ABŞ-ın təklifi ilə Vyana
görüşündə qəbul edilən Qarabağ münaqişə zonasında hadisələrin
araşdırma mexanizmlərinin quraşdırılması təxirə salınır. Buna səbəb
isə mexanizmlərin quraşdırılması üçün vasitəçilərdə lazımi maliyyə
vasitəsinin olmamasıdır.
Publika.az xəbər
verir ki, bu barədə "Aykakan jamanak" qəzeti yazıb.
Qəzet qeyd edir ki, sözügedən mexanizmlərin quraşdırılması üçün
kifayət qədər böyük vəsaitlər lazımdır.
"Buraya xüsusi mexanizmin quraşdırılması və daimi nəzarət
daxildir. Artıq hakimiyyətdə də qəbul ediblər ki, mexanizmlər bu il
quraşdırılmayacaq. Güman ki, maliyyə məsələsinin həlli də uzun
zaman alacaq. Prezidentlərin iyunun 20-də Sankt-Peterbuqrda
keçiriləcək görüşündə də yəqin ki bu məsələ ümumiyyətlə müzakirə
olunmayacaq", - qəzet yazıb.
Qeyd edək ki, Qarabağda atəşkəsə nəzarət mexanizminin
yaradılması təklifini erməni lobbisinin fəal üzvlərindən olan
konqresmenlər Ed Roys və Eliot Engel irəli sürmüşdü. Onlar
Azərbaycanın cəzalandırılması üçün hətta Obama Administrasiyasına
müraciət də etmişdilər.
Roys-Engel ideyasına görə, qoşunların təmas xəttində snayperlər
geri çəkilir, təmas xətti boyunca hücumların mənbəyini
müəyyənləşdirmək üçün müasir atəş lokatorları və səs avadanlıqları
yerləşdirilir, atəşkəs rejiminin pozulması ilə bağlı nəzarəti
yaxşılaşdırmaq üçün təmas xəttinə ATƏT-in əlavə müşahidəçiləri cəlb
edilir.
Azərbaycanla yanaşı, Rusiya da bu ideyaya qarşı çıxıb. Çünki
bunun qəbul edilməsi Azərbaycanın öz ərazi bütövlüyünün bərpası
üçün müharibə etmək hüququnu əlindən alır.
Qarabağda atəşkəsə nəzarət mexanizminin quraşdırılması, müşahidə
missiyası əməkdaşlarının sayının artması ABŞ-ın münaqişə üzərində
təşəbbüsü ələ alması ilə də nəticələnə bilər. Bu da Rusiyanın
maraqlarına uyğun deyil.
Apreldə "dördgünlük müharibə"dən sonra mayın 16-da Vyanada
keçirilən Qarabağ görüşündə nəzarət mexanizminin quraşdırılması ilə
bağlı razılıq əldə olunduğu deyilirdi. Bunu xüsusilə İrəvan
qabardırdı. Çünki aprel döyüşündən sonra Serj Sərkisyan
danışıqların bərpası üçün irəli sürdüyü şərtlərdən biri məhz bu
idi. Lakin indi mexanizmlərin quraşdırılması üçün maliyyə
vəsaitinin yoxluğu iki ehtimalı önə çıxarır.
1. Maliyyə vəsaitinin yoxluğu məsələsi Ermənistanın qarşısına
səbəb kimi qoyulan bəhanədir. Qərb Vyanada dəstəklədiyi bu plandan
imtina edib və topu Rusiyaya tərəf ötürüb.
2. Sankt-Peterburqda keçiriləcək görüş əvvəlcədən Qərblə
razılaşdırılıb. Ermənistanın ümid etdiyi atəşkəsə nəzarət mexanizmi
məsələsindən ümumiyyətlə imtina olunub və münaqişənin həlli planını
Rusiya diktə edəcək. Məlumatlara görə, Rusiya görüşə 2011-ci ildə
qəbul olunmuş "Kazan düsturu" ilə gəlir. Bu da ilkin mərhələdə
Qarabağ ətrafı rayonlardan 5, yaxud 6-sının qaytarılmasını nəzərdə
tutur.