Rusiyanın moderatorluğu ilə
keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə
bağlı erməni təhlilçilərdən Moskva əleyhinə qəzəbli yazılar
gəlməkdə davam edir.
Təhlilçilərin rəylərindən belə güman etmək olar ki, Ermənistanda
Rusiyaya qarşı kin gündən-günə artmaqdadır.
Ermənilər aprel müharibəsində Rusiyanın bir neçə günlük susqun
davranışını və onların tərəfində müdaxilə etməməsini bağışlaya
bilmirlər.
Hətta ruspərəst yazarların fikrində də Moskvaya qarşı əvvəlki
"sevgi" nidaları sezilmir.
Axar.az musavat.com-a istinadən xəbər verir ki, bununla bağlı
erməni təhlilçi Akop Badalyan erməni mətbuatında "Sankt-Peterburqun
ilk yekunları və sabitliyin qiyməti" yazı dərc edib.
Badalyanın fikrincə Əliyev-Putin-Sərkisyan görüşündən sonra əsas
müddəası Rusiyanın bayrağı altında yeni görüşlər silsiləsinin
başlanacağı olan bəyanat qəbul edilidi. Bu silsilə ATƏT tərəfindən
də legitimliyini qazanıb.
Erməni politoloq bunu məntiqsiz sayır. Çünki onun fikrincə həm
Minsk Qrupunun həmsədrləri, həm də Avropa Birliyi Rusiyanın
təşəbbüsü ələ almasına razı olmamalı idilər:
"Hər halda Rusiya təşəbbüsü əldən vermədi. Vyana görüşündən
sonra ona koordinatorluq funksiyası verildi. Vyanada yeni qaydalar
müəyyənləşdirildi ki, onun aparıcılığı Rusiyaya həvalə edildi.
Lakin bu o demək deyil ki, bu qaydalar Rusiyanın özü tərəfindən
pozulmayacaq. İndi nə Rusiyanın, nə də Rusiyanın partnyoru
Azərbaycanın artıq resursları qalmayıb və onlar Vyana qaydalarına
oynamağa borcludurlar. Bu o deməkdir ki, Rusiya Azərbaycanla
Ermənistan arasında paritet qurmağa məcburdur, çünki əks halda o
"sülh" ü koordinə edə bilməz".
Erməni analitikin fikrincə, Vyanadan sonrakı situasiya
rus-erməni ittifaqının sonunu anons edir.
"Bunu elə Putin və Sərkisyanın görüşündə açıq sezmək olar, çünki
ilk dəfə hər iki prezident tamamilə ayrı-ayrı gündəlikdəki
məsələlərdən danışdılar", - o, bildirib.
Erməni analitikin fikrincə lakin de-yure münasibətlər əvvəlki
axınında davam edir: "Bu, Moskvanın manevrləri və Ermənistanın
qollarına vurulan qandalların təminatıdır".
Erməni politoloq Vyanadan sonrakı situasiyanın Ermənistana daha
geniş xarici siyasət yürütmək imkanı açdığını, lakin bu imkanların
"Rusiya-Ermənistan" ittifaqı tərəfindən məhdudlaşdırıldığını
düşünür.
Akop Badalyan bu səbəbdən Rusiya-Ermənistan münasibətlərinin
yenidən gözdən keçirilməsinin vaxtının çatdığı düşüncəsindədir.
Badalyan Ermənistan hökumətini bu səbəbdən süst davranmaqda və
heç bir tədbir görməməkdə günahlandırır:
"Sabitlik yüksək dəyərə malikdir və bütün qalan məsələlərin, o
cümlədən Ermənistanın və Azərbaycanın daxili problemlərinin bundan
asılı olacağı istisna edilmir. Bundan başqa yeni situasiya
Ermənistana islahatlar aparılması və sistemin şəffaflaşdırılması
yolunda istifadə edilmək üçün yeni imkanlar aça bilər. Məhz bu
sabitliyə görə kimin nə qədər ödəyəcəyini müəyyən edəcək".