözügedən qətnamələrdə
Azərbaycanın işğal edilmiş ərazilərində tarixi dini abidlərin,
məscidlərin, məzarlıqların darmadağın edilməsi faktı nəzərə
çatdırılır, İƏT-ə üzv ölkələri Ermənistanla iqtisadi əlaqələrə son
qoymağa çağırılır. Ermənilər tərəfindən törədilən vandalizm aktları
ATƏT-in bölgəyə göndərdiyi faktaraşdırıcı missiyasının hesabatında
da öz əksini tapıb. Yada salmağı vacib bilirəm: Bu dini abidlər hər
hansı başqa dinə aid deyil, məhz İslama, həm də İranda rəsmi dini
doktrina sayılan şiə məzhəbinə mənsubdur. Bu yaxınlarda Qarabağın
ən böyük şiə dini abidələrindən olan Ağdam məscidinin ermənilər
tərəfindən hərbi qərargaha çevrilməsi haqda xəbər İranda nədənsə
sükutla qəbul edildi. 1992-ci ildə Qarabağın incisi Şuşadakı
Gövhərağa məscidinin talan edilməsi də beləcə sükutla
qarşılanmışdı. Fələstindəki, Suriyadakı dini abidlərin taleyinə
həssaslıq göstərən, Zeynəbiyyəni qorumaq üçün açıq savaşa girməkdən
çəkinməyən İran əhalisinin etnik və məzhəbi kimliyi onunla eyni
olan qonşu ölkədəki abidələrin "xristian həməryliyi" adı altında
dağıdılmasına niyə belə biganədir?
Axı, İran özünü həmişə müsəlman həmrəyliyinin tərəfdarı, sevimli
terminləri ilə desək, "müstəzəafın müdafiəçisi" olaraq təqdim edir.
Bəlkə Dağlıq Qarabağın işğalı nəticəsində yurd-yuvasından olmuş,
zülmə məruz qalmış 1 milyondan çox şiə İran üçün geosiyasi maraqlar
naminə qurban edilə bilər?
Təəssüf ki, müsəlman həmrəyliyinin qızğın tərəfdarı İran
müstəqillik illərində Ermənistana 2 milyard dollar məbləğində
yardım edib. Bu, ABŞ-ın etdiyi yardımla müqayisə oluna bilər.
Ermənistanın hər üç prezidenti bir neçə dəfə İranın xilaskar
rolunu qeyd ediblər. Sonuncu dəfə 2008-ci ilin avqust hadisələri
zamanı İran Ermənistana yanacaq və ərzaqla yardım etməsəydi,
Ermənistan dövlət olaraq çox çətin duruma düşəcəkdi. Çünki
Gürcüstan yolu bağlı idi.
Beləliklə, anlaşılmaz bir durum yaranır: Azərbaycan İranı
beynəlxalq təcriddən, təzyiqlərdən xilas etmək naminə mümkün olan
risklərə nəzərə alaraq addımlar atır, İslam dünyasının əsas qurumu
olan İƏT-in rolunun gücləndirilməsi, müsəlman həmrəyliyinin
artırılması, müsəlman sivilizasiyasının qorunması üçün addımlar
atır, islamafobiyaya qarşı beynəlxalq səviyyədə mübarizənin ən ön
sıralarında yer alır, ikitərəfli və çoxtərəfli əməkdaşlıq
formatlarını reallaşdırmaq üçün İrana kreditlər təklif edir, onun
təkidi ilə hətta Ermənistanın işğalı altında olan ərazisində
Xudafərin su elektrik stansiyasının tikintisinə razılıq verir,
qarışlığında isə açıq şəkildə işğalçıya dəstək faktı ilə üz-üzə
qalır. Belə halda Azərbaycan öz əməkdaşlıq formatlarını yenidən
nəzərdən keçirməyə, məhz müsəlman-şiə həmrəyliyi naminə
ehtiyatlılıq göstərdiyi yeni əməkdaşlıq formatlarını reallaşdırmağa
haqlıdır.